Uşaqla bir yerdə yemək hazırlamaq onun koqnitiv (idrakının) inkişafına yardım edir. Anaya mətbəxdə kömək etməklə balaca həyat üçün vacib təcrübə qazanmış olur: məsuliyyətli və sərbəst olmağı öyrənir. Mətbəxdə balanızla birgə keçirilən vaxtın əyləncəli və sevincli olmasını istəyirsinizmi? Məqalədə bu haqda danışacağıq. Mətbəxdə uşağın olması bir çox analar üçün dəhşətli yuxu kimi təsəvvür edilə bilər. Onlar qorxurlar ki, birdən uşaq nə isə qırar və ya dağıdar. “Mətbəx uşaqlar üçün oynamaq yeri deyil” fikrində olub düşünürlər ki, balacanın “yardımından” sonra bütün günü mətbəxi təmizləməyə məcbur olacaqlar. Ən rahat yolu uşaqları cizgi filmlərinin qarşısında oturdub özləri hər şeyi tezbazar hazırlamaqda görürlər. Lakin analar uşaqla birgə yemək hazırlamağın nə qədər faydalı və əyləncəli olduğunu bilsələr, arada bunu təcrübədən keçirərlər.
Qavrama, təfəkkür, motorika
Portağal yumrudur, xəmir elastikdir, kişmiş şirindir. Balaca üçün ətraf mühiti duyğu orqanları ilə qavraması çox vacibdir. Və nə qədər çox qavrama vasitələri istifadə edilirsə, bir o qədər yaxşıdır. Uşaq mətbəxdə müxtəlif rəngli və formalı əşyalar görür, onların adlarını eşidir və yadda saxlayır, onları əli ilə yoxlayır, dadına baxır. Bunlar hamısı uşağın daxili aləmini xüsusi inkişaf etdirici oyunlardan heç də pis zənginləşdirmir. Böyüdükcə uşaqlar anlayırlar ki, peçenye hazırlamaq üçün bütün inqrediyentləri bir kasaya yığmaq kifayət etmir. Hər bir resept müəyyən hərəkətlər alqoritmidir. Ardıcıl olaraq inqrediyentləri qarışdırmaq, xəmirdən xüsusi konditer qəlibləri vasitəsi ilə müxtəlif fiqurlar kəsmək, qızdırılmış sobaya yerləşdirmək və gözləmək lazımdır. Ananın hərəkətlərini müşahidə etməklə uşaq məntiqi düşünməyə başlayır. Müəyyən nəticə əldə etmək istəyirsənsə, hərəkətlər ardıcıllığını yerinə yetirməlisən. Yemək hazırlama prosesində uşaqlar müxtəif əşyaları tutmağa və ötürməyə öyrənirlər: qaşıq, ələk və s. Hər dəfə mətbəx əşyalarından daha da əminliklə istifadə edirlər, əl və gözlərin koordinə edilməsini tələb edən tapşırıqları yerinə yetirirlər.
Gənc aşpaza nələri həvalə etmək olar?
• 2 – 4 yaş: uşaq həvəslə xəmirdən konditer qəlibləri vasitəsi ilə fiqurlar kəsəcək, çünki o artıq bu bacarığı dənizdə və ya həyətdə qumla oynayarkən mənimsəyib, və, əlbəttə, hazır fiqurların üzərinə şəkər tozu səpə bilər. • 5 – 8 yaş: uşaq artıq əsl yardımçı olur, nə isə kəsməyin və ya mətbəx tərəzisi ilə inqrediyentlərin çəkilməsinin öhdəsindən gələ bilər, kekslərin bişirilməsi üçün qəlibləri hazırlaya bilər. • 9 – 12 yaş: bu yaşda uşaq artıq elektrik çaydan, mikrovolnovka kimi mətbəx avadanlıqlarından istifadəni qavrayır, mikser və soba ilə tanış olmağa hazırdır.
Mən özüm!
Valideynlər ilk dəfə bu sözləri uşağın 2 – 3 yaşı olanda eşidirlər. Bu yaşda balaca hər vəchlə öz sərbəstliyini nümayiş etməyə çalışır. Bəzən son dərəcə tərs olmaqla sübut etməyə çalışır ki, hər hansı işi özü yerinə yetirməyə qadirdir, nəticə səhv olsa belə o, yenə də qürur hissi keçirəcəkdir. Psixoloqlar bu dövrü üç yaşın böhranı adlandırır və məsləhət görürlər ki, valideynlər uşaqlarının bu cür sərbəstliyini alqışlasınlar. Uşaq artıq özünün ana ilə vəhdət təşkil etdiyini hesab etmir, onda şəxsi “mən” oyanır. Sərbəstliyi məşq etdirmək üçün kulinariya əla vasitədir. Uşağa bütün ailə üçün desert hazırlamaq kimi məsuliyyətli iş tapşırıldıqda o, özünün əhəmiyyətli olduğunu hiss edir. Həmçinin uşaq tezliklə anlayır ki, sərbəst olmaq məsuliyyətli olmaq deməkdir. Suyu una tökmək istədikdə kənara dağılırsa, özü də silməlidir.
Suallar
Uşağın beş yaşı tamam olanda valideynlər üçün yeni sınaqlar başlayır: “Anacan, niyə sobada xəmir bulkaya çevrilir?”, “Süd niyə ağdır?”, “Şəkər niyə şirindir?” və beləcə gizlənə bilməyəcəyiniz yüzlərlə “niyələr”. Uşaqla birgə yemək hazırlayarkən onunla həm oynamaq, həm də onu öyrətmək olar. Belə ki, asanlıqla məhsulların rəngini və dadını öyrənmək olar: limon sarı və turşdur, süd ağ və yağlıdır. Qablaşdırmaların üzərindəki yazıların köməyi ilə hərfləri təkrarlamaq olar. Mətbəxdə istifadə olunan çəki və həcm ölçüləri riyazi bilikləri möhkəmləndirəcəkdir. Şəkər harada daha çoxdur: çay qaşığında yoxsa xörək qaşığında? Hətta məsələlər də tərtib etmək olar: əvvəl iki qaşıq şəkər əlavə etdik, sonra yenə bir qaşıq, toplam neçə qaşıq şəkər istifadə etdik? Kulinariyada sərhədlər yoxdur. Onun vasitəsi ilə coğrafiya və dilləri öyrənmək olar. Görəcəksiniz ki, uşağınız makarun peçenyesinin Fransaya aid olduğunu, Amerikada balaca kekslərin kapkeyk adlanmasını yadda saxlayacaqdır.
Yaradıcılığın sevinci
Bir parça xəmirin gözəl piroqa çevrilməsi, mətbəxdən gələn xoş ətir uşağa möcüzəni xatırladır. Uşaqlar nəticəni görürlər, bunda öz rollarını anlayırlar və yeni nailiyyətlər üçün həvəslənirlər. Uşaqla birgə desertləri bəzəməklə, süfrəni hazırlamaqla ana balacada bədii zövq və yaradıcılıq qabiliyyətinin inkişafına yardım edir. Əvvəllər uşaq anaya baxıb hər şeyi təkrarlayır, sonra isə öz fantaziyasını işə salır. Ailəvi yaradıcılıq daha da yaxınlaşdırır. Uşağın böyüklərə etibarı artır, o düşünür ki, yemək hazırlamağı ona həvalə ediblərsə, deməli, o da böyüklərə güvənə bilər. Valideynlər isə balacaların özlərini böyük kimi aparmasını görəndə çox sevinirlər. Məgər körpənin sevincdən gözlərində işıltı görmək, işi bacardığı halda gülüşünü eşitmək ən böyük xoşbəxtlik deyilmi? Bu işdə ən xoş məqam isə bütün ailəni bir yerə yığmaq və bişirilən yeməklərdən dadmaqdır. Bir növ bu cür ayin hətta şıltaqlıq edib yemək istəməyən balacanı da laqeyd qoymaz. Çətin ki, balaca özü hazırladığı yeməkdən imtina etsin.
Təhlükəsizlik
Mətbəxdə həqiqətən uşaqlardan ehtiyat tələb edən bir çox əşyalar var. Lakin bu o demək deyil ki, hay-küylə uşağın əlindən hər şeyi almaq lazımdır. Ana uşağa ehtiyatlı olmağı öyrətməlidir. Əgər siz uşaqla birgə yemək hazırlamağı qərara alırsınızsa, hər şeyi əvvəlcədən düşünün. Uşağın yaşına uyğun əşyalardan istifadə edin. Belə ki, üç yaşında uşağın hələlik plastik əşyalardan istifadəsi daha məqsədəuyğundur. Birinci sinif şagirdinə isə, məsələn, ucu dəyirmi bıçaq həvalə etmək olar. Hər hansı mətbəx avadanlığından istifadə qaydasını uşaqlara başa salın, qaz və ya elektrik pilətə ilə işlədikdə təhlükəsizlik haqqıda danışmağı unutmayın, qaynar çaydanın necə təhlükəli olduğunu yadına salın. Ən əsası isə uşaqları nəzarətsiz buraxmayın. Balaca kulinariyada yaradıcılıq və sərbəstlik göstərə bilər, lakin ona hələlik çox şeyi öyrənmək lazımdır və bu işdə siz ona yardım etməlisiniz.
Məsləhətlər
Və sonda mətbəxə ilk dəfə balaca aşpazı buraxan valideynlər üçün bir neçə məsləhət: • İlk vaxtlar uşaq yorulmasın deyə asan reseptlər seçin. Məsələn, sadə peçenye hazırlayın. • Uşağı tələsdirməyin. Nə isə düzgün etməyəndə hirslənməyin. Yadda saxlayın ki, o hələlik öyrənir. Uşaqla yemək hazırlamaq üçün boş vaxt seçin, ərinizin işdən ac gəlməsinə yarımsaat qalmış başlamayın. • Uşaqları məcbur etməyin. Balaca 20 dəqiqədən sonra beziksə, təəccüblənməyin. Ona daha maraqlı tapşırıq verin. Sobada bişirmək üçün formanı yağlamaq onun üçün darıxdırıcı ola bilər, amma, məsələn, marsipanla nə isə düzəltmək onu həvəsləndirər. Və, əlbəttə, hər uğurlu addımını tərifləməyə unutmayın. Bu onu daha da ruhlandıracaqdır. Uşaqlar üçün böyüklərin tərifi çox vacibdir. Qoy bilsin ki, anası onunla fəxr edir və onun bütün cəhdləri nahaq yerə deyil. Kulinariya sənəti möcüzəyə bərabərdir. İnsan yemək hazırladıqda bütün beş duyğu ilə yanaşı altıncısı da – sevgi – işə düşür. Uşaqlara sevgi və sevinc bəxş edin.