valideyn

Uşaqların həyatındakı təhlükəli dövrlər barədə nə bilirik?

Baxış sayı: 1. 107

Uşaq böyütmək, tərbiyə etmək hər şeydən əvvəl böyük fədakarlıq tələb edir. Çünki hər bir uşağın həssasılıq tələb edən dövrləri var. Bu dövrlər arasında iki dövr var ki, valideynlər bu dövrdə daha həssas və daha diqqətli olmalıdırlar. Təbii ki, bu dövrlərdə onlar səbirli və təmkinli olmağı da unutmamalıdırlar. Bu dövrlərdən biri 3-5 yaş dövrü, digəri isə yeniyetməlik dövrüdür.

 valideyn

İndi isə əvvəlcə 3-5 yaş dövrü haqqında…

Uşaq 3 yaşına qədər içində yaşadığı dünyanı dərk etməyə çalışır. 3 yaşına yaxınlaşdıqca artıq şəxsiyyəti formalaşmağa başlayır. Bu dövrdə uşaq hər şeyin ona aid olduğunu düşünür. Təbii olaraq, “mən”lə başlayan cümlələr qurur. Bu yaşda olan uşaqlara inadkarlıq da xasdır. 3-5 yaş dövründəki uşaqların yaramaz hərəkətlərə yol verməsi də təbiidir (ən çox da özlərini qəbul etdirmək üçün). Bu dövr əsasən 5 yaşına qədər davam edir. Və əgər valideyn bu dövrdə uşağın bütün istəklərini yerinə yetirirsə, deməli, çox böyük səhvə yol verir. Halbuki, ən uzunömürlü tərbiyə bu dövrdə verilən tərbiyədir. Buna görə də, valideyn uşağı anlamağa çalışmalı, onunla tez-tez ünsiyyətdə olmalıdır. Təbii ki, valideyn bu dövrdə ona qarşı alçaldıcı hərəkətlərə də yol verməməlidir (xüsusilə də, cəmiyyət arasında). Unutmayın, bu dövrdə yol verdiyiniz hər hansı bir səhv uşağınızı ya aqressivliyə sövq edə, ya da özünə inamı olmayan qapalı bir uşağa çevirə bilər.

valideyn

 

Yeniyetməlik dövrünə gəlincə, əgər 3-5 yaş dövründəki uşaq “mən”lə başlayan cümlələr qurursa, yeniyetməlik dövründəki uşaq daha çox “Mənə görə”, “Mənim fikrimcə” deyir. Bu isə onun hər şeyi bildiyini düşünməsindən irəli gəlir. Ətrafındakıları demək olar ki, bəyənmir və onları mümkün qədər tənqid etməyə çalışır. Digər tərəfdən, yeniyetməlik dövründə uşağın xarakteri yavaş-yavaş oturmağa başlayır. İnadkarlıq göstərir, əsəblərinə hakim ola bilmir. Ancaq valideynlər bu dövrün müvəqqəti olduğunu unutmamalı və öz həqiqətlərini uşağa qəbul etdirməyə çalışmamalıdırlar. Əks halda, yeniyetmə onu başa düşmədiklərini fikirləşə, həm maddi, həm də mənəvi cəhətdən evdən uzaqlaşa bilər. Unutmayın, bu iki dövr təhlükəsiz ötüşsə, gələcəkdə valideynlə uşaq arasında elə bir ciddi problem də baş verməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir