Kimin başına gəlməyib, hamımız yaşamışıq. Uşaq şıltaqlığı, heç olmayan yerdə inad edib böyüklərin “qanını qaraltmaq” hamımızın başına gələn və ya hamımızın başa gətirdiyimiz şeylərdir. Ailə büdcəsində hər şey nəzərə alınmalıdır, mətbəx xərcləri də, nəqliyyat xərcləri də, uşaqların təhsil xərcləri də, hələ desən, onların əyləncə xərcləri də. Bəzən uşaq inad edir, sizin hər şeyi güc-bəla ilə bölüb tamamladığınız bir vaxtda heç ağlınıza gəlməyən bir problem çıxarır: uşaqların velosipedi var, mənə də velosiped alın. Ya da başqa bir tələb irəli sürür: uşaqlarla gəzintiyə gedəcəyik, adama bu qədər pul yığmalıyıq. Təbii ki, siz bütün bunları mümkün qədər xoşluqla, ürək sındırmadan həll etmək istəyirsiniz. Ancaq bu sizə o qədər də ucuz başa gəlmir. Və siz mütləq ailənin ehtiyaclarından hansısa birini növbəti aya qədər təxirə salırsınız. Təbii ki, hər şeyin üstündə uşağın qəlbini qırmaq da düzgün deyil. Elə isə bəs düzgün olan nədir? – Hə, əsas məsələ də elə buradan başlayır…
Mütəxəssislər bildirirlər ki, ailə büdcəsinin bölüşdürülməsində uşaqlar da iştirak etməlidirlər. Yaşı 10 da olsa, 15 də olsa, uşaq bilməlidir ki, onun ailəsinin aylıq ehtiyacı nə qədərdir. Hətta bəzi məsələlərdə onunla məsləhətləşmək belə səmərəli olur. Əvvəla, ona görə ki, uşaq özünə qarşı inam hiss edir, başa düşür ki, onunla hesablaşırlar, fikrini soruşurlar. Bu hiss onu daha ciddi, daha məsuliyyətli davranmağa sövq edir. İkinci tərəfdən isə uşaq ona qiymət verildiyini hiss edəndə istər-istəməz öz şıltaqlığını arxa plana atır. Yəni, necə ola bilər ki, sənə bu qədər qiymət verələr, sən də bu etimaddan sui-istifadə edəsən? Bir sözlə, hər münasibət uşaqda ciddi və məsuliyyətli bir xarakter formalaşdırmalıdır. Etimad şıltaqlığı qəbul etmir. Siz etimad göstərsəniz, uşaq da şıltaqlığından əl çəkər. Həftəlik alış-verişlərdə uşaqların da iştirakı məsləhət görülür. Evə nə qədər yağ, qənd, çay, ət, düyü və s. bu kimi zəruri ərzaqlar alınacaqsa, bu prosesi mümkün qədər uşaqların iştirakı ilə həyata keçirmək lazımdır. Qoy uşağınız elə kiçik yaşlarından alış-verişi öyrənsin, nəyi haradan, neçəyə almağı bilsin.
Bu günümüzün ən böyük problemlərindən biri də pulla necə rəftar etmək məsələsidir. Siz uşağı kiçik yaşından bu cür yetişdirsəniz, əslində ona pulla necə rəftar etməyi öyrətmiş olarsınız. Ailə büdcəsində israf olmamalıdır. Uşaq bilməlidir ki, həftədə 4 nəfərlik ailə orta hesabla nə qədər yağ, nə qədər ət, nə qədər çay… istifadə edir. Artıq almağa lüzum yoxdur. Əgər sən burada israf etsən, o tərəfdə hansısa məsələni təxirə salmalı olacaqsan. Etiraf edək ki, bu gün əksər ailələrimizin qarşısında bu məsələ ciddi bir problem kimi durur. Hər şeyi lazım olduğu vaxt və lazım olduğu qədər almaq, israfdan və ifratdan qaçmaq, bir sözlə, ailə büdcəsinə qənaət mühüm məsələdir. Uşağı gələcəyə hazırlamaq həm də bu cür işlərdən keçir. Bir də uşaq ona qiymət verildiyinə inananda ciddiyyəti və məsuliyyəti də artır. O da evin bir adamıdır, onu kənarda qoymayın, lazım gələndə fikrini öyrənin, lazım gələndə işi ona həvalə edin. Narahat olmayın, uzaqbaşı bir-iki dəfə səhv edəcək, ancaq sonra düzələcək. Allah köməyiniz olsun!..