usaqlar

Uşaqlarımızın vətənpərvərlik ruhunda yetişməsi üçün nə etməliyik?

Baxış sayı: 735

Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbətidir. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək həyatın şərəfli bir formada davamıdır. Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amillər vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.

Bəs indiki dövrdə uşaqlarımızın vətənpərvər yetişməsi üçün nə etməliyik?

1. Ailə tərbiyəsi  Valideynlər öz ölkəsinə sevgi, hörmət bəsləməli və bu hissləri övladlarına aşılamalıdır.

2. Milli mədəniyyətə maraq  Uşağa öz xalqının tarixini öyrənməsi üçün şərait yaradılmalıdır. Bunun üçün övladınızı milli mətbəximiz, geyimlərimiz, musiqimiz,rəqslərimiz, adət-ənənələrimiz, bir sözlə, mədəniyyətimiz ilə tanış edə bilərsiniz. Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək diqqəti cəlb edib.

3. Məlumatlandırma  Vətənpərvərliyin yaranması və inkişaf etməsi üçün uşaq vətəni ilə bağlı ətraflı şəkildə məlumatlandırılmalıdır. Ona ölkəmizin istənilən sahədə əldə etdiyi nailiyyətlərdən qürur hissi ilə bəhs edə bilərsiniz.

4. Səyahət – Ana təbiət doğma Azərbaycanımızdan öz səxavətini əsirgəməyib. Qədim dövrlərdən Azərbaycan haqqında məlumat antik müəlliflərin, səyyahların və tarixçilərin əsərlərində əks olunmuşdur. Herodot, Klavdi Ptolomey və başqaları Xəzər dənizinin qərb sahillərində və Cənubi Qafqazın şərq hissəsində yerləşmiş heyrətamiz yer haqqında yazırdılar. Qədim sivilizasiyanın beşiyi olmaqla, həmçinin, bir çox tayfa və xalqların geosiyasi, iqtisadi, mədəni maraqlarının kəsişdiyi yerdə yerləşərək Azərbaycan öz nəsillərinə zəngin mədəni irs qoymuşdur: 7500-dən çox təbii, arxeoloji, memarlıq, tarixi abidələr. Azərbaycan unikal təbii resurslara malikdir: burada yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-na (subtropikdən yüksək alp çəmənliklərinə qədər) rast gəlinir. Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buna görə də uşağınızla ölkədaxili səyahətə çıxaraq həm dincələ, həm də ona vətənin gözəlliyini göstərə bilərsiniz.

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Uşaqlar bizim gələcəyimizdir.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir