Heç kəsə sirr deyil ki, ailədə uşaq doğulanda ailənin həyatı dəyişir. Məsuliyyətli ata uşaq tərbiyəsinin müxtəlif metodlarını öyrənməli, atalıq öhdəliklərinə ciddi yanaşmalıdır. Sevgi, diqqət, şəfqət, qayğıkeşlik kimi keyfiyyətlər nümunəvi atalıq modelinin vacib amillərindəndir.
Uşaq sizin işdəki nailiyyətlərinizi, çətinliklərinizi, hansı psixoloji durumda olmağınızı anlamır. Onlar qeydsiz-şərtsiz sizin diqqətinizə ehtiyac duyurlar. Əgər sizin bir necə uşağınız varsa, onların hər birinə vaxt ayırmaq vacibdir. Uşaqların heç biri sizin diqqətinizdən kənarda qalmamalıdır. Əgər işinizlə əlaqədar olaraq gün ərzində uşaqlarınızla kifayət qədər vaxt keçirə bilmirsinizsə, o zaman onlarla hər gün 10-15 dəqiqə söhbət etməyi unutmamalısınız.
Uşaqla birgə kino və teatra getmək, idman zalında məşq, park gəzintisi onun üçün əyləncəli və faydalı məşğuliyyətlərdir. Əlamətdar günlərdə (ad günü, bayram) övladınızın yanında olmağa çalışın. Çünki uşaqlar bu günlərdə xüsusi pozitiv emosional əhvalda olurlar və baş verənləri uzun müddət xatirələrində saxlayırlar.
Uşağa əxlaq və etik davranış qaydaları haqqında mütəmadi nəsihətlər verilməlidir. Ancaq bu zaman ana və atanın uşağa aşıladığı dəyərlərdə uyğunsuzluq olmamalıdır. Uşaqların mənəvi cəhətdən harmonik inkişafı üçün valideynlərin ortaq dəyərlərdən çıxış etməsi mütləqdir.
Uşağa yeni bacarıqlar – diş yumaq, velosiped sürmək, şəkil çəkmək öyrədərkən əyləncəli metodlardan istifadə edin. Uşaqlar onları əyləndirməyən məşğuliyyətlərdə çox da maraqlı olmurlar, bu səbəbdən diqqət dağılması, fəaliyyətdən yayınma halları baş verir.
Uşaqlarla ünsiyyət zamanı sakit və təmkinli olun, hörmətkar münasibət göstərin. Belə olan halda onlar sizə hörmətlə yanaşacaq, dediklərinizə ciddi yanaşacaq və əməl etməyə çalışaraqlar.
Uşaqlara hər hadisəyə görə səs yüksəltmək olmaz. Belə olan halda uşaqlar stress keçirəcək, özünü günahkar hiss edəcək və problemləri sizin iştirakınızla həll etməkdən imtina edəcək.
Atanın xoş münasibəti ilə böyüyən uşaq həyata pozitiv yanaşır və özündən böyüklərə hörmətlə, kiçiklərə sevgi ilə yanaşır. Atalar uşaqları üçün dəyərləri təmsil edən bir simadır. Ata uşağa xeyirlə şərin fərqini anlatmalı, onun qayğıya ehtiyacı olan zaman hər kəsdən tez görməli və ona doğru yolu göstərməyi bacarmalıdır. Birlikdə masa arxasında (ailəvi) yemək yeməli, ona dost və sirdaş olmaldır.
Beləliklə, unutmayın ki, yaxşı ata olmaqla siz cəmiyyətə, vətənə, millətə yararlı övlad böyütmüş olursunuz.