cips

Uşaqları yandıran çipslər – TƏHLÜKƏLİ QİDA

Baxış sayı: 1. 643

Mağazaya daxil olan kimi uşaqların əksəriyyəti mütləq çips bölməsinə qaçır. Bir-iki valideyn peçenye, meyvə və ya başqa zərərsiz qidalarla uşağının başını qata bildiyi halda, əksəriyyətinin əlində bəzəkli çips paketi ilə mağazadan ayrıldığını görürük.

Çipslərin insan orqanizminə olan əks təsirlərindən, hətta kanserogen maddə daşımasından dəfələrlə yazılsa da, hər ötən gün bu məhsulların istehlakı daha da artır. Hətta bu qidanın qiymətinin son bir neçə ildə iki qat bahalaşması da, satışına hər hansı bir təsir göstərə bilməyib.

Çips XIX əsrdə aşpaz Corc Kramın müştəriyə qəzəblənərək kartofu kağız nazikliyində doğraması nəticəsində məşhurlaşan restoran yeməyi olsa da, zaman keçdikcə müxtəlif ədviyyat və dadlandırıcılarla qablaşdırılaraq satışa çıxarılmağa başlayıb.

Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin gündə 2 paket çips yeyən uşaq bu nisbətləri həddən çox aşır. Ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazım olduğu təqdirdə, 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Odur ki, bəzi ölkələrdə çips “Siqaret qədər təhlükəli” hesab olunur və satışı qadağan edilib.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə çipslərə qarşı aksiya kampaniyalarına strart verilib. Belə ki, çipslər toplanılaraq ocaq formasında yandırılır. Məhsulun bir neçə saniyə ərzində alışması da şəbəkə istifadəçilərində çaşqınlıq yaradıb.

Bəs Azərbaycanda çipslərin satış və istifadəsində hər hansı bir qadağa və yoxlanışlar aparılırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, çipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə edildiyi üçün bir müddətdir ki, məktəb bufetlərində satışı qadağan olunub: “4 il bundan öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan məktəb bufetləri standartında çipslərin bufetlərdə satışı qadağan olunub. Bu məhsullar asılılıq yaratdığı üçün uşaq və böyüklərin yeməsi arzuolunmazdır. İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və onun üzvü olan Azad İstehlakçılar Birliyi bunun daima yarıtmaz qida olduğu barədə məlumatlar yayır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə fikir verməli və qarşısı alınmalıdır.

Qurumuş kartofu yandırın, görün yanır? Çipslərin tez alışması keyfiyyətsiz və tərkibində qarışıqların olmasının sübutudur”.

Məşhur pediatr Vaqif Qarayev isə deyir ki, çipslər düzgün şəkildə hazırlanmadığı üçün tərkibində kansoregen maddələr mövcuddur: “Əslində, həmin kartofu evdə sağlam bir formada hazırlamaq heç də çətin deyil. Kartof bir tərəvəz kimi çox xeyirlidir, tərkibində xeyli sayda vitamin və mikroelementlər var. Ancaq kartofun tərkibində olan nişasta cipsin hazırlanma texnologiyası düzgün olmadıqda orqanizm üçün zərərli maddələrə çevrilir. Hətta kanserogen maddələr belə. Son zamanlar bütün dünya qışqırır ki, “fast food” qidalar kanserogendir. Mümkün qədər uşaqlara verməyin. Bir qida maddəsi kimi mən onun qəti əleyhinəyəm. Həm hazırlanma prosesini, həm də tərkibindəki inqridentləri keyfiyyətsiz hesab edirəm. Bu səbəblərdən də son zamanlar uşaqlar arasında iştahsızlıq kütləvi hal alıb. Yanıma 50 valideyn gəlirsə, 50-i də uşağının iştahsızlığından şikayətlənir. Ola bilməz ki, bu şikayətlərin hamısı tibbi səbəblərdən olsun.

Sadəcə çips yox, “fast food” qidaların tərkibində xolesterin maddələr var. Mən çox pis oluram ki, analar həmin yerlərdə oturub uşaqlara qeyri-sağlam qidalar yedizdirirlər. Daha sonra da uşağının şəklini sosial şəbəkədə paylaşıb toppuş yanaqları ilə fəxr edirlər. Daha düşünmürlər ki, yedizdirdikləri həmin qidalar uşağın orqanizmi üçün  nə dərəcədə ziyandır. Tez hazırlanan yeməklərin istehsalı bir neçə dünya ölkəsində qadağan olunub”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir