Yeni ilin gəlişinə sayılı günlər qalıb. Amma təssüflər olsun ki, “təqvimin dəyişiməsinə hamımız səbirsizlənirik” deyə bilməyəcəm. Kimisi ayın əvvəlində aldığı və ayın ortasına çatmamış bitən maaşla necə süfrə açacağının dərdini çəkir, kimisi uşaqların “Şaxta baba”ya yazdığı məktubdakı sifarişlərin qiymətini hesablayır, kimisi də hər gələn ilin digərindən daha böyük bəlalarla gəlişini düşünərək təqvimi “dondur”maq istəyir. Böyüklərin bu cür əhvalda olması anlaşılandır. Amma bədbəxtlik ondadır ki, artıq yeni nəsil uşaqlar da bayramları sevə bilmirlər.
Bizim uşaq vaxtı ən səbirsizliklə gözlədiyimiz, işıqlarının rəngarəngliyinə, şam ağacının əzəmətinə, “Şaxta baba” və “Qar qız”ın möcüzəviliyinə məftun olduğumuz Yeni il artıq uşaqları da sevindirə bilmir. Bu isə valideynlərin dərdinin üstünə daha bir dərd kimi əlavə olunub. Niyə körpələrimizi xoşbəxt görə bilmirik? Səbəb nədir?
Bəlkə də günahkar elə özümüzük. Övladlarımızı arzulamağa qoymuruq. Bəli, qoymuruq. Öz yaşadığımız çətinlikləri onlara hiss etdirməyək deyə, əlimizdən gələnin çoxunu edirik. Övladımızın ağzından çıxan hər sözü həyata keçirmək üçün çırpınırıq. Təbii ki, biz bunu yaxşı düşüncələrlə edirik. Amma uşaq bunu necə anlayır? Düşünür ki, valideynlər sehrbazdır və onların ağzından çıxan hər istəyi həyata keçirməyə borcludur.
Biz aylar əvvəldən valideynlərimizdən tarixi soruşaraq, gün sayan, nənəmizin günlərlə bir-bir konfet alıb şkafda gizlətdiyi, 30 dekabr gecəsi bizi yatırdıqdan sonra “xış-xış” sellofanlara yığıb qırmızı lentlə bağladığı hədiyyələrlə sevinən, illərlə həmin hədiyyələrin nənəmizin zəhməti hesabına başa gəldiyini anlamayan, “Şaxta baba”nın comərdliyinə inanaraq böyüyən uşaqlar olmuşuq. İndiki uşaqlara meyvəni sevdirə bilmirik, amma biz Yeni il hədiyyəmizin içərisində bir ədəd mandarini görüb onun ətri ilə valeh olan nəsil olmuşuq. Çətinliklərimiz olub. İndiki kimi hər şey bol olmayıb, amma xırda şeylərə sevinməyi bacarmışıq.
Yeni nəsil uşaqlar isə ən bahalı hədiyyəni alsanız belə, bir “əmma” tapacaq. Bəlkə də səbəblərdən daha biri internet vasitəsilə daha çox şey görmələridir. Bilmirəm…
Dünyanı çiçəkləndirən uşaqların gülüşüdür. Yeni ildən uşaqların gülüşünü geri qaytarmasını arzulayıram.
Leyla Mirzə