Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.
Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni, bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrini də qatdığını unutmamalıyıq.
Əslində, uşaqların belə təqlidi davranışları da onların mənliklərinin üzə çıxmasına kömək edir. Uşaq oyun əsnasında sözləri ilə, reaksiyaları ilə, səs tonu ilə və nəhayət, mimikaları ilə duyğularını canlandırır. Yəni, oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, oyunlarla özünü ifadə edir və s.
Məsələn, əgər uşaq anasının hər hansı bir davranışından əsəbiləşibsə və ondan “qisas almaq” istəyirsə, oyunda özü ata rolunu oynayaraq, ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qarşı qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edirsə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər.
Digər tərəfdən, uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzularından, həmçinin xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğunu başa düşmək olar. Bu, həm də həmin uşağın qardaşını qısqandığı mənasına da gələ bilər.
Oyunlarda daha çox “ata”, “müdir”, “komandir” kimi rolları oynamaq istəməsi uşaqların liderlik qabiliyyətlərinin inkişaf etməsinə işarədir. Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini özü qurursa, bu, onun təşkilatçılıq qabiliyyətinin olmasına dəlildir.
Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını həssaslıqla müşahidə etməli, təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq uşaqları ilə davranmalıdır.
Aygün Vəliyeva