Mother taking care of her sick daughter

Uşaqlarımızı xəstəliklərdən necə qoruya bilərik?

Baxış sayı: 2. 054
Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilib. Bu ilin 9 ayı ərzində respublikada 1 672 556 uşaq  (64,6 %) tibbi müayinədən keçib. Bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, tibbi müayinədən keçən uşaqların 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb: “Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub,  4 569 nəfəri isə sanator müalicəyə göndərilib”.
Baş pediatr əlavə edib ki, tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) üstünlük təşkil edir. Digər somatik yoluxucu xəstəliklərin də müşahidə olunduğunu deyən N.Quliyev qeyd edib ki, bu xəstəlik əsasən məktəbəqədər dövrdə və məktəb yaşlı uşaqlar arasında özünü büruzə verir: “Qurda yoluxma halına ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur, gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəliklərinə kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir.  Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur”.
Bəs görəsən uşaqlar arasında bu xəstəliklərin geniş yayılmasının  səbəbləri  nədir? Bəzən valideynlər səhlənkarlıq edərək, həkimə müraciət etmirlər. Bu zaman ev şəraitində nə etmək lazımdır ki, qurdlardan xilas olasan? Suallarımıza ekspertlər cavab verdilər.
Öncə əllərin düzgün yuyulması öyrədilməlidir
Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Şəhla Balayeva bildirdi ki, qurd xəstəliklərinin geniş yayılmasının əsas səbəblərindən biri də xüsusi gigiyena qaydalarına valideynlər və uşaqlar tərəfindən lazımınca əməl edilməməsidir: “Kiçik yaşlı uşaqlar əlinə düşən bütün əşyaları və qidaları ağızlarına aparırlar. Təmiz olmayan qida və əşyalarda isə viruslar uzun müddət qala bilir. Bunun qarşısını almaq üçün ilk növbədə valideynlər və uşaqlar arasında maarifləndirmə işi aparılmalıdır. Şəxsi gigiyena qaydalarının gözlənilməsi, əllərin, meyvə-tərəvəzin göy-göyərtinin yaxşıca yuyulması, çiy ərzaqlarla düzgün şəkildə işlənilməsi və onların saxlanılması haqqında geniş maarifləndirmə işi aparılmalıdır. Uşaqlara ilk olaraq əllərin düzgün yuyulması öyrədilməlidir. Xüsusilə, heyvanlarla təmasdan,  ayaqyolundan  çıxandan sonra əllərin düzgün yuyulması mütləqdir”.
Ş.Balayeva deyir ki, əgər uşaqda xəstəliyin əlamətləri aşkar edilərsə mütləq həkimə müraciət edilməldir: “Məktəblərdə ildə bir dəfə uşaqlardan nəcis nümunəsi götürülərək yoxlanılır.  Əgər qurd aşkar edilərsə, müalicə tədbirləri aparılır. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əgər uşaqda qurd xəstəliyi, yaxud xəstəliyin əlamətləri aşkar olunarsa, mütləq həkimə müraciət edilməlidir. Valideyn uşağına reklamda gördüyü, yaxud aptekdə təklif edilən dərmanları verməməlidir. Çünki bu uşaq üçün təhlükəli də ola bilər. Pediatra müraciət edib düzgün müalicə aparmaq lazımdır”.
 
Qidalar balanslaşdırılmış şəkildə verməlidir
 
Xətai Estetik Klinikasının pediatrı Kənan Qarayev xəstəliklərin artmasının əsas səbəblərindən söz açdı: “Qurd xəstəliklərinin uşaqlar arasında geniş yayılmasının əsas səbəbi gigiyenik qaydalara düzgün əməl edilməməsidir. Bağçada, məktəbdə, evdə gigiyenik tədbirlərin uşaqlara düzgün aşılanmaması, valideynlər, tərbiyəçilər və müəllimlərin bunun əleyhinə tədbir görməməsi əsas səbəblərdir. İkinci bir faktor isə qidalanma ilə bağlıdır. Meyvə və tərəvəzlərin, yaxud keyfiyyətsiz qidaların uşaqlara nəzarətsiz və təmizlənməmiş formada verilməsindən sonra xəstəliyə daha çox rast gəlinir”.
Pediatr bildirdi ki, aşağı tənəffüs yollarının xəstəliklərindən danışarkən burada həm allergik, həm də qeyri-allergik xəstəliklərdən söhbət gedə bilər: “Qeyd edim ki, tənəffüs xəstəliklərinin  geniş yayılmasının ilk və ən vacib səbəbi uşaqlara ana südünün verilməməsidir. Ana südü yeyən uşaqlarda təbii olaraq immunitet formalaşır. Bu zaman allergik və qeyri-allergik xəstəliklərə  tutulma faizi daha az olur. Burada həmçinin hamiləlik zamanı ananın pis vərdişlərinin olması da böyük rol oynayır. Bəzi analar hamilə vaxtı spirtli içki qəbul edir, siqaret çəkir və düzgün olmayan qidalardan yararlanırlar. Hamiləlik zamanı kimyəvi qatqıların çox olduğu və məsləhət görülməyən qidaların qəbulu, yaxud da atanın siqaret və spirtli içki aludəçisi olması uşaqların sözügedən xəstəliklərə tutulma ehtimalını artırır. Bəzən hamiləlik zamanı həkim məsləhəti olmadan bir sıra dərmanlar qəbul edirlər ki, həmin dərmanların əlavə təsiri olur. Bu zaman dünyaya gələn uşaqlarda immun sistemi zəif olur və aşağı tənəffüs yollarının müxtəlif xəstəlikləri baş verir”.
K.Qarayev deyir ki, ev şəraitində hər bir ananın ciddi maariflənməsi vacibdir: “Hər bir ana ev şəraitində belə xəstəliklərin qarşısını almaq üçün müxtəlif vasitələrdən məlumatlar əldə etməlidir.  Otaqlar daima havalanmalı və oksigen təminatı zəngin olmalıdır. Çünki havalanmış otaqda virusların sayı daha az olur. Uşaqlar davamlı şəkildə təmiz hava qəbul etməlidirlər. Ana uşağa qidaları balanslaşdırılmış şəkildə verməlidir. Əsasən meyvə və tərəvəz, meyvə şirələrinin qəbuluna  üstünlük  verilməlidir. Xüsusən A, B, C vitamini ilə zəngin olan meyvə-tərəvəzin qəbulu daha vacibdir. Bu qidalar uşaqlarda təbii immunitetin formalaşmasında mühüm rol oynayır. Həmçinin, evdə xəstə uşaq varsa, onun digər uşaqlarla təması minimuma endirilməlidir. Çünki bu xəstəliklər hava damcı yolu ilə keçə bilir. Bütün bunlarla  yanaşı, profilaktik olaraq müəyyən preparatlardan  istifadə etmək lazımdır”.
 
Torpaqla təması kəsilməlidir
 
Pediatr Vaqif Qarayev  isə açıqlamasnda bildirdi ki, dünyada kiçik yaşlı  uşaqlar arasında tənəffüs sisteminin xəstəliklərinə daha çox rast gəlinir: “Bu, həm tənəffüs orqanlarının  anatomo-fizioloji xüsusiyyətləri, həm də uşaq orqanizminin xəstəliyə müqavimətinin zəif olması ilə izah olunur. Bəzən kiçik yaşlı  uşaqlarda adi virus infeksiyası ciddi fəsadlar verə bilir. Ona görə valideynlər mütləq vaxtında  həkimə müraciət etməlidir. Bəzən valideynlər evdə müalicəyə üstünlük verirlər. Lakin həkimsiz müalicə yolverilməzdir. Çünki ölüm halları  əksər hallarda fəsadlaşmış  xəstəliklərdə və həkimə gec müraciət olunanda müşahidə olunur”.
Pediatr qurd xəstəliklərindən söz açdı: “Xəstəliyin qarşısını almaq üçün gigiyenik qaydalara mütəmadi və düzgün əməl olunmalıdır. Bununla yanaşı uşaq mütləq tək yatmalıdır.  Həmçinin uşaqların torpaqla təması kəsilməlidir. Əgər xəstəliyə qarşı müalicə tətbiq olunursa, axıra kimi aparılmalıdır. Çünki xəstəlik bir  kursla sağalmır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir