Uşaqların iştahalarını artırmaq istəyirsinizsə…

Baxış sayı: 1. 383

Uşaqları yeməyə məcbur etmək lazımdırmı? Valideynlər iştahasızlıqla bağlı nəyi bilməlidirlər? Elə isə birinci sualdan başlayaq.

Maraqlıdır ki, mütəxəssislər süfrədə uşaqları yeməyə məcbur etməyin doğru olmadığını bildirirlər. Həmçinin, mütəxəssislər yemək yeyərkən uşaqları sərbəst buraxmağın daha məqsədəuyğun olduğunu ifadə edirlər. Mütəxəssislərə görə, xəstəliklə yanaşı, qorxu da uşaqda iştahasızlığa səbəb ola bilər. Əgər uşaq boşqabındakı yeməyi yeyə bilmirsə, ilk növbədə onun xəstə olub-olmadığını öyrənmək lazımdır. Çünki yüksək temperatur, qulaq və ya boğaz ağrısı, zökəm, qrip və s. kimi xəstəliklər uşaqda iştahasızlığa səbəb olan əsas amillərdir. Belə hallarda uşağa həkimin tövsiyə etdiyi qaydada yemək vermək, eyni zamanda uşağın “tələblərini” nəzərə almaq lazımdır. Ümumiyyətlə, əgər uşaq xəstədirsə, onu yeməyə məcbur etməyin heç bir mənası yoxdur. İndi isə ikinci suala keçək. Bəs iştaha ilə bağlı valideynlər nəyi bilməlidirlər? Hər şeydən əvvəl unutmaq olmaz ki, iştaha məsələsində uşaqlar müxtəlifdirlər. Məsələn, bəzi uşaqlar iştahalı olduqları halda, bəzi uşaqlar iştahasızdırlar. Təbii ki, bunların hər birinin öz səbəbi var. Məsələn, uşaqların iştahasız olmasına yuxarıda saydıqlarımızla yanaşı, aqressizlik və ya qısqanclıq kimi hisslər də səbəb ola bilər. Bundan başqa, bəzən uşaqlar yemək yeməməklə valideynlərini “cəzalandırmaq” da istəyə bilərlər. Digər tərəfdən, əgər belə demək mümkünsə, hər bir uşağın öz “yemək norması” var. Ona görə də uşağı bu normadan artıq yeməyə məcbur etmək ona xeyirdən çox, ziyan verər. Bundan başqa, yeməkdən əvvəl uşağa verilən şirniyyatlar, çərəzlər və s. də uşağın iştahasını azalda bilər. Odur ki, əgər uşağınız acmışsa, yemək vaxtını gözləməyin və vaxt itirmədən uşağınızın yeməyini verin. Çünki yemək vaxtına qədər uşağınızın iştahası küsə bilər. Bundan başqa, açıq havada olmaq da uşaqda iştahanın artmasına kömək edə bilər. Çünki təmiz hava uşaqların iştahalarını artırmaq üçün ən yaxşı dərmandır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir