Bu günlərdə Gədəbəydə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub. Hadisə rayonun Zəhmət kəndində törədilib. Kənd sakini 34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı, 39 yaşlı Dürdanə Əsgərovanı döyərək qətlə yetirib. Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü olub. O, mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə görə qonşular Zamurla ünsiyyəti kəsiblər. Cinayət azyaşlıların, ailənin övladlarının gözü qarşısında baş verib.
Bu, hər gün baş verən onlarla cinayət hadisəsindən sadəcə, bir nümunədir. Təəssüf ki, son zamanlar baş verən cinayət hadisələrinin əksəriyyəti azyaşlı uşaqların gözü qarşısında baş verir. Xüsusən də ailə-məişət müstəvisində törədilən cinayətlər. Bu cinayətlərin uşaqların psixologiyasına vurduğu ağır zərbəni heç kim inkar etmir. Həmin uşaqlar uzun müddət ağır psixi sarsıntılardan əziyyət çəkirlər. Bəs görəsən bu kimi neqativ hallarda uşaqların sonrakı taleyi necə həll edilməlidir? Uşaqların belə məqamlardan sonra normal həyata inteqrasiya etməsi üçün hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, Azərbaycanda bu sahədə vəziyyət necədir? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Bu uşaqlar yaşadıqları dəhşət ilə böyüməli olurlar
Sosioloq Lalə Mehralı deyir ki, belə uşaqların cəmiyyətə inteqrasiya edilməsi üçün ödənişsiz psixoloq dəstəyi göstərilməlidir: “Əksər hallarda ata öz övladının gözü önündən onun anasını, yəni öz həyat yoldaşını qətlə yetirir, özü də xüsusi amansızlıqla. Təəssüf ki, qətli törədən öz azyaşlı övladını düşünmür. Onu anasız qoymaqla ata öz övladına ən böyük pisliyi edir. Bu azmış kimi üstəlik, cinayəti körpənin gözü önündə törədir. Körpə beyni müdafiəsizdir, ora nə yazsan, nəyi həkk eləsən, o da psixologiyasına, davranışına öz təsirini göstərəcək. Yaddaşından zamanla itsə belə şüuraltında gizlənəcək və gələcəkdə ona problem yaşadacaq. Həmin uşaq ya psixoloji gərginlik keçirəcək, ya da bu aqressiv hərəkəti başqasının üzərində tətbiq edəcək. Bütün bunlar onun sonrakı tərbiyəsindən irəli gələcək. Bu cür vəhşiliyə şahid olmuş uşaqlar üçün ölkəmizdə xüsusi iş aparılmır. Amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müraciət edilsə, əminəm ki, belə uşaqların psixoloji və sosial həyatında yaşadığı problemlərin həll üçün peşəkar yardım göstərərlər. Maddi imkanı olan ailələr özləri uşağa psixoloq dəstəyi üçün peşəkara müraciət edirlər. Amma bunu hər ailə edə bilmir. Bəzən ailə bunu ötəri sarsıntı hesab edib, uşağın zamanla yadından çıxaracağı fikrinə inanırlar. Digər bir səbəb isə psixoloqların fantastik qiymətə xidmət göstərməsidir. Tutaq ki, həftədə iki dəfə psixoloji yardım almalı olan uşaq üçün bu yardımın bir seansı 100-150 manat müqabilində mümkündür. Bu ayda 8 seans və ən azı 800-1000 manat deməkdir. Aydın məsələdir ki, buna hər ailənin gücü yetmir və bu uşaqlar yaşadıqları dəhşət ilə böyüməli olurlar. Getdikcə cəmiyyətdən uzaqlaşır, özlərinə qapanır, psixoloji çökmə yaşayırlar. Onları cəmiyyətə inteqrasiya etdirmək üçün ödənişsiz dəstək verən psixoloq, sosial işçilər lazımdır”.
Məqsədli sosial-psixoloji iş aparılmalıdır
Sosial-psixoloq Nail Cəlil bildirdi ki, istənilən cinayətin ağırlığı onun hansı dərəcədə ictimai təhlükəli olması ilə ölçülür. Bu mənada, cinayətin uşaqların gözü qarşısında baş verməsi cəmiyyət, onun gələcəyi üçün mənfi mesajdır və mövcud ictimai təhlükəliliyi bir qədər də artırır: “Belə vəziyyətlər uşaqlarda müxtəlif mənəvi-psixoloji fəsadlara, travmalara, fobiyalara, psixopatiyaya, sosiopatiyaya səbəb ola bilər. Yəni, cinayəti, qətl hadisəsini, oğurluğu, bilərəkdən vurulan zərəri gözü ilə görən uşaq çox vaxt bunu şüuraltı olaraq, norma kimi qəbul edir. Sonradan belə uşaqlar adi mübahisə zəminində, şübhə, qısqanclıq üzündən yaranan ailədaxili münaqişələr zamanı, çətin vəziyyətlərdə özlərini “müdafiə” etmək üçün çıxış yolunu orta və ağır dərəcəli cinayətlər törətməkdə görürlər. Yəni, hər bir sosial hadisə, proses kimi, cinayətlərin də aşkar törədildikdə kütləviləşmə, sirayət, təkrarlanaraq, daha da artma, genişlənmə ehtimalı yetərincə böyükdür. Odur ki, burada həm hüquqi-psixoloji əks-təsir mexanizmi, həm sosial-psixoloji adaptasiya və reabilitasiya imkanları əvvəlcədən nəzərə alınmalı, effektli, səmərəli şəkildə işlənilib hazırlanmalıdır. Uşaqları belə vəziyyətdən çıxarmaq, bu kimi postravmatik hallar doğuran hadisələrin mənfi yükünü, neqativ ovqatını maksimum azaltmaq üçün onlarla sistemli, məqsədli sosial-psixoloji iş aparılmalıdır”.
Müsahibim deyir ki, burada təkcə psixoloji və ya fərdi-psixoloji metodların tətbiqi kifayət deyil: “Bunun üçün sosial-inteqrativ metodlara, prosedurlara daha çox ehtiyac var. Çünki belə uşaqların psixikasının sağlamlaşdırılması, onların cəmiyyətə düzgün inteqrasiyasının, adaptasiyanın təmin edilməsi ərafdakı insanlardan, həmin insanların onlara münasibətindən, bu uşaqlarla necə davranılmasından-başqa sözlə, sosial mühitdən əhəmiyyətli dərəcədə asılıdır”.
N.Cəlil ölkəmizdə bu sahədə olan vəziyyətlə bağlı da məlumat verdi: “Azərbaycanda bu məsələ son zamanlar həm psixoloqların, həm sosioloqların, eləcə də sosial işçilərin və digər sosial mütəxəssislərin diqqət mərkəzindədir. Bir sıra QHT-lər də bu kimi problemlərin həllində müvafiq dövlət qurumları ilə birlikdə geniş təşəbbüslər qaldırır, fəal iştirak edirlər. Bu mənada, vəziyyət düşündüyümüz qədər də pis deyil və nikbin olmaq üçün yetərincə mühüm əsaslar, faktlar var. Bununla yanaşı, sosial maarifləndirmə tədbirlərinin daha da dərinləşdirilməsinə, təkmilləşdirilməsinə, problemli ailələrdə uşaqların dövlət nəzarətinə alınmasına, onların sosial-mədəni hüquqlarının, psixi sağlamlığının müdafiəsi ilə bağlı tədbirlərin daha da genişləndirilməsinə ehtiyac duyulur. Ümumiyyətlə, hər bir uşaq valideynlərinin övladı olmaqla yanaşı, həm də dövlətin bərabər hüquqlu vətəndaşıdır. Bu səbəbdən uşaqların sosial-hüquqi müdafiəsi sahəsində normativ-hüquqi aktlar və onların praktikada tətbiqi genişlənməli, məcburi və kütləvi xarakter daşımalıdır”.
Uşaq özü də sonradan cinayətə meylli biri olaraq böyüyür
Psixoloq Aydan Talıbova bizimlə söhbətində qeyd etdi ki, son dövrlərdə ailədaxili şiddət daha da artıb. Psixoloq deyir ki, bu da ailədə emosional ünsiyyətin düzgün qurulmamasından irəli gələn bir faktdır: “Valideyn olmaq əslində asandır, əsas olan valideynlik statusuna layiq ola bilməkdir. Əgər uşaq ailədə şiddət görürsə, məsələn ata ananı döyürsə, ana atanın üstünə qışqırırsa, yaxud uşaq ananın üzündə qan, yara izləri görürsə, bu, uşaqlarda şiddətə meyllilik, bəzən isə özünəqapanma yaradır. Bu mutizm adlanır və mutist uşaqlar adətən özünə qapanaraq yalnız bir nəfərlə ünsiyyət qurular. Ailədaxili cinayətə şahidlik edən uşaqlara vaxtında peşəkar yardım göstərilməzsə, getdikcə uşaqda psxiatrik problem yarana bilir”.
Psixoloq deyir ki, bunun üçün gənclər ailə qurmazdan öncə hər birinin psixoloji durumu yoxlanılmalıdır: “Bu, mütləq şəkildə vacibdir. Ailə qurarkən qarşı tərəfin maddi imkanından çox, bu məsələyə önəm verilməlidir. Əks halda nə qədər imkanlı biri olsa belə, istənilən vaxt o, cinayət törədə bilər. Əsəbləri yerində olmayan hər kəs cinayəti istənilən adamın qarşısında edə bilər. Bu, uşaqların gələcəyi üçün çox böyük təhlükədir. Çünki uşaq özü də sonradan cinayətə meylli biri olaraq böyüyür. Belə uşaqlarda ciddi fobiyalar və inamsızlıq hissi yaranır. Xüsusən yeniyetməlik dövründə olan uşaqlar üçün bu, daha təhlükəlidir. Belə uşaqların yenidən cəmiyyətə inteqrasiya etməsi üçün ilk olaraq onları psixo-analizdən keçirmək lazımdır. Həmin uşağın şüuraltısı təyin edilməlidir. Çünki başa verən hadisənin onun şüuraltında hansı fəsadları törətdiyini yalnız bu halda təyin etmək olar. Daha sonra isə həmin fəsadları analiz edərək, onun üzərində çalışmaq lazımdır. Lakin bu zaman ailənin dəstəyi də çox vacibdir. Ailə dəstəyi və peşəkar yardım vasitəsi ilə bərabər şəkildə problem aradan qaldırılmalıdır”. (Kaspi.az)