ders

Uşaqlarımız niyə nifrətlə böyüdülüb, “kor” edilir?

Baxış sayı: 1. 322

Vaqifin 5 yaşı var, onun dostu Aydın bu il birinci sinfə gedir. Artıq neçə aydır ki, onlar birlikdə oynaya, rəsm kursuna gedə bilmirlər. Çünki Aydın hər gün dərsdən gələndən sonra Riyaziyyat, Ana dili verilən tapşırıqları yazmalı, mətni oxumalı, ingilis dilindən sözləri əzbərləməli, “Texnologiya”, “Həyat bilgisi”ndən verilən tapşırıqları hazırlamalıdır. Hələ üstəlik, iş dəftərlərindəki tapşırıqlarını etməlidir. Bunları həll edəndən sonra artıq hava qaralır, nə oynamağa vaxt qalır, nə də kursa.

Bir şagirdin dostu ilə oynamağa vaxt tapmaması, əlavə məşğuliyyətinin olmaması sadə və bəlkə də, bəsit görünə bilər. Məsələni araşdırdıqca isə əslində vəziyyətin bu qədər bəsit olmadığı üzə çıxır. Reallıq budur ki, “aydınlar” bütün günü dərsliklərin içində itib-batarkən ətraflarından xəbərsiz böyüyür, fiziki inkişafdan qalır və tam bir fərd kimi formalaşmır. Axı hər şey dərsliklərdə yazılmır.

Dərsliklərdə yazılanların nə işə yaradığını və bu qədər yüklənmənin şagirdlərə nə verdiyini araşdıraq.

 

Dünyaya boylanaq

Özümüzü araşdırmamışdan əvvəl dünyada nələr edildiyini öyrəndik. Avropa ölkələrində təlim 3 dövrə bölünür. İbtidai təhsil adlanan birinci dövr 5-6 yaşda başlayır və 4 ildən 7 ilə qədər davam edir. Ölkələrin əksəriyyətində bu illər ərzində uşaqlara oxuma və yazma vərdişləri öyrədilir, bədən tərbiyəsi, musiqi və rəsm dərsləri keçirilir. Proqrama əlavə dərslər də salına bilər. Məsələn, etika.

Gündəlik dərslər 3-4 saatdan 7 saata qədər arta bilir. Adətən, uşaqlar həftədə 5 gün dərsə gəlir. Tətil günlərinin həftə sonları olması mütləq deyil. Məsələn, Fransada 3-cü və bazar günləri dərs olmur.

3-6 il davam edən ikinci mərhələdə şagirdlərin tədqiqat bacarıqları əsas tutulur. Bu illərdə dərslər şagirdlərin fərdi keyfiyyətlərinə uyğun qurulur. Riyaziyyat, ana dili, fizika, kimya, biologiya, tarix və coğrafiya məcburi olsa da, texnologiya və sənət dərsləri seçim əsasında aparılır.

2-4 il davam edən sonuncu təhsil pilləsində şagirdlərə azadlıq verilir. Hər ölkədə bu pillədə öyrədilən dərslər fərqlənir.

Məktəbliyə ev tapşırığının verilmədiyi Finlandiya təhsil sistemində şagirdin oxuyub-yaza bilməsi və riyaziyyat bilikləri qədər sosial elmlər, təsviri sənət, idman və bir çox sahədə praktik bacarıqlarına önəm verilir. Bu ölkədə uşaqlar bağça və ibtidai siniflərdə dərsi oxuyub-oynayaraq öyrənirlər. Fin müəllimlərin fikrincə, şagirdlərə riyaziyyat və ana dilini öyrətməyin ən yaxşı yolu bunu musiqi və idmanla birləşdirməkdir.

Bir sıra ölkələrdə isə tədris proqramının ağırlaşdırılmaması üçün fənlərdə ixtisarlar belə edilir. Məsələn, Fransada “Ədəbiyyat” fənn kimi tədris edilmir. Bununla bağlı xüsusi proqram olmasa da, müəllimlər tərəfindən oxunmalı olan bədii əsərlər şagirdlərə təqdim olunur. Lakin klassiklərin əsərlərinin oxunması məcburidir. ABŞ da bu məsələdə Fransa yolunu gedir. Böyük Britaniyada isə ədəbiyyat dərslərinin əsasını klassiklərin oxuması təşkil edir.

 

Ölkəmizə keçməyin vaxtdır

Əslində şagirdlərin dərs yükünün ağır olduğunu Təhsil Nazirliyindən də etiraf edirdilər. Ötən il tədris həftələrinin sayının artırılması da buna hesablanmışdı. Nazirlik bu barədə verdiyi açıqlamada artımın şagirdlərin həftəlik təlim yükünü xeyli yüngülləşdirəcəyini bildirmişdi. Bir çox ölkələrdə dərs ilinin müddəti 35-36, hətta 37-38 həftə olması əsas gətirilərək, dünya təcrübəsinə uyğunlaşmanın məktəblərdə təlimin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyi qeyd olunmuşdu.

Qərar iki ildir tətbiq edilir və hələ ki, yüngüllük hiss edilmir. Yenə də şagirdlər ev tapşırığını həll edərkən valideynlərin, bəzən çevrəni genişləndirib, qohum-qonşuların köməyinə ehtiyac duyur. Üstəlik, həmin şəxslərin azı ali təhsili olmalıdır. Yoxsa, tapşırıqlardan baş açmaq heç də asan deyil. Bəzən nə valideyn, nə də qonşular dada çatır. Bu zaman da üz tutulur repititorlara. Lakin bu da çıxış yolu deyil. Hər bir halda şagird dərsdən sonra bütün vaxtını sabahın dərslərini hazırlamağa sərf edir. İdman, musiqi, rəqs kimi əlavə məşğələlərdən məhrum qalır. Bir sözlə, şagirdlərin asudə vaxtı qalmır.

 

Xəbərdarıq!

9 saylı məktəbin direktor müavini Günay Kəlbəliyeva valideynlərin narazılıqlarından xəbərdar olduqlarını deyir. Onun sözlərinə görə, əsas problem dərslərin sayının çox olması, dərsliklərin çətinliyi ilə bağlıdır: “Özüm ingilis dili müəllimiyəm. Düzdür, son illər çap olunan dərsliklər əvvəlki illərdən fərqlənir. Əvvəlki dərslikləri uşaqlar sərbəst qavraya bilirdi. İndi nisbətən çətindir. Bunu nəzərə alaraq uşaqlara lüğətlərlə işləmək, lazım gəldikdə internetin imkanlarından yararlanmalarını tövsiyə edirik”.

 

Yaxşı dərslik necə olmalı?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, problemin kökü dərsliklərdən qaynaqlanır. Ekspertin fikrincə, dərsliklərdə informasiya yükü həddən artıq çoxdur. Bu da şagirdi əlavə yükləməkdən, yormaqdan başqa bir işə yaramır: “Dünya təcrübəsində dərsliklər kifayət qədər anlaşıqlı, şagirdlərin təkbaşına, yorulmadan anlamasına xidmət edir. Təəssüflər olsun ki, bizdə bu gün informasiya yükü çox olan, akademik səviyyədə hazırlanmış dərsliyə yaxşı dərslik deyilir. Müəlliflər elə hesab edir ki, dərslik nə qədər ağır olsa, o qədər yaxşıdır. Halbuki, kurikulum standartları əsasında hazırlanan dərsliklər çox sadə yazılmalı idi. Bu dərsliklərdə bunu “niyə edirsiniz? necə edirsiniz? və hansı nəticəni gözləyirsiniz?” suallarına cavab tapılmalı idi. Ancaq bu gün şagirdlər o qədər yüklənir ki, hətta psixologiyaları belə pozulur. Çünki bu gün təhsil sistemi ali məktəblərə qəbul imtahanlarına köklənib. Demək tədris yükümüz düzgün qurulmayıb”.

K.Əsədovun dərsliklər arasında zəncirin qırıldığını deyir. O bu fikrini tarix dərsliklərindən gətirdiyi nümunə ilə əsaslandırır: “İbtidai icma quruluşu mövzusu həm 5-ci sinif “Ata Yurdu”, həm 6 və 10-cu sinifdə yenidən tədris edilir. Ali məktəbə qəbul olan tələbəyə bu mövzu təkrar keçilir. Bu gün 10-cu siniflərin keçdiyi Azərbaycan tarixi dərsliyində 640 şəxs adı, 800-dən çox xronologiya, ümumilikdə informasiya yükü 2500-dən çoxdur. Bu şagirdin qavraya biləcəyi məlumatlar deyil. Dərsliklərimiz qəbul imtahanına hazırlıq üzərində köklənib, həyat üçün lazım olan heç bir informasiya verilmir. Heç bir şagird təkbaşına ev tapşırığını öyrənə bilməz. Mən elmi dərəcəli mütəxəssis olaraq ibtidai sinif şagirdinin tapşırıqlarını həll etməkdə çətinlik çəkirəm. Valideynlər vəziyyətdən çıxış yolunu əlavə müəllimlər axtarmaqda görür”.

 

Şagirdlərin sevmədiyi fənlər

Ekspert hesab edir ki, mütəxəssisləri cəlb etməklə dərslik standartları yenidən hazırlanmalı, dünyada qəbul edilmiş uğurlu strategiya əsas götürülməlidir: “Bu gün 6-cı sinif “Azərbaycan tarixi” kitabında ibtidai icma, quldarlıq və feodalizm quruluşundan bəhs edilir. 12-13 yaşlı şagirdin bu üç quruluşu dərk etməsi real deyil. Şagirdlər ən çox tarix və ədəbiyyat dərslərinə nifrət edir. Səbəb isə həddən artıq yüklənmədir. Bu gün orta məktəbdə öyrədilən dərslər şagirdləri həyata hazırlamır. Şagirdlər ilkin tibbi yardım göstərə bilmir, elektrik avadanlığın quraşdırılmasını bilmir. Həyatla heç bir əlaqəsinin olmadığı “Həyat bilgisi” dərsi keçilir. Dərsliklərdə şagirdlərin yaşı və psixologiyası nəzərə alınmır. Şagirdlər orta hesabla həftədə 36 saat dərsdə olurlar. Bu isə heç bir standarta uyğun gəlmir. Bunun səbəbi təhsildə rəhbər şəxslərin ömründə bir dəfə də olsun jurnal alıb orta məktəbdə dərsə girməmələridir”.

 

Sabiri, Səhhəti, Şaiqi kim əvəzləyib?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də dərs yükünün ağırlığının başlıca səbəbini dərsliklərin yazılmasından praktik müəllimlərin cəlb edilməməsində görür: “Bu problemi daha çox dəqiq elmlərdə müşahidə edirik. Əsasən, riyaziyyat, fizika kimi fənlərdə tərcümə olduğuna görə bəzi anlaşılmaz ibarələrə rast gəlirik. Bəzi hallarda müəllim belə müəllifin nə demək istədiyini başa düşmür. Ona görə də dərslik çap edilməmişdən əvvəl müzakirəyə çıxarılmalıdır. Praktik müəllimlər, Təhsil Nazirliyi yanında dərsliklərin qiymətləndirilməsi şurasının köməyi ilə problemlər aradan qaldırıla bilər”.

Müəllimlərin yeni dərsliklər və tədris proqramı ilə işləyə bilməməsi ilə bağlı fikirlərə münasibət bildirən M.Mürşüdlü birtərəfli yanaşmanın doğru olmadığını deyir: “Düzdür, öz üzərində işləməyən müəllimlər var. Onların sayının çoxluq təşkil etməsi də təlim prosesində problemlər yaradır. Lakin əsas problemlər dərsliklərlə bağlıdır. Bizə daxil olan müraciətlər də əsasən ibtidai sinif dərslikləri ilə bağlıdır. Əsas narazılıq da “Ana dili” dərsliyində müəllifi bəlli olmayan, şagirdlərin qavramaqda çətinlik çəkdiyi bədii nümunələrin yer alması ilə bağlıdır. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlər bu müəlliflərlə əvəzlənib”.

 

Müəllim yerində olsa…

Qeyd edək ki, dərsliklər müəlliflər tərəfindən hazırlanır. Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının eksperti tərəfindən nəzarət edilir. Dərslikləri təhlil edən digər bir qurum isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsidir.

 

Şöbə müdiri Asif Hacıyevin dərs yükünün ağır olmasında dərsliklərin payı barədə fikrilərini öyrəndik.

O, dərsliklərimizə artıq Avropa ölkələri təcrübəsinin gətirildiyini deyir: “Şagirdin dərs zamanı əksər bilikləri mənimsəməsi, evə az tapşırıq verilməsi ənənəsi ölkəmizə gətirilib. Bəzi hallarda fənn müəllimləri təlim yükünü sinifdə yerinə yetirməyəndə, çıxış yolunu qalan tapşırıqları evə verməkdə görür. Bacarıqlı, istedadlı müəllim isə lazımı bilikləri dərsdə verər. Bəzi dərsliklərə yazılan metodik vəsaitlərdə tapşırıqların sayı həddən artıq çoxdur. İstənilən dərsliyi vərəqləsək, bu məqama rast gələ bilərik”.

A.Hacıyev hesab edir ki, problemlərin 20 faizi dərslik, qalanı isə müəllimlə əlaqədardır. O, bəzi müəllimlərin şagirdi ev tapşırığı ilə yükləməsinin obyektiv, subyektiv səbəblərinin olduğunu düşünür: “Dərslikdə tapşırıqlar yaradıcı, düşündürücü və s. tiplərə bölünür. Müəllim evə tapşırıq verəndə şagirdin bilik səviyyəsini nəzərə almalıdır. Nəzərə alınmayanda şagird bacarığından artıq yüklənmiş olur. Məsələyə bu cür pedaqoji baxımdan yanaşmaq lazımdır. Müəllim yerində olsa, şagirdlərin yüklənmə problemi yaşanmaz. Sadəcə müəllim sinifdə açıqlaya bilmədiyi bacarlıqlarla bağlı tapşırıqları evə verir. Şagird də başa düşmədiyinə görə başqalarının köməyinə ehtiyac duyur”.

 

İndi anladınız Aydının Vaqiflə oynamağa, rəsm kursuna getməməsinin nə qədər dərin problem olduğunu? Bəs bu problem niyə həll edilmir? Gələcəyimiz məqsədli şəkildə məhv edilir, yoxsa başqa səbəblərə görə… Hər halda bu sual ətrafında baş sındırmağa dəyər. Çalışın övladlarınıza sahib çıxın, yoxsa təhsil sistemimiz onları bizdən biri etməyəcək…  (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir