Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter və telefondan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla telefon və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də telefondan istifadə müəyyən çərçivədə olmalıdır.
Son vaxtlar kompyuterdən, telefondan istifadə edən və sözügedən cihazlar vasitəsilə internetə qoşulan uşaqların sayı bir qədər də artıb, yaşı isə azalıb. Artıq 3-4 yaşlı uşaqlar çox rahat şəkildə telefonlarda oyunlar oynaya bilir, 5-6 yaşlı uşaqlar isə İnternetdən çox rahat istifadə edirlər. Düzdür, balacaların elə balacaykən rahat şəkildə yeni texnika və texnologiyalara bələdçilik etməsi pis deyil. Amma bunun asılılıq yaratması və uşaqların böyüdükcə İnternet vasitəsilə lazım olmayan saytlara girməsi, “söhbət otaqları”nda qalması o qədər də ürəkaçan deyil.
Xüsusi telefonlar işləyən analar üçün vacibdir
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, sözügedən telefonların Azərbaycana gətirilməsi yaxşı olardı: “Çünki uşaqların yeni texnologiyalara marağı artıb və xüsusilə işləyən anaların uşaqlarına nəzarət etməsi çətinləşib. Bu baxımdan uşaqlar üçün xüsusi telefonların olması yaxşı olardı”.
Psixoloq uşaqların müasir texnologiyalardan asılılığından da danışdı. Bildirdi ki, belə uşaqları iki qrupa bölmək olar: “Birinci qrupda olan uşaqlar irsi olaraq texniki vasitələrə meyl göstərməkdədir. Bu daha çox genetik xarakter daşıyır, yəni əgər ata-ana mühəndisdirsə, yaxud kompyuter üzrə mütəxəssisdirsə, uşaq körpəliyindən texnikaya maraq göstərməyə başlayır. İkinci qrup uşaqlarda isə kompyuterə, mobil telefona sonradan maraq yaranır. Onlar əvvəlcə bu texniki vasitələrlə oyuncaq kimi oynamaq, onu sındırmaq istəyirlər, sonradan isə kompyuterdə, mobil telefonda müxtəlif oyunlar oynamağa, sonra isə İnternetə girməyə başlayırlar və onlarda asılılıq yaranır”.
H.Xəlilov deyir ki, vərdiş asılılığa çevrilməmiş bunun qarşısını almaq lazımdır: “Əgər uşaq məktəbəqədər yaşdadırsa, valideyn balacalıqdan yönünü dəyişməyə çalışmalıdır. Uşağın gündəlik proqramını elə qurmalıdır ki, 30 dəqiqə kompyuterdə oynayırsa, 30 dəqiqə başqa bir işlə, məsələn, şəkil çəkmək, plastilinlə oynamaq və s. ilə məşğul olsun.
Asılılıq elə bir şeydir ki, bu, vərdişlə yaranır. Uşağa elə gəlir ki, oynadığı oyundan başqa, yaxud girdiyi internet saytından başqa dünyada maraqlı bir şey yoxdur”.
Müsahibimiz cinsi yetişkənlik, yeniyetməlik dövründə uşaqdakı vərdişin onu başqa tərəflərə yönəltdiyini dedi: “Dünənə kimi kompyuterdə, telefonda oyun oynayırdısa, artıq 10-12 yaşında “çat”da olmağa, əxlaqsız saytlara girməyə başlayır. Xüsusilə bu yaşda valideyn uşağa nəzarət etməlidir. Xüsusilə uşaqlar özəl şeylərə axşamlar maraq göstərdiklərindən valideynlər onları axşamlar nəzarətsiz buraxmamalıdır. Çünki uşaqlar bəyənilməyən insanlarla “çat”da tanış ola bilər, onlardan mənfi şeylər öyrənə bilərlər”.
4 yaşlı uşaqların İPad asılılığı
Qeyd edək ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, sözügedən ölkədə kompyuterdən istifadə etmə yaşı ortalama 8-ə enib. Mobil telefonlardan istifadə yaşı isə 10- düşüb. Türkiyədə 6-15 yaş arası uşaqların 60 faizi kompyuter, 50 faizi internet, 24 faizi mobil telefondan istifadə edir.
Ümumiyyətlə, yalnız Azərbaycanda deyil, dünyada yeni texnologiyalardan istifadə yaşı getdikcə aşağı düşür. Məsələn, İngiltərədə 4 yaşındakı uşaqlarda “IPad”dən istifadə asılılığı ortaya çıxıb. Buna görə də artıq inkişaf etmiş ölkələrdə klinikalarda texnologiyadan asılılıq bölümləri açılıb.
Mobil telefonların uşaqlarda xərçəngə yol açır
Dünyada aparılan araşdırmalar göstərir ki, mobil telefon və kompyuterlər uşaqları daha böyük təhlükə altına atır, hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə artıq mənfi təsirini göstərir.
Dünya Sağlamlıq Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında açıqlayıb. Hesabatda bildirilirdi ki, araşdırmalar nəticəsində 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşındakı yetkinlik yaşına çatan uşaqların isə sadəcə təcili durumlarda istifadə etməsi məsləhət görülür.
Həkimlərin sözlərinə görə, mobil telefonlardakı ən böyük təhlükə hər an insanın yanında olması və qulağa tutulduğundan beyinə daha yaxın olması riskidir. Mobil telefonla 6 dəqiqədən artıq danışdıqda qulaq və beyin toxumalarında isinmənin yarandığı və baş ağrılarına səbəb olduğunu düşündükdə təhlükəni təxmin etmək elə də çətin olmur. Buna görə də bu təhlükələrdən uşaqları mümkün qədər uzaq tutmaq lazımdır.