Psixoloqlar uşaqların gələcəkdə aqressiv və əsəbi olmasının səbəblərini araşdırıb. Kiçik yaşlarından evdə, bağçada, məktəbdə valideynləri və müəllimləri tərəfindən qoyulan sərhədlər onların sinir sisteminə çox böyük zərbə vurur.
Uşaq psixologiyası “yox” cavabına qarşı həssas olur. Buna görə də psixoloqlar valideynləri uşaqlara qoyulan sərhədləri nisbətən azaltmağa çağırır. Uşaqlara özlərini daha təhlükəsiz və daha rahat hiss etdirmək lazımdır. Zəruri məhdudiyyətlər istisna olmaqla, digər qadağalar uşaqların özlərini inamsız, qərarsız hiss etmələrinə və inkişaflarının ləngiməsinə səbəb ola bilər.
“Gencaile.az” “Publika.az”-a istinadən dünya psixoloqlarının uşaqların təlim-tərbiyəsində valideynlərə verdiyi faydalı məsləhətləri təqdim edir:
Sual vermək – Uşaqlar tez-tez sual verməyi sevir. Sual verib yeni informasiya əldə etmək onların zehni inkişafı üçün çox önəmlidir. Bir uşaq dünyanı sual verərək öyrənir. Valideynlər çoxsaylı və əksəriyyəti təkrar olan suallar qarşısında yorula bilir. Lakin psixoloqlar belə hallarda uşaqlara kobud cavablar verib, aqressiv münasibət sərgiləməyi qadağan edir.
Ağlamaq – Uşaqlar dünyaya gələndən yetginlik çağına qədər ağlayır. Kiçik yaşda olan uşaqlar hər şeyi böyüklərdən daha güclü hiss edir. Onların ağlamaq səsi sizi narahat edə bilər, lakin ağlamağı onlara qadağan etməyin və onları cəmiyyət içərisində ağladıqları üçün təhqir etməyin. Nə üçün ağladıqlarını anlamağa çalışın.
Etiraz etmək – Uşaqların da sizin ailənizin bir üzvü olduğunu unutmayın. Ailədə onlara da söz haqqı tanınmalıdır. Onların sizə yox cavabı verməsini əngəlləməyin. İcazə verin, fikirlərini sizə çatdıra bilsinlər. Siz onlarla dost kimi danışıb nə üçün bunu etmək olmaz izah edin. Hər dediyinizi qorxaraq, məcburiyyət qarşısında etmələrinə deyil, dərk edərək razılaşmalarına sevinin.
Səs-küy etmək – Uşağınızın uşaqlığını yaşamasına mane olmayın. Mahnı oxuyub, əcayib səslər çıxarmasını qadağan etməyin. Təzə-təzə danışmağa başlayan körpələrin iki-üç səsi tez-tez təkrarlaması valideynləri tez özündən çıxardan məqamlardan biridir. Psixoloqlar bunu doğru hesab etmir. Uşaqlara qarşı səbrli davranmaq lazımdır. Nəticədə həyatlarında azad olduqları yeganə dövr, uşaqlıq dövrüdür.
Qorxmaq – Azyaşlı uşaqlar ən çox nədən qorxur? Təbii ki, qaranlıqdan, tanımadıqları insanlardan və həkimlərdən. Qorxduqları üçün onları utandırmayın. Yanlarında olduğunuzu və qorxacaq bir şeyin olmadığını onlara izah etməyə çalışın.
Sirr saxlamaq – Uşaqların böyüdükcə ana və ataları ilə sirdaş olmağa ehtiyacları artır. Valideynlər övladlarının onlara verdiyi sirləri belə bir-birlərinə deməməlidir. Bu uşaqların psixologiyasına və sədaqət anlayışına mənfi təsir edir. Uşaqlara etibarın necə qazanıldığını doğru formada aşılamaq lazımdır.
Səhv etmək – Dünyada səhvsiz insan yoxdur. Onu da qeyd etmək lazımdır ki, heç kim bilərək səhv etmir. Səhv edən kəs uşaqdırsa, onları bu hərəkətlərinə görə azarlamayın. Xətalarını onlara doğru şəkildə izah edin ki, onların özlərinə güvəni itməsin.