valideyn

Uşaqlarınızı dinləməyi bacarırsınızmı?

Baxış sayı: 577

Valideynlər çox vaxt uşaqlarla valideynlər arasındakı ünsiyyət problemlərindən şikayət edirlər. Uşaqlarının onlarla danışmamasından və ya verdikləri suallara cavab verməməsindən şikayət edən valideynlər də az deyil. Xüsusilə, bu cür problemlər yeniyetmə yaşına çatan gənclərlə valideynlər arasında daha çox baş verir.

Hər şeydən əvvəl biz valideynlər öz problemlərimiz olduğu kimi, uşaqlarımızın da öz problemləri olduğunu unutmamalıyıq. Məsələn, Tomas Qordon: “Çox vaxt insan hisslərini unutmağa çalışaraq və ya başqa şeylər düşünərək onlardan xilas olacağını düşünür. Halbuki onlardan xilas olmaq üçün ən yaxşı yol hisslərini bölüşməkdir”, – deyir. Uşaqlarımızın hisslərini öyrənmək üçün isə ən vacib şey onları dinləməyi bacarmaqdır.

Valideyn və uşaq arasında ünsiyyətin əsas açarı dinləməkdir. Bu, həm də valideynin uşağına qiymət verdiyini büruzə vermək deməkdir.  Təbii ki, ona qiymət verildiyini hiss edən uşaq da bu hisslərə eyni səmimiyyətlə cavab verəcək və heç bir maneə olmadan hisslərini ata-anası ilə bölüşəcək.

Ancaq bu prosesdə valideynlər səbirli və təmkinli olmağı bacarmalıdırlar. Uşağınızın ifadə etdiyi fikirlər sizi narahat etsə də, sözünü dərhal kəsməyin. Uşağın səhvini düzəltmək və doğru olanı ifadə etmək üçün tələsməyin. Bir az səbirli olun və onun daha çox danışmasına və fikirlərini daha dəqiqliklə ifadə etməsinə imkan verin. Hətta bunun üçün onu həvəsləndirməyə çalışın. Beləliklə, uşağınızın daxili aləmi ilə tanış olmaq imkanı da əldə edə bilərsiniz.

valideyn

Yaxşı dinləyici olmaq istəyirsinizsə…

Valideyn və uşaq arasında ünsiyyətin ən mühüm amillərindən biri də dinləməkdir. Buna görə də, istər ata olsun, istər ana yaxşı dinləyici olmağı bacarmalıdır. Yaxşı dinləyici olmaq üçün isə aşağıdakıları nəzərə almaq lazımdır:

– Uşağınız danışarkən sözünü kəsməməyə çalışın.

– Uşağınızı fikirlərinə görə mühakimə etməyin.

– Uşağınızın nə dediyinə diqqət yetirin.

– Onu dinləyərkən gözlərinə baxın.

– Uşağınızın daha çox danışması və fikirlərini bölüşməsi üçün “Sonra…”, “Başqa…” və s. kimi sözlərdən istifadə edin.

– Hər şeyi birdəfəyə danışmağa məcbur etməyin.

– Uşağınızı dinləməyə vaxtınız yoxdursa, münasib bir vaxt təyin edin.

– Uşağınızın dediklərini başqalarına deməyəcəyinizə söz verin. Dedikdə isə ona xəbər verin. Əks halda, sizə inamı azala bilər.

Fikirləriniz üst-üstə düşmürsə…

Əgər uşağınızın fikirləri sizin fikirlərinizlə üst-üstə düşmürsə, özünüzə bu sualları verin:

– Uşağınız sizin kimi düşünməyə məcburdurmu?

– Hər hansı bir məsələ barədə sizdən fərqli düşünə bilməzmi?

– Dünyaya öz gözləri ilə baxmasına icazə verməli deyilikmi?

– Biz də uşaq ikən bu cür düşünmürdükmü? və s.

Beləliklə, siz dözüm sərhədlərini genişləndirmiş və özünüzü dinləməyə daha yaxşı hazırlamış olarsınız.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir