Yay fasiləsindən sonra uşaqlar yenidən məktəbə qayıdırlar. Dərs mövsümü başlamazdan öncə Kaspersky mütəxəssisləri balaca azərbaycanlıların daha çox hansı saytlarla maraqlandığını, məktəblilərin internetdə hansı təhdidlərlə üzləşə biləcəyini aydınlaşdırıb, həmçinin onları internetdəki təhlükələrdən necə qorumaq barədə tövsiyələr verib.
Kaspersky Safe Kids həllinin 2020-2021-ci illər üçün Azərbaycan üzrə anonimləşdirilmiş statistik məlumatlarına görə, 2021 -ci ildə Azərbaycanda uşaqlar müxtəlif proqramlar yükləyə, musiqi dinləyə və film izləyə biləcəkləri saytlara baş çəkirlər (ümumi veb səhifə ziyarətlərinin 52%-i). Eyni zamanda son bir il ərzində bu tip ziyarətlərin sayında hətta artım müşahidə olunub (2020-ci ildə cəmi 42% idi). Bu ilki veb sayt ziyarətlərinin təxminən 22%-i sosial şəbəkələr və çatlar kimi müxtəlif onlayn ünsiyyət platformalarının payına düşür. Bu saytlarda onlayn gəzişmələr də keçən illə müqayisədə 11% artıb.
Oyunlar da prioritetdir: bu kateqoriyadan olan saytlar ziyarətlərin sayına görə (bu il və keçən ilin hər birində 12%) ilk üçlüyü tamamlayır. Bundan əlavə, uşaqlar onlayn mağazaları və bazarları (marketplace) da ziyarət etməyi (6%), xəbərləri axtarmağı və oxumağı (5%) da sevirlər. Buna baxmayaraq, bu fəaliyyətlərin bir qismi gənc istifadəçilər üçün təhlükəli ola bilər.
Şirkətin apardığı sorğunun nəticələrinə görə, bir çox məktəbli sosial şəbəkələrdə yeni insanlarla tanış olduğunu və tanımadığı adamlardan dostluq dəvəti aldığını etiraf edir. Bəzən bu cür təkliflər gerçək yaşı məktəb yaşından dəfələrlə fərqli olan insanlardan gəlir. Bir uşaqla intim münasibət qurmaq və ya onu şantaj etmək üçün qurulan “dostluq”lar ciddi təhlükə mənbəyidir.
Bu təhlükənin xüsusi bir adı var – internetdə süni etibar qazanma (internet-grooming). Tanışlıq ən çox uşağın həmyaşıdı tərəfindən çatda, forumda və ya sosial şəbəkədə yaradılır. Şəxsi ünsiyyət qurarkən təcavüzkar uşağın güvənini qazanır, görüş təyin etməyə çalışır və ya şəxsi xarakterli fotoşəkillər və ya videolar göndərməyə meylləndirir.
Gerçək dünyada olduğu kimi məktəblilər internetdə də təcavüz və hətta təkib ilə üzləşə bilərlər. Bu fenomenə “kiber qısnama” (cyberbullying) deyilir. O, öz təhlükəsinə görə məktəbdə və ya həyətdəki qısnamalardan geri qalmır, çünki uşaq hər dəfə internetə daxil olduqda, yəni evdə də onun təzahürlərindən əziyyət çəkir.
Bəzən uşaqlar şəbəkədə özləri haqqında çox məlumat yerləşdirərərək, mobil nömrələrini, məktəb nömrələrini açıq bildirərək, coğrafi işarələmələr edərək və şəkillər yükləyərək təcavüzkarlar üçün aktiv şəkildə boşluqlar açırlar. Bu fenomen “həddən artıq məlumat paylaşımı” (oversharing) adlanır. Onun təhlükəsi həddən artıq açıq məlumatların fırıldaqçılar və digər pis niyyətli insanlar tərəfindən istifadə edilə bilməsidir.
Məktəblilərin təəssüratlarını öz dostları ilə bölüşmək istəyi olduqca başa düşüləndir, ancaq uşağın hara getdiyini və harada olduğunu hər bir ailə üzvü bilməlidir, axı, məsələn, evdə çəkilmiş fotoşəkillərdən təcavüzkarlar ailənin maddi vəziyyət səviyyəsini, səfərlər barədə selfi və coğrafi işarələmədən isə evdə heç kimin olmadığı vaxtı öyrənə bilərlər.
“İstənilən internet istifadəçisi kimi, uşaqlar da şübhəli bir linkə kliklədikdə və ya zərərli bir faylı açdıqda fişinq, spam və ya zərərli proqramlarla üzləşə bilərlər. Məktəblilərə bu cür vəziyyətlərin qarşısını almağa kömək etmək üçün, valideynlər və müəllimlərə kiber təhdidlər və kiber gigiyenanın əsas qaydaları barədə danışmaq lazımdır: sosial şəbəkə və messencerlərdəki şübhəli linklərə keçid etməyin, hesablar üçün mürəkkəb şifrələr düşünün və onları vaxtaşırı dəyişin, özünüz haqqında çox məlumat paylaşmayın, filmləri və proqramları şübhəli mənbələrdən yükləməyin, şübhəli yadlarla ünsiyyət qurmayın”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky uşaqların şəbəkədə qorunması üçün valideynlərə əsas qaydaları xatırladır:
– uşağınızın interneti mənimsəməsinə kömək edin: sosial şəbəkələrdə, poçtda, oyun xidmətlərində onunla birgə hesab yaradın, maraqlı video, kitablar və yoxlanılmış məlumatları harada axtarmaq, musiqiyə necə qulaq asmaq lazım olduğunu göstərin;
– onlayn təhdidlər barədə qorxutmadan, aydın dildə başa salaraq məlumat verin;
– əsas davranış qaydalarını razılaşdırın: məsələn, birgə yemək zamanı qadcetdən istifadə etməsin, yalnız razılaşdırılmış vaxtda onlayn oyunlar oynasın, saat 22.00-dan sonra telefonla oynamasın. Bu qaydalara bütün ailə üzvləri riayət etsələr daha yaxşı olar, çünki uşaqlar bir çox şeylərdə böyüklərdən nümunə götürür;
– uşağınıza izah edin ki, əgər qısnamaya məruz qalsa, bunda onun günahı yoxdur və həmin vəziyyətdə özünü necə aparmaq barədə xəbərdarlıq edin: qısnamaya cavab verməsin, onu incidənləri “qara siyahı”ya atsın, onlar barədə sosial şəbəkə administratorlarına şikayət etsin, valideynlərinə desin;
– əgər uşaq ilk cihazını əldə edib və rəqəmsal dünyanı yeni tanımağa başlayırsa, məsələn, Kaspersky Safe Kids kimi xüsusi valideyn nəzarəti proqramı yükləyin və bu barədə onu mütləq xəbərdar edin.