usaqlar

Uşaqların qış tətilini səmərəli keçirməsi üçün tövsiyələr

Baxış sayı: 1. 903

Yeni il bayramına hər kəsdən çox uşaqlar sevinir. Şaxta babanın hədiyyələri, oyuncaqlar, şənliklər uşaqları sevindirmək üçün gözəl fürsətdir. Bayramla əlaqədar olaraq tətilə çıxan uşaqların boş vaxtını daha səmərəli keçirməsinə çalışmaq lazımdır. Bu barədə məsuliyyət əlbəttə ki, valideynlərin üzərinə düşür. Təəssüf ki, bir çox valideyn klassik səhvlərə yol verir və qış tətilini səmərəsiz hala gətirir. Bəs fəal və səmərəli istirahəti proqramlaşdırmaq üçün nələrə diqqət etmək lazımdır? Bu barədə bir neçə məsləhət təklif edirik.

Artıq sabahdan uşaqların qış tətili başlayır. Onlar bu günlər ərzində doyunca istirahət edəcək. Uşaqlarla yanaşı, böyüklər də evdə olacaq. Lakin uşaqları “Hava soyuqdur” deyib bütün günü evdə saxlamaq olmaz.

Tətildə uşaqları əyləndirmək və vaxtını səmərəli keçirməsini təmin etmək lazımdır. Dekabr ayının havası bu qışın çox soyuq olacağından xəbər verir. Uzun qış gecələrində vaxtın daha yaxşı keçməsi və uşaqlar üçün maraqlı, gülməli, hətta maarifləndirici cizgi filmlərini alın.

Cizgi filmlərdən əlavə, uşaqların zehni inkişafına təsir edən və onları əyləndirə biləcək oyunlar almaq məsləhət görülür. Kompyüterdən isə mümkün qədər uzaq tutun. Uşaqlarınızın tətilini kompyüter qarşısında sıxıcı şəkildə keçməsini istəməzsiniz hər halda…

Primitiv oyunlardan qaçın və daha maraqlı oyunlar fikirləşin. Məsələn, heyvan yerişlərini təkrarlamağa, quş səslərə çıxarmağa çalışın, at və ya əsgər kimi addımlamağı öyrənin. Bu uşaqlar üçün həm fiziki aktivlik olacaq, həm də heyvanları sevməyə kömək edəcək.

Böyük uşaqlarınız varsa, evdə birlikdə uşaq teatrı düzəldə bilərsiniz. Bunun üçün uşağınıza aldığınız saysız-hesabsız oyuncaq bəs edir. Özünüzdən hekayə uydurun və onun üzərində tamaşa qurun. Örtüklərdən kiçik səhnə düzəltməyi də unutmayın. Səhnəciyin daha əyləncəli keçməsi üçün qonşudakı uşaqları da dəvət edə bilərsiniz. Həmçinin hər bir uşağa kiçik bir rol verməyi də unutmayın.

Bu səhnəciyə Yeni il nəğməsi qoşmağı da unutmayın.

Tamaşanın sonunda uşaqlara şirniyyat da təklif edin. Bu uşaqların maksimum dərəcədə əylənməsini təmin edəcək.

Uşaqlarınıza sevdiyi ev heyvanı da hədiyyə edə bilərsiniz. Bu, onlar üçün əsl Yeni il hədiyyəsi ola bilər.

Uşaqlara kitab oxumağı qətiyyən unutmaq olmaz. Onlar valideynlərinin dilindən hekayələr eşitməyi çox sevirlər. Şəkilli kitablar onlar üçün cizgi film qədər maraqlı gəlir.

Tətillər uşaqlarla ünsiyyəti artırmaq və əla vaxt keçirmək üçün ən yaxşı şansdır. Bu şansı əldən verməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir