kokelmek

Uşaqları piylənmədən necə qorumalıyıq?

Baxış sayı: 2. 182

“Övladlarımın ikisi də artıq çəkidən əziyyət çəkir. Əvvəllər düşünürdüm ki, bu, uşaqlarımın qanında dəmirin, hemoqlobinin çox olması, onların yaxşı qidalanması ilə bağlıdır və çox sevinirdim. Sonra qızımın tez-tez xəstələnməsi səbəbindən qanından analiz verəndə məlum oldu ki, qanı çox aşağıdır. Yalnız bundan sonra köklüyün sağlamlıq deyil, xəstəlik olduğunun fərqinə vardım”.

Bu sözləri bizimlə söhbətində 8 və 11  yaşlı övladları olan Günay Bəbirova deyir. O, bildirir ki, uşaqlarının istəyini nəzərə alaraq, onlara günaşırı şirniyyatlar hazırlayırmış: “Bulka, keks və s. kimi müxtəlif şirniyyatları sevdiklərindən bunları süfrədən əskik etmirdim və uşaqlarımın ağzı az qala hər saat işləyirdi. Pediatra gedəndən sonra qidalanma vərdişlərinin səhv olduğunu bildim. Başa düşdüm ki, onlara şirniyyatdan çox, meyvə yeməyə alışdırmaq lazımdır”.
Təəssüflər olsun ki, bu gün valideynlərin çoxu övladlarının kök olmasını arzulayırlar. Onlara elə gəlir ki, uşaqlarına övladı arıq olan valideynlərdən daha yaxşı baxırlar. Mütəxəssislər isə tam tərsini deyir…

Dünyada və Azərbaycanda statistika

Qeyd edək ki, Fransada son 10 ildə uşaqlarda artıq çəki 5 qat, ABŞ-da isə 1976-cı ildən bu yana iki dəfə artıb. Azərbaycanda da piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. “Trend”in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 min nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 min nəfərinə düşən belə xəstələrin sayı isə 51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib. Rəqəmlərə nəzər yetirsək, Azərbaycanda bir il ərzində uşaqlarda piylənmənin iki dəfədən də çox artdığını görərik. Uşaqlarda “kökəlmə xəstəliyi”nin artmasının səbəbləri nədir və bu xəstəliyi necə müalicə etmək olar?

Sonralar da bu problemdən əziyyət çəkirlər

Uzman dietoloq Ayşən Arıcan deyir ki, artıq çəki vücudda yağ miqdarının normadan çox olmasıdır: “Bütün dünyada köklük cəmiyyətin sağlamlıq problemi olaraq qəbul edilməkdədir və bunun qarşısını almaq üçün çeşidli proqramlar hazırlanıb tətbiq olunur. Təəssüflər olsun ki, dünyada “köklük yaşı” getdikcə aşağı düşməyə və uşaqlar arasında yayılmağa başlayıb. Xüsusilə böyük şəhərlərdə yaşayan uşaqlar bu problemlə daha çox qarşılaşırlar. Uşaq vaxtı müşahidə edilən artıq çəki böyüyəndə rast gəlinən bir çox xroniki xəstəliyə zəmin hazırlayır. Uşaqlıqda köklükdən əziyyət çəkənlərin 20-50 faizi böyüyərkən də bu problemdən əziyyət çəkir. Buna görə də artıq çəki ilə uşaqlıqdan mübarizə aparmaq lazımdır”.

Ana bətnində körpənin qidalanmasına fikir verək

A.Arıcanın sözlərinə görə, uşaqlıqda köklüyün 70 faizinin səbəbi düzgün olmayan qidalanma və hərəkət azlığıdır: “Hamiləlik dövründə ananın qidalanması da uşağın gələcəkdəki sağlamlığına təkan verən amillərdəndir. Hamiləliyində şəkər istehlakı yüksək olan anaların övladlarında köklüyə daha çox rast gəlinir. Körpələrin 0-1 yaş dövründəki qidalanma tərzindən də çox şey asılıdır. Bu dövrdə tətbiq edilən qidalanma tərzi uşağın gələcəkdə yemək vərdişlərinin təməli olacağı üçün çox önəmlidir. İlk  6 ay sadəcə, ana südü ilə qidalanan uşaqlarda artıq çəkiyə daha az rast gəlinir. Kök uşağın sağlam olduğunu düşünən analar onu normasından çox yedizdirir, nəticədə yağ hüceyrəsinin sayı artır və orqanizm köklüyə alışmağa başlayır”.

Genetik faktorlar

Uzman-dietoloq deyir ki, valideynləri kök olan uşaqların artıq çəkidən əziyyət çəkmə riski daha böyükdür: “Amma valideynləri kök olan uşaqların hamısının piylənmə səbəbini genetik faktorlara bağlamaq düzgün deyil. Uşağın yeməyi ailənin qidalanma vərdişlərinə əsasən formalaşır. Normadan artıq yeyən, çox yağlı yeməklərə üstünlük verən valideynlərin uşaqlarının da belə qidalandığını düşünsək, genetik faktorların piylənmədə böyük rol oynamadığını başa düşərik. Uşağa körpə yaşlarından meyvə-tərəvəzin verilməməsi, sonrakı illərdə onun bu qidaları rədd etməsinə və yanlış qidalanma vərdişlərinin yaranmasına səbəb olur. Bu durumun uzun sürməsi nəticəsində uşaqlarda piylənmə yaranır. Valideynlər sağlam qidalanmanın necə olduğunu öyrənməli və bunu evdə tətbiq etməlidir. Çünki uşaqlar sağlam qidalanmanı valideynlərindən öyrənirlər. Uşaqlara “fast-fud” yeməkləri verməməli, yalnız acıdığı zaman və asta-asta yemək vərdişi aşılanmalı, ən əsası isə balalarımıza çox su içməyi öyrətməliyik. 6-18 yaş dövründə uşaqlar makaron və plov kimi karbohidratlarla zəngin qidalara üstünlük verir, tərəvəzlə hazırlanan yeməkləri sevmirlər. Bu səbəbdən valideynlər meyvə-tərəvəzlə zəngin yeməklərin yeyilməsində israr etməlidirlər. Ağ çörək yerinə, buğda çörəyi, ağ undan hazırlanmış makaron yerinə, kəpəkli unundan hazırlanmış makarondan istifadə edilməlidir”.

“Bir yaşına qədər uşaqlara duz, şəkər, ədviyyat verməyin”
 
Dietoloq məsləhət görür ki, ilk 6 ayda övladlarımızın ana südü ilə qidalanmasına diqqət yetirək: “Ana südü ilk 6 ayda uşağın bütün ehtiyaclarını qarşılayan, həzm sisteminə uyğun qidalanmadır. Bir yaşa qədər uşaqlara duz, şəkər, ədviyyat verilməməlidir. Uşaqların şirin qidaları çox sevdiklərini hamımız bilirik. Dövrümüzün problemi olan piylənmə ilə mücadiləyə körpəlikdən başlamalı, balalarımıza şəkər və şəkərli qidalar verməməyə çalışmalıyıq. Uşağa mükafat olaraq şəkər, şokolad kimi kalorisi yüksək qidalar verilməməlidir. Eyni zamanda, cəza verilərkən də hansısa qidanın yasaq edilməsi doğru deyil”.

Uşaqların hərəkət etməsinə dəstək olaq

Pediatr İman Cəlilovun fikrincə, qeyri-düzgün qidalanma kimi, enerjinin düzgün  xərclənməməsi də şişmanlığın ən önəmli səbəblərindəndir: “Bu gün kompyuter oyunları, televiziyada göstərilən cizgi filmləri səbəbindən aktiv oyunlara üstünlük verilməməsi, uşaqların idmana yönləndirilməməsi onların daha az hərəkət etməsilə nəticələnir. Əvvəllər fasiləsiz olaraq cizgi filmləri göstərilən telekanallar olmadığından uşaqlar televiziya qarşısında az olurdular. İndi isə bütün günü yalnız cizgi filmləri göstərən onlarla kanal var. Analar da öz işlərini asanlaşdırmaq üçün uşaqlarını ya televiziya, ya da kompyuter qarşısında oturdurlar. Nəticədə, sakit halda cizgi filmi seyr edən uşaq yeməklə aldığı enerjini xərcləyə bilmir. Bu da piylənməyə gətirib çıxarır. Araşdırmalar göstərir ki, gündə iki saatdan artıq televiziya seyr edən uşaqların 52 faizi artıq çəkidən, 28 faizi isə piylənmədən əziyyət çəkir. Buna görə də valideynlərə tövsiyə edərdim ki, uşaqlarının hərəkət azadlığını məhdudlaşdırmasınlar, onların idman etməsini dəstəkləsinlər. Uşaqlara oyuncaq seçərkən də hərəkətlərini məhdudlaşdıracaq oyuncaqlara üstünlük verilməməlidir”.
Pediatr deyir ki, məktəblərdə də uşaqların hərəkətdə olmasına, enerjilərini çıxarmasına, eyni zamanda sağlam qidalanmasına diqqət etmək lazımdır: “Məktəblərdə uşaqlara oyun və gimnastika ilə məşğul olmaları üçün şərait yaradılmalıdır. Məktəb bufetlərində sağlam qidalar satılmalı, limonad və kola kimi içkilər yerinə sadə su, yaxud mədən suyu təklif edilməlidir”.

Mənəvi aclıq köklüyə gətirib çıxarır

Psixoloq Aydan Kərimovanın sözlərinə görə, mənəvi baxımdan içində boşluq olan uşaqlar yeməyə daha çox meyllidirlər: “Psixologiyada iki cür aclıq var; mənəvi və fiziki. Kök uşaqların bir çoxunun mənəvi dünyasında problem, boşluq olur. Ailəsi, dostları, məktəb onun mənəvi boşluğunu doldurmaq üçün yetərli deyilsə, o, özündə “aclıq” hiss edir və aclığını yeyərək, qarşılamağa çalışır. Nəticədə, hədsiz dərəcədə kalori alaraq, artıq çəkiyə sahib olur. Hədsiz dərəcədə çox yeyən uşaqların bir çoxu sevgi və diqqət azlığı, ailədaxili problemlərdən əziyyət çəkirlər”.
A.Kərimova köklükdən əziyyət çəkən uşaqların psixoloji risk faktorlarının da olduğunu deyir: “Bu cür uşaqlarda özünə güvən aşağı olur, daha çox depressiyaya düşür, özlərinə qapanır və cəmiyyətdən kənarlaşırlar”.

Kök uşaqların risk faktorları

Türkiyədə aparılan araşdırmalar kök uşaqların səhhəti ilə bağlı aşağıdakı risk faktorlarının olduğunu sübut edib. Bəlli olub ki, bu cür uşaqlarda təzyiq və ürək xəstəliklərinə daha çox rast gəlinir. Şəkər xəstəliyinə tutulma, ortopedik problemlərlə qarşılaşma riski daha çoxdur. Eyni zamanda bu cür uşaqların çoxu mədə xəstəliklərindən, qaraciyər yağlanmasından, nəfəs darlığından əziyyət çəkirlər.

Uşağa ana südü əvəzinə inək südü verdikdə…

Ölkənin baş pediatrı Nəsib Quliyev uşaqların kökəlməsinin baiskarının valideynlər olduğunu deyir: “Ana südü ilə qidalanmalı olan uşağa tərkibi inək südündən ibarət uşaq yeməkləri verirlər. Özünüz fikirləşin, inəyin genetik koduna görə, inəyin balası iki ilə onun öz çəkisinə gəlib çatır. Bu kodu insana şamil etməklə təbii ki, inək südündən hazırlanan yeməyi yeyən uşaqda piylənməyə meyl yaranacaq. Bəzi valideynlər bunu uşağın gümrahlığı kimi qəbul edib sevinirlər. Amma böyük səhv edirlər, çünki uşaqda çəki artımı normal, təbii yolla baş verməyib”.
N.Quliyev uşaqlar arasında artıq çəkinin olmasına həyat tərzinin dəyişməsinin də təsir etdiyini söyləyir: “Bizim əcdadlarımız daim hərəkətdə olub. Bu gün böyüklü-kiçikli hamı qidanı hazır əldə etməyə üstünlük verir. Hazır qidalar isə piylənməyə yol açır. Uşaqların qidasına diqqətlə yanaşılmalıdır, onları, süd, qatıq, meyvə, tərəvəzlə qidalanmasına önəm vermək lazımdır. Əgər bu gün uşaqları “fast-fud” satılan restoranlara aparıb yedirdirksə, üstündən də qazlı şirin içki alıb veririksə, deməli, özümüz öz əlimizlə uşağımızı bəlaya sürükləyirik. Bu gün valideynlərin çoxu uşağa hərəkət etməyə şərait yaratmır. Uşağı sakit, yerində oturmağa alışdırır. Amma uşaq daim hərəkətdə olmalı, yediyi enerjini sərf etməlidir ki, sağlam olsun. Hərəkətsizlik nəticəsində sərf olunmamış enerji uşağın bədənində, qlikogen əzələ və toxumalarda toplanır. Belə uşaqlara paraprofiyalı uşaqlar deyirlər”.
Baş pediatr valideynləri piylənmədən uzaq tutmağın yolunun dinamik həyat tərzindən, düzgün qidalanmadan keçdiyini bildirir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir