vALIDEYN

“Uşaqları leylək gətirir” nağılı – ARAŞDIRMA

Baxış sayı: 1. 037

Yadımdadır, uşaq vaxtı ailəvi film izləyərkən bəzi kadrlarda valideynlərim dərhal ya kanalı çevirirdilər, ya da mənə “gözünü bağla” deyirdilər. Açığı, bu, mənə çox maraqlı gəlirdi. Düşünürdüm ki, görəsən, həmin kadrlarda nə var ki, onu izləməyə qoymurlar? Bu dediklərim təxminən 20 il əvvəl baş vermiş hadisələrdir.

20 ildə çox şey dəyişsə də, uşaqların cinsəlliyə olan marağı və valideynlərin buna reaksiyası dəyişməyib. Dəyişən tək nüans uşaqların bu cür kadrları televiziyada deyil, internetdə izləməsidir. Belə ki, bu yaxınlarda bir rəfiqəm 7 yaşlı oğlunun planşetdə 18+ kadrları izlədiyini görüb. Həmin an nə reaksiya verəcəyini bilməyən ana dərhal planşeti uşağın əlindən alaraq, bu cür kadrlara baxmağı qadağan edib.

Məlum məsələdir ki, bu situasiya ilə sadəcə rəfiqəm yox, bütün valideynlər rastlaşır. Açığı, o, mənə bu barədə deyəndə maraqlı gəldi ki, bu cür hallarda uşaqla necə davranmalı, onun suallarına necə cavab verilməlidir?

 

O sual bir gün soruşulacaq

Türkiyəli psixoloq Serap Duyğulu mövzu ilə bağlı məqaləsində uşaqların valideynlərinə ən çox ünvanladıqları suallardan danışıb. O qeyd edir ki, uşaqlar verdikləri suallara dərhal cavab almaq istəyərlər və bu sualları valideynlərin gözləmədikləri anda verərlər: “Mən necə oldu doğuldum?” “Uşaq ananın qarnında necə yaşayır, oradan necə çıxır” kimi suallar ən çox verilənlər arasındadır. Təəssüf ki, valideynlərin əksəriyyəti bu suallara cavab verməkdə çətinlik çəkirlər, çünki hazırlıqlı deyillər. Əslində, bu suallar qəribə qarşılanmamalıdır. Müasir dövrdə bütün sahələrdə baş verən irəliləyiş uşaqların da inkişafında müşahidə edilir. Bu kimi nüansları nəzərə alaraq deyə bilərik ki, uşaq böyütmək həqiqətən də çətin işdir. Valideynlik dünyanın ən məsuliyyətli, ən çətin peşəsidir. Ona görə uşaqların hərtərəfli məlumatlı yetişməsində valideynlərin rolu böyükdür. Amma nədənsə, onların böyük əksəriyyəti uşaqlarının bu mövzuda sual verməyindən qorxur. Çünki nə cavab verəcəklərini bilmirlər. Hər bir valideyn nə vaxtsa o sualın veriləcəyini nəzərə alaraq, bu mövzuda özünü inkişaf etdirməli, müəyyən məlumatları toplamalıdır. Çünki hansısa cavab uşağın gələcəkdəki cinsəl həyatının inkişafına təsir edə bilər”.

 

Uşaqları leylək gətirir yalanı

Psixoloq bildirir ki, valideynlər uşaqları ilə bu mövzuda danışmaqdan qorxmamalıdırlar: “Məsələyə normal yanaşıb, onların başa düşəcəyi sadə dildə izah verməlisiniz. Ümumiyyətlə, müəyyən dövr ərzində uşağın pornoqrafik kadrlarla rastlaşmağını əngəlləmək lazımdır. Bunun üçün televiziya izlədiyi saatları nəzarətdə saxlamalı və internet sisteminə filtr tətbiq edilməlidir. Bəzən valideynlər uşaqların suallarına cavab vermək əvəzinə uydurma hekayələr danışırlar. Məsələn, “uşaqları leylək gətirir” nağılına balacalar artıq inanmırlar. Bu, əksinə uşaqda mənfi emosiya yaradır. Çünki o, valideynin onu aldatdığını düşünür. Son olaraq valideynlərin etdiyi ən böyük səhvlərdən biri də uşaqları ilə eyni yataqda yatmalarıdır. Uşaq müəyyən yaşa çatdıqdan sonra mütləq şəkildə ayrı otaqda, özünə aid çarpayıda yatmalıdır”.

 

İlk valideyndən öyrənmək

Psixoloq Aytəkin Qurbanlı uşaqlara nələrəsə baxmağı qadağan etməyin əksər valideynin atdığı yanlış addımlardan biri olduğunu deyir: “Uşağa nəyisə qadağan etmək yox, onun başa düşəcəyi dildə izah etmək lazımdır. Bu qaçılmaz faktdır ki, biz uşaqları uyğun bilmədiyimiz şeylərdən nə qədər uzaq tutmağa çalışsaq da, onlar əvvəl-axır hansı yolla olursa olsun, həmin məlumatı öyrənirlər. Ona görə də ən yaxşısı hər şeyi ilk valideynlərindən öyrənmələridir. Bunun üçün də valideynlər bu mövzuda məlumatlı olmalı, hansı yaşlarda uşaqların nələrə marağının yarandığını bilməlidirlər”.

 

Uşaq bu tipli suallar vermirsə…

Mütəxəssis qeyd edir ki, bu prosesin konkret yaşı yoxdur, normalda uşaqlar 3-4 yaşında bu mövzu ilə bağlı suallar verməyə başlayırlar: “Əgər övladınız bu tipli suallar verməyə başlayıbsa, demək ki, bu sahədə ona məlumat vermək, suallarını cavablandırmaq lazımdır. Amma uşaq müəyyən yaş dövrünü keçibsə və sual vermirsə, bu zaman narahatlığa ehtiyac var. Uşağın valideyninə sual verməməyinin 2 səbəbi var. Ya uşaq valideynini kifayət qədər özünə yaxın hiss etmir, ya da bu tipli məlumatları başqa şəxslərdən, televiziyadan, internetdən alır. Ona görə valideynlər diqqətli olmalı, bu mövzu ilə bağlı ilk olaraq özləri maariflənməlidirlər. Bunun üçün bir çox vasitələrdən istifadə edə bilərlər. Məsələn, internetdən məlumat toplaya və ya psixoloqdan məsləhət ala bilərlər”.

 

Uşağın başa düşəcəyi dillə izah vermək

Uşaq Psixoloq Nərgiz Süleymanlı uşaqların 6-9 yaş arasında cinsəlliklə bağlı marağının oyandığını və bu mövzuda müxtəlif suallar verdiklərini deyir: “Bu yaş aralığında uşaqların orqanlarına, yaşca özündən böyük uşaqlara və ümumi olaraq böyüklərə marağı oyanır. O, daha çox şey bilmək istəyir. Buna görə də suallar verməyə başlayır. Yaş dövrünə görə bu suallar dəyişir və konkret bir sual tipi yoxdur, deyək ki, konkret bu sualı verəcək. Uşağın cinsəl maariflənməsi üçün ideal yaş 6-9 yaş dönəmi sayılır. Bu dövrdə uşaqlar valideyninə sual ünvanlayırsa, valideyn “ayıbdır”, “yanlışdır” və yaxud gözlərini qaçıraraq kompleks halında cavab verərsə, uşağın maraq duyğusu yanlış basdırılarsa, bu, gələcəkdə daha böyük problemlə onun özünə qayıda bilər. Belə ki, valideynindən yetərli, məntiqli cavab ala bilməyən uşaq özü araşdırır, ondan-bundan eşitdiyi məlumatlara yönəlir və bu, yaxşı hal deyil. Çünki bununla o, yanlış bir yola girmiş olur. Mövzu ilə bağlı uşağın məlumatlandırılmasında ən böyük rolu ana, ata oynayır. Buna görə valideynlər bu barədə çoxlu araşdırma etməli, verilən suallara uşağın başa düşəcəyi dillə necə izah edəcəklərini müəyyənləşdirməlidirlər”.

valideyn

Soruşa bilər ki…

Psixoloq qeyd edir ki, Azərbaycanda elə bir maarifləndirici material toplusu yoxdur ki, valideyn bundan yararlana bilsin: “Biz, daha çox xarici ədəbiyyatlara yönəlirik və hər valideyn də oxuyub öyrəndiklərini realda tətbiq edə bilmir. Burada praktika çox önəmlidir. Mən indi uşaqların ən çox verdiyi suallar üzərindən məsələni izah etməyə çalışacağam. Misal üçün, uşaq soruşa bilər ki, mən necə doğuldum? Necə olur ki, uşaqlar ananın qarnında olur və yaxud anaların qarnı niyə şiş olur? Bu salları uşaqlar daha kiçik yaşlarda verir. 2-3 yaşındakı uşağa bunu məntiqlə izah etmək valideyn üçün bir az çətin olur. Amma böyük yaşlı uşağa deyə bilirsən ki, orda bir uşaq var, anadan qidalanır, ananın qarnında yaşayır və s.”

Həmsöhbətimiz məsləhət görür ki, bu mövzularda oğlan uşaqları ilə ataları, qızlarla isə anaları danışsa, daha yaxşı olar: “Çünki onların orqanları da, cinsəl üzvləri də eynidir. Ananın qız uşağı ilə empatiya qurması və qızın 6-9 yaşında yaranan cinsəlliklə bağlı marağı 9 yaşdan sonra az-az sönməyə başlayır. Amma yeniyetməlik dövründə yenidən qabarır. Bu qabaran dövrə qədər ana-ata gərək uşaqları ilə aralarına sədd qoymasınlar”.

 

18+ bir kadr ekrana gələrsə…

Psixoloq valideynlərin etdiyi səhvlərdən də danışdı: “Bəzən görürük ki, valideynlər uşaqlarla birlikdə oturub kino izləyirlər və ani olaraq 18+ bir kadr ekrana gəlir. Bu zaman oradakı səhnəni görən uşaq maraqla soruşur ki, “onlar nə edirlər?” Suala cavab verə bilməyən valideyn uşağı danlayır, gözlərini bağlatdırır. Əslində, orada ən böyük yanlış uşaqla birlikdə o cür film izləyən valideynindir. Yəni o filmi izləyən ana, ata uşağın bu sualı verəcəyini nəzərə almalıdır. Yaxşı olar ki, uşaq o səhnələri görməmiş olsun. Amma görübsə və artıq valideynlərinə həmin sualı ünvanlayıbsa, belə izah edə bilərlər ki, onlar bir-birilərini çox sevirlər, onun üçün də qucaqlaşırlar. Bununla müəyyən qədər ona cavab vermiş olurlar”.

N.Süleymanlı sözlərinə görə, əgər ata, ana uşaqla arasına baryer qoyubsa, mütəxəssislə məsləhətləşməlidirlər. Mütəxəssisin köməyi ilə aradakı problemi həll etməlidirlər. Çünki bu bir faktdır ki, uşağın cinsəlliklə bağlı travması gələcəkdə onun cinsi həyatına, uşaq sahibi olmasına mənfi təsir göstərir.

Onu da qeyd edək ki, uşaqların cinsi maarifləndirilməsi cinsi istismarın qarşısını almaq üçün çox vacibdir. Çünki onlar cinsi istismara məruz qaldıqda nə baş verdiyini anlamırlar. Ona görə də susurlar. Valideynlərə məsləhət görülür ki, uşaqlarla bu mövzuda necə söhbət edilməsi ilə bağlı məlumat əldə etsinlər, daha sonra övladlarını maarifləndirsinlər. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir