xestelik

Uşaqları payız xəstəliklərindən necə qorumalı?

Baxış sayı: 1. 636

Payız mövsümü, havaların soyuması ilə əlaqədar olaraq uşaqlar arasında soyuqdəymə xəstəlikləri, virus-infeksiyalarının yayılması müşahidə olunur. Təkcə havanın temperaturunun aşağı düşməsi deyil, həmçinin məktəb və bağçaların yenidən fəaliyyətə başlaması, uşaqların, məktəblilərin bir-biri ilə daha çox ünsiyyətdə olması virus infeksiyalarının daha çox şərait yaradır.

 

Bəs uşaqları payız xəstəliklərindən necə qorumalı?

Pediatr Vaqif Qarayev mövzu ilə əlaqədar aşağıdakıları dedi: “Ümumi qorunma üsulları var. Burada əsas geyimdir. Çox qəribədir ki, bizdə geyimə qarşı çox fərqli münasibət var, havanın temperaturu bir qədər aşağı düşən kimi, uşağı həddən artıq qalın geyindirir, ağız-burnunu bağlayırlar. Bu, qətiyyən düzgün deyil, istər isti, istəsə də soyuq havada dəri nəfəs almalıdır. Biz isə uşağı paltara “bükürük”, o da tərləyir və soyuğa tez tutulur. Yəni uşağı havaya uyğun geyindirmək lazımdır. Həmçinin ciddi ehtiyac olmadığı halda uşaqları insanların çox toplaşdığı, xüsusən də qapalı məkanlara aparmaq düzgün deyil. Yəni maksimum çalışmaq  lazımdır ki, uşaq qapalı məkandan uzaq olsun”.

Həkim qeyd etdi ki, xəstəliklərdən uzaq olmaq üçün uşaqların qida rasionuna da diqqət etmək lazımdır: “Adətən payız fəslində bir qədər vitamin çatışmazlığı müşahidə olunur. Bu səbəbdən qida rasionunda meyvə-tərəvəzin olması mütləqdir. Eyni zamanda uşaqlara kalorisi yaxşı olan müxtəlif şorba, ət yeməkləri verilməlidir. Payız həmçinin allergiyanın kəskinləşdiyi mövsümdür. Bunun üçün əgər hansısa qida uşağa allergiya verirsə, həmin qidadan imtina etmək  lazımdır. Bu cür qidalar yumurta, bal ola bilər. Uşaq az miqdarda amma tez-tez qidalanmalıdır. Yaxşı olar ki, gündə bir dəfə isti duş qəbul etsin, bu bədənin möhkəmlənməsi üçün çox vacibdir”.

Vaqif Qarayev xəstə uşaqların evdə qalıb, müalicə almasını tövsiyə edib: “Əgər indi hansısa məktəb sinfinə və yaxud bağçaya getsək orada xəstə uşaqların olduğuna rast gələrik. Burada  əsas məsuliyyət demək olar ki, valideynin üzərinə düşür. Belə olan halda xəstə uşaq başqalarını da yoluxdurur və özü də gec sağalır. Xüsusən də bağça yaşlı uşaqlardan ehtiyatlı olmaq lazımdır. Xəstə uşaq mütləq evdə qalmalı, müalicə almalıdır. Lakin bəzən görürük ki, valideyn işdən, maaşından olmamaq üçün xəstə uşağını bağçaya gətirmək məcburiyyətində qalır. Buna ciddi yanaşmalıyıq.

İndiki viruslar hava damcıları ilə yayılır. Ən əsası, südəmər uşaq olan evə xəstə adam gəlməməli, onunla ünsiyyətdə olmamalı, valideynlər xəstə olduqda isə qoruyucu maskadan istifadə etməlidir. Həmçinin gigiyenik qaydalara mütləq şəkildə əməl etmək lazımdır. Məlum olduğu kimi insanın, xüsusən də uşaqların ən çirkli əzası əlləridir. Bunun üçün də xəstəliklə mübarizə aparmaq istəyiriksə gün ərzində onların əllərini tez-tez yumalıyıq”.

 

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir