İlk öncə bu cümlə ilə başlamaq istəyirəm. Quşlar uçar, balıqlar üzər və uşaqlar oyun oynayar.
Çox təəssüflər olsun ki, bir çox valideynlər uşaqların oyun oynamasını mənasız hesab edirlər, uşaq məktəbə başlayanda onun bütün oyuncaqlarını yığıb atırlar və ya qonşudaki daha kiçik yaşlı uşağa hədiyyə verirlər. Düşünürlər ki, artıq uşaq böyüyüb və oyun oynamalı deyil, bu hal uşaqlarda mənfi təsirlərini göstərir, uşaq ders oxumaq istəmir, ailəsinə qarşı aqressiv olur, məktəbə getməyi cəza kimi görür, çünki ən sevdiyi məşğuliyyətdən məhrum qalıb.
Bəs uşaq nə üçün və neçə yaşına qədər oyun oynamalıdır?
Oyun uşaqların dilidir, uşaq oyun vasitəsilə özünü və həyatı öyrənir, dərk etməyə başlayır,
Oyun uşağı inkişaf etdirir; nitqini, zəkasını, diqqətini və məntiqini.
Uşaqlar 6 yaşa qədər gündə 10 saat, 6 yaşdan sonra isə 5 saata yaxın oyun oynamalıdırlar, bu 12 yaşa qədər davam edir .
Uşaqlar oyunlar vasitəsilə öz problemlərini həll edə bilir, öz daxilindəki gücü ortaya çıxarır özgüvənlərini artıra bilirlər.
Uşaqlar yaşadıqları şiddəti, travmaları, problemləri oyunlar vasitəsilə həll edirlər.
Çünki uşaqlarda sol beyin yeni məntiq inkişaf etmədiyi üçün onlar yaşadıqları hadisələrə məna verib böyüklər kimi danışa bilmirlər, sağ beyinləri daha çox inkişaf etdiyi üçün yaşadıqları bütün hadisələri oyunlar vasitəsilə göstərə bilirlər.
Ona görə də mən uşaqlarla işləyən zaman Uşaq Mərkəzli Oyun terapiyasından və Filial terapiyadan istifadə edirəm.
Valideynlərə onu demək istəyirəm ki, uşaqları anlamaq üçün onların dilində danışmağa çalışın, onlara uzun uzadı məsləhətlər verməyə çalışmayın, onsuz da uşaqlar onu anlamaqda çətinlik çəkirlər, uşaqlara nə isə öyrətmək istədikdə bunu oyun yolu ilə etsinlər, ilk növbədə uşaqları anlamağa çalışıb, onların etdikləri mənfi davranışlarına deyil, uşağın özünə fokslansınlar. Çünki uşaqlar o davranışları ilə valideynlərə nələrsə demək istəyirlər, uşaqlar sizinlə nəyisə bölüşmək istədikdə əlinizdəki digər işləri kənara qoyub bütün diqqəti uşağa vermək, onu dəyərli hiss etdirmək çox önəmlidir.
Hər bir valideyn övladını xoşbəxt görmək istəyir, çalışır ki, ona çoxlu oyuncaqlar alsın, bahalı geyimlər geyindirsin, hər istədiyini etsin və buna baxmayaraq valideyn şikayətlənir ki, uşağım məni eşitmir, hər şeydən tez bezir və s. Çünki bütün bunlar uşağa müvəqqəti həzz duyğusu verir , uşaq isə valideyinləri ilə dəyərli vaxt keçirmək, sevilmək və anlaşılmaq istəyir, həftədə 2-3 dəfə 20 dəqiqə belə olsa onlara vaxt ayırıb onlarla oyunlar oynayın, amma bu oyunu siz yox, icazə verin onlar idarə etsin, onlara öyrətmək istədiyiniz davranışları onların yanında ilk özünüz edin. Onlara zamanında doğru sərhəd qoyun, aranızdakı bağı gücləndirin. Bütün bunları daha ətraflı Filial terapiya təlimində öyrənə bilərsiniz.
Psixo-pedaqoq Hüsniyyə Abbasova