Uşaqları yatırtmaq üçün nə etmək lazımdır?

Baxış sayı: 3. 772

Körpə uşaqların inkişafı üçün yuxu rejiminin olması mütləqdir. Onları rejimə salmaq isə olduqca çətindir. Uşaqların əksəriyyəti məhz gecə yuxusundan məhrumdur. Bütün günü yataraq keçirən uşaqlar üçün gecə oynamaq vaxtı gəlir.

Valideynlərin məcburi yatırmaq səylərinə məhəl qoymayan körpələri yatırmaq üçün isə tək çarə qalır; onları qorxutmaq. Müxtəlif nağıl personajlarını qorxulu hala salmaq, olmayan varlıqları varmış kimi göstərmək və bununla da uşaqları bir növ təhdidlə yatırmaq adətinə yiyələnməyən nadir ailələr var.

Maraqlıdır ki, xarici ölkələrdə uşaqları yatırtmaq üçün daha mülayim yollardan istifadə edirlər. Müxtəlif nağıllar danışmaq, həzin musiqilər dinlətdirmək yolu ilə yuxuya verilən uşaqların da aqressiv və əsəbi olması qeyri-mümkündür. Hətta bir sıra ölkələr var ki, burda xüsusi musiqilər ilə kolik və daimi ağlayan uşaqları bir növ müalicə edirlər. Bunun əksinə olaraq Azərbaycanda “yat, xoxan gələr”, “səni itlər aparar” kimi qorxuducu təhdidlərlə yatırılan uşaqlar daha əsəbi, qorxaq, özünə güvəni sarsılmış olaraq böyüyür. Bu cür yuxuya vermə üsulunun isə fəsadları olduqca çoxdur.

Məsələn, psixoloqlar belə düşünür ki, uzun müddət valideyni ilə yatmağa alışmış, eyni zamanda bir otaqdan digərinə keçməkdən qorxan uşaqların qorxusunun kökündə məhz valideynlərin uydurduğu real olmayan personajlar dayanır. İllər keçməsinə baxmayaraq bu qorxunc personajlar ilə birlikdə böyüyən uşaqlar üçün beyində daima bir siqnal olur. Bu siqnal sayəsində uşaqların özünə inamı sarsılır, daimi qorxu içində qalır. Hətta yetkinlik yaşında belə travmanın izlərini itirə bilmir. Valideynlərin məsum bildiyi yalanlar əslində uşağın bütün həyatına kölgə salmış olur.

Psixoloq Emil Behrudinin sözlərinə görə, valideynlərin uşaqlarını qorxutma yolu ilə yatırtmasının tək səbəbi hansısa işi çatdırmaq üçün çalışmasıdır. Uşaqdan başqa heç bir işi olmayan valideynlər çox nadir hallarda bu yola əl atırlar. Uşaq tərbiyəsini ilk gündən düzgün verməyən valideyn üçün sonradan bu əziyyəti çəkməsi də təbiidir: “Xarici ölkələrin tərbiyə üsulu çox gözəldir. Onlar uşağa məxsus olan otaqda uşağı yatağına qoyub otağı tərk edirlər. Uşaq istər uzun, istərsə də qısa bir müddət sonra yuxuya gedir və valideyn bunun üçün stress keçirmir. Uşaq ağlamır və yatmaq saatının olduğunu, tək yatmağı öyrənir. Bizdə isə vəziyyət başqadır. Valideyn uşağı məcbur edir ki, o yatsın. Uşaq bunun vacibliyini anlamır və elə düşünür ki, bu, sadəcə valideynin istəyidir. Tək yatmağa öyrəşməyən uşağı tək qoymaq da mümkün olmur. Tez yatması üçün çarə uşağın qorxudulması olur”.

Həmsöhbətimiz deyir ki, ystəlik uşaq rejiminə də düzgün əməl edilmir. Belə ki, uşaqlar anasının işi olduğu zamanlarda yox, müəyyən edilmiş saatlarda yatmalıdır: “Bəzən görürük ki, analar övladlarını hər hansı bir işini rahat görmək üçün məcburi yatızdırır. Belə uşaqlardan vaxtlı-vaxtında yatmağı gözləmək düzgün deyil. Rejimə salınan uşaqların yuxu davamiyyəti fərqli vaxtlarda yatan uşaqların yuxu davamiyyəti ilə müqayisədə olduqca yaxşı olur”.

Psixoloqun bildirdiyinə görə, valideynlər unudurlar ki, hər bir insanı qorxutmaqla özünə tabe etmək olmaz. Böyüklərin gücü buna çatır. Bu, onlar üçün asan yoldur. Uşağı qorxutmaqla idarə etmək istəyirlər. “Bəzi uşaqlar var ki, buna inanmırlar. Amma bəziləri də var ki, çox emosional olurlar. Hər şeyə tez inanırlar. Uşaqlar üçün ananın, atanın, nənənin sözü çox önəmli olduğu üçün onların dediklərinə də inanırlar” deyən Behrudi hesab edir ki, uşaqlarda nevroloji travmanı yaradan də elə ata-analarıdır. Onun sözlərinə görə, qorxutmaların bəlkə də bir anlıq xeyri olur, yəni uşaq tabe olur. Amma müalicəsi çox çətin və uzunmüddətli olur. Belə uşaqların müalicəsi zəncirvari prosesdir. Fiziki inkişaf, psixoloji durum, bioloji xəstəliklər əmələ gəlir, nitqi dəyişir, gözlərinin qapanması baş verir. Valideyn üçün rahat üsul olan qorxutma ilə yatırılan uşaqların qorxusu yuxuda da davam edir və düzgün inkişaf yarım qalır. “Əslində bu kiçik qorxutmaların uşaqlarda hansı izləri qoyduğunu valideynlər dərk edərsə, əsla bu üsuldan istifadə etməzlər”.

Uşaqların 90%-nin 2-14 yaşları arasında ən az bir fobiyasının olduğunu göstərən tədqiqatlar var. Fobiyaların yaranması isə bu cür yatızdırılma formasından qaynaqlanır. Yuxu uşaqların dincəlməsi və böyüməsi üçün vacib olduğu halda valideynin yuxunu qarışdırması uşağının inkişafını ləngitməsi deməkdir. Qorxutmadan yatızdırmağın asan yolu isə uşağı yatağına öyrəşdirmək və tək yatmasını təmin etməkdir. “Sadəcə daha iradəli və bir az da “daşürəkli” olub uşağı öz yatağına qoyaraq gözləməlisiniz. “Mənim ürəyim gəlməz”, “elə içdən ağlayır, hıçqırır ki, dözə bilmirəm”, “bizim uşaq üçün deyil bu üsul” kimi düşüncələrdən qurtulmaq lazımdır. Bu üsul bütün uşaqlar üçün keçərlidir. Üsulun əziyyəti bir neçə gün olur. Bunun üçün siz əvvəlcə evdəkiləri xəbərdar etməli və onlara da qərarlı olmağı başa salmalısınız. Bəzən analar uşağın ilk gün ağlamağına dözsə də, ata, yaxud digər qohumlar buna qarşı çıxır, gəlib uşağı yataqdan götürürlər. Belə hallar olmamalıdır. Bu zaman uşağın anasına qarşı fikri dəyişə bilər, xüsusən yaşı 2-dən yuxarıdırsa. Anasının qərarının keçərli olmadığını görmək uşağı sarsıda bilər. Uşaq anasının əsas tərbiyəçi olduğunu məhz bu cür şeylərlə dərk etməlidir. Bu üsul qoxutma yolu ilə yatızdırmaqdan daha təhlükəsiz və daha effektlidir”.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir