kitab

Uşaqlarla keyfiyyətli ünsiyyət üçün nə etməli?

Baxış sayı: 1. 669

Danışmaq və dinləmək problemi müasir dövrümüzün ən qlobal sosial problemlərindəndir. Biz nə digərlərini dinləməyi, nə də düzgün formada danışmağı bacarmırıq. Halbuki, əksər mütəxəssislər bu iki sosial fəaliyyəti düzgün formada tətbiq etməyin istənilən sahədə uğur gətirdiyinə inanırlar.

Dinləmək və danışmaq məsələsi uşaqlarla ünsiyyət zamanı xüsusilə əhəmiyyət kəsb edir. Çünki, bu zaman onların gələcək fəaliyyətlərinə, həyatlarına və mənəviyyatına təsir etmiş oluruq. Bu məqaləmizdə uşaqlarla keyfiyyətli ünsiyyətin yollarını göstərən Adel Faber və Eleyn Mazlişin yazdığı  “Necə danışmalı ki uşaqlar dinləsin, necə dinləməli ki uşaqlar danışsın”  kitabından bəhs edəcəyik.

Bu kitab valideyn və uşaq arasında olan münasibətlərin effektiv idarəetmə üsulunu praktiki məlumatlarla oxuculara çatdırır. Uşaqları təhdidlər, cəzalar, rüşvət və ya yalvarmalar vasitəsilə əməkdaşlığa razı salmaq əvəzinə, müəlliflər onların özlərini yaxşı hiss etmələrini təmin etməyi məsləhət görürlər və müxtəlif yollar təklif edirlər.

Fikrimizcə, bu kitab təkcə valideyn və uşaq münasibətlərin idarəetməsi üçün deyil, həmçinin müdir və işçi münasibətlərinin idarəetməsi üçün faydalı bir kitabdır.

Hisslər davranışlara təkan verir, buna görə də davranışa səbəb olan emosiyanı müəyyənləşdirmək problemin həlli istiqamətində ilk addım sayıla bilər. Valideyn kimi ilk növbədə, övladlarınızın öz hisslərini təsvir etməsi və anlaması üçün çalışmalısınız.

Uşaqlara öz hisslərini idarə etmək üçün kömək edərkən aşağıdakılara əməl edə bilərsiniz:

 

  1. Onlara diqqətlə qulaq asın.
  2. “Aaaa”, “Hmmmm”, “Başa düşürəm” kimi reaksiyalar vasitəsilə onların hisslərini qəbul etdiyinizi göstərin.
  3. Onların hisslərini adlandırın.
  4. Xəyallarına arzularla cavab verin.

 

Uşağın hisslərini qəbul etməklə ona kömək etmiş oluruq. Beləliklə, o daxili həqiqəti görə biləcək və öz hisslərini idarə etməyi öyrənəcək.

Cəzalar adətən faydasız tərbiyə üsullarıdır. Onlar uşaqların etdikləri üçün təəssüflənmək əvəzinə intiqam axtarışında olmalarına səbəb olur. Buna görə də, müəlliflər bəzi qeyri-cəza üsullarından bəhs edir.

Uşaqların hisslərinə hörmət etmək, seçim və problemi həll etmək imkanı vermək onların özünə inamını və hörmətini formalaşdıran və artıran əsas amillərdir. Tərif də bu məsələdə mühüm rol oynayır. Ancaq tərifdən istifadə etməyin də öz yeri və üsulu var. Ən düzgün və effektiv tərif valideynin və ya digər böyüklərin gördüyü və hiss etdiyi şeyləri təsvir etməsidir.

Ümumilikdə götürdükdə, övladlarınızı dinləməyi və onlarla danışmağı öyrənmək üçün ilk növbədə onları fərd olaraq görməyi bacarmalı və hisslərini qəbul etməlisiniz.

Olduqca faydalı olan bu kitabı hər bir valideyn və ya valideyn olmağa hazırlaşanlar mütləq oxumalıdır. Kitabın qısa məzmunu isə www.readit.az saytından oxuaya bilərsiniz. Bundan əlavə, uşaqlarınızla aranızdakı münasibətləri, onların gələcək inkişaf istiqamətlərinin düzgün formalaşdırılması üçün saytda yerləşdirilən “Valideynlər üçün kitablar”dan istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir