Uşaqlarımıza necə sərhəd qoymalıyıq?

Baxış sayı: 1. 524

Uşaqların dünyanı daha yaxşı tanıması üçün ailə daxilində qoyulan sərhədlərin əhəmiyyəti böyükdür. Ən azı ona görə ki, uşaqların bütün hərəkətləri bizim qoyduğumuz bu sərhədlərə görə müəyyənləşir. Əgər uşağınızdan necə deyərlər sabit hərəkətlər gözləyirsinizsə, necə ata və ya ana olduğunuzu, nəyə necə reaksiya göstərdiyinizi, nəyə icazə verib vermədiyinizi çox dəqiq bir şəkildə ortaya qoymalısınız. Məsələn, uşaqlar üçün əldə edilən şeydən çox onun necə əldə edilməsi vacibdir. Əgər hər hansı bir yol onların istəklərinə daha asan nail olmasına imkan verirsə, təbii ki, uşaqlar həmişə o yolu sınaqdan çıxarmağa çalışırlar. Məsələn, əgər bir uşaq bir şeyi ağlayaraq əldə etməyi öyrənirsə, deməli, bu metoddan həmişə istifadə etməyə başlayır. Hətta bu, tədricən valideyn üçün arzuolunmaz nəticələrə də gətirib çıxarır. Əgər belə hallarla qarşılaşmaq istəmirsinizsə, uşağınıza qarşı mövqeyinizi dəqiq müəyyən edin. Digər tərəfdən, sərhədlərin dəqiq müəyyən olunmasının uşağınızın sizə qarşı münasibətinə də müsbət təsir göstərdiyini unutmayın. Çünki siz nə qədər dəqiq olsanız, “sərhədlərin pozulması” ehtimalı da bir o qədər az olar və uşağınız bütün hərəkətlərində sizin mövqeyinizlə hesablaşmağa çalışar. Bir sözlə, sərhədlər təkcə münasibətlərin keyfiyyətini artırmır, valideyn və uşağın vəzifələrini də dəqiq ortaya qoyur. Beləliklə, ailədə qeyri-müəyyənliklər aradan qalxır, ailə daxilindəki problemlər isə minimuma enir. Çünki sərhədələr məlum olduqda hamı nə edəcəyini bilir. Digər tərəfdən, siz uşağınız üçün bir dostdan çox ata və ya ana olmalısınız. Üstəlik, onun sizi həmişə belə görmək istədiyini də unutmamalısınız. Ailə daxilindəki sərhədlər eyni zamanda təhlükəsizliyimiz üçün də vacibdir. Məsələn, sərhədlərini dəqiq müəyyən edən adam başqaları ilə müqayisədə daha sabit təsir bağışlayır və belə adamların etibarlı adamlar kimi tanınması da təbiidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir