komputer

Uşaqların internet asılılığını necə azaltmaq olar?

Baxış sayı: 1. 661
Heç kim bu gün texnoloji vasitələrin həyatımızdakı əvəzedilməz rolunu  inkar etmir. Demək olar ki, əksəriyyətimiz günümüzün  böyük hissəsini  mobil telefon, planşet və internet resursları ilə xərcləyirik. Lakin təəssüflər olsun ki, son zamanlar bu artıq uşaqlarda da dəb halını alıb. kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz  ya oyun ounayır, ya da internetə daxil olur. İctimai nəqliyyatda, kafelərdə, hətta parklarda belə hər birimiz bunun dəfələlə şahidi oluruq və buna əhməiyyət vermirik. Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedirmək üçün uşağın əlinə mobil telefon verir. Bəs görəsən bu nə dərəcədə düzgündür? Uşaqlarda bu asılılığı necə aradan qaldırmaq olar?
Psixoloq Vəfa Rəşidova deyir ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq  birmənalı olaraq ailədən qaynaqlanır: “Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn  öz uşağı ilə  maraqlanmır və nəticədə bu onlarda belə bir asılılıq yaradır. Əgər internet asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən  qaynaqlanır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asıllıq insanın  istənilən yaş dövründə  ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi  problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqətsizliyi, ailədəki  gərginliyi unutmağa çalışır və bununla o öz başını qatdığını zənn edir. Lakin  o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompyuter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Problemin qarşısını almaq  üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki,  texnoloji alətlərə, internetə meyl  etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə  çalışırlar. Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır”.
Müsahibimiz deyir ki, bəzən valideynlər özləri uşaqlarına mobil telefon verib onlardan bununla  başının qatmasını istəyirlər. Amma bu tamamilə yanlış bir davranışdır: “Məhz buna görə də son zamanlarda uşaqlarda əqli və emosional ləngimə geniş yayılıb.  Biz seanslarımızda da tez-tez bunun şahidi oluruq. Bu problemlərlə günümüzdə bağlı həddindən artıq müraciətlər olunur. Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır. Amma əslində o ikiqat zərərə uğrayır. Belə uşaqlarda adətən analiz qabiliyyəti çox zəif olur. Bunun korreksiyası üçün ilk növbədə psixoloqun peşəkarlıq səviyyəsi yüksək olmalıdır. O həm valideyni, həm də uşağı düzgün istiqamətləndirməyi bacarmalıdır.  Bəzən bu məsuliyyət təkcə ananın üzərinə atılır. Lakin belə bir məqamda atanın müdaxiləsi daha  çox vacibdir. Mən öz passientlərimlə iş zamanı  həm atanın, həm ananın uşaqla daha çox vaxt keçirmələrini bildirirəm. Uşaqla daha çox maraqlanmaq lazımdır. Uşaqları başdan etmək, yola vermək  qətiyyən olmaz. Belə olduqda uşaqlar diqqət çəkmək üçün aqressiv davrana bilir, hətta yalan belə danışmaqdan çəkinmir. Bu problemlər həll olunmadıqda yeniyetməlik dövründə bunun qarşısını ümumiyyətlə almaq olmur. Uşaqlarla daha çox ünsiyyətdə olmaq, birgə vaxt keçirmək lazımdır. Mən burada təkcə bahalı restoranlarda yemək yeməyi, oyun zallarında olmağı  nəzərdə tutmuram. Bu adi ev şəraitində də həyata keçirilə bilər. Kiçik bir nağıl danışmaq, birgə film izləmək, bir neçə saat həyətdə oynamaq  uşaqların psixologiyasının korreksiyasında  çox böyük rol oynayır. Uşaqları bahalı restoranlarına aparmaq madiyyatla sevgi göstərməkdir. Valideyn öz sevgisini övladına mənəvi cəhətdən aşılamalıdır. Belə olduqda uşaq həm sevgi doyumsuzluğundan əziyyət çəkməz, həm də daxilən rahat olar. Belə olanda internet, mobil telefon uşağın maraq dairəsində olmur”.
Psixoloq deyir ki, uşaqların mobil telefon və internet asılılığını azaltmaq üçün istifadə etdiyi məxsusi bir proqram var: “Bu proqramın köməkliyi ilə uşaq həm valideynlə vaxt keçirə bilir, həm dərslərini oxuyur, həm də internetdən lazımi qədər istifadə edir. Çünki biz interneti və mobil telefonlara tamamilə qadağa qoya bilmərik. Bunun üçün balansın qorunmağı çox vacibdir. İnternet asılılığı olan uşaqlarda birdən-birə qadağan etmək daha ciddi fəsadlara yol aça bilər. Uşaq uzun müddət gözləyir ki, sərbəst olsun. Bu qadağa qoyulduqda isə uşaq məcbur olub internet klublara üz tutur. Bəzən bu  uşaqda əsəb krisi keçirməsinə səbəb ola bilər. Valideynlər evdə modemi söndürürlər ki, uşaq internetə daxil ola bilməsin. Əgər uşaq buna ehtiyac duyursa, bunu harda olsa əldə edəcək.
Lakin onun getdiyi internet klublar uşaq üçün nə dərəcədə faydalı ola bilər ki? Oradan uşağın nə öyrənəcəyi, kimlərlə dostluq edəcəyi sual altında qalır. Valideynlər bəzən məsələnin bu tərəfinə diqqət yetirmirlər. Əslində, bu, ən vacib məqamlardan biridir. Uşaq evdə o rahatlığı hiss etməlidir ki, başqa tərəfə yönlənməsin. Çünki o tamamilə yanlış istiqamətlərə vara bilər. Buna isə heç kim zəmanət vermir”.
Pediator Günay Rəsulova deyir ki,  uşaqların mobil telefon, planşet, kompyuter qarşısında keçirdikləri vaxt onların sağlamlıqları üçün həddindən artıq təhlükəlidir: “Bu artıq bir çox uşaqda alışqanlıq halına gətirib çıxarıb. Nəq ədər təəssüfləndirici olsa da,   əsas səbəbkar  valideynlərin özləridir. Uşağı sakit saxlamaq, yemək yedizdirmək məqsədi ilə valideynlər bəzən uşaqları planşetdən istifadəyə təşviq edirlər. Bu isə bir müddət sonra  uşaqda  asılılıq formalaşdırır. Valideyn sonradan  bu asılılığın qarşısını almağa çalışdıqda isə müxtəlif çətinliklər yaşanır. Uşağın uzun müddət texnoloji vasitələrdən istifadəsi onların  daha çox  görmə qabiliyyətinə mənfi təsir göstərir. Bundan sonra uşaqlar gözlərini tez-tez qırpır və gözündə müxtəlif ağrılar hiss etməyə başlayır”.
G.Rəsulovanın sözlərinə görə,  uzun müddət televizor, kompyuter qarşısında əyləşən uşaqlarda xroniki yorğunluq deyilən bir hal müşahidə olunur. Belə uşaqlar özlərini aşırı yorğun, ətraf mühitə qarşı maraqları itir: “Uzun müddət şüalanan uşaqların enerjiləri tamamilə tükənir. Bundan başqa adətən həmin  uşaqlarda iştahasızlıq  müşahidə olunur.  Buna səbəb onların uzun müddət hərəkətsiz qalması ilə bağlıdır. İştahasızlıq isə öz növbəsində  kalorinin  az sərf olunmasına,  qidaya tələbatın aşağı düşməsinə səbəb olur. Televizor, planşet qarşısında yemək yeyən uşaqlarda həzm sistemi xəstəlikləri riski daha yüksək olur. Yemə aktında həzmin normal getməsi üçün ilk növbədə beyin tərəfindən simulyasiya olunmalıdır ki, mədə xüsusi şirə ifraz etsin. Həmin uşaqların fikri yeməkdə olmadığına görə yeməyin həzmi də çətinləşir. Adətən belə uşaqlar yaddaşsız və diqqətsiz olur. Uzun müddət mobil vasitələrdən asılı qalan uşaqlarda ciddi psixoloji pozğunluqlar yaranır. Psixoloji asılılıq, autizm, özünə qapanma, depressiya kimi risklər  də yüksəlir. Valideynlər dərk etməlidir ki, mobil vasitələr tərbiyə üsulu deyil. Uşağı telefonla bir qədər sakit saxlamaq, yaxud yenməyini yedizdirmək uşağı uçuruma doğru sürükləyir.  Lap  kiçik yaşlarından uşaqlarla fərdi münaibət yaradılmalıdır. Validyen uşağa planşetdən daha yaxın olmalıdır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir