VALIDEYN

Uşaqlı ananın mətbəxdə işini asanlaşdıracaq 10 qızıl məsləhət

Baxış sayı: 1. 671

Sizcə bir qadın üçün ən çətin sual hansıdır? – “Görəsən bu gün nə bişirim?”. Balaca körpəsi olan ananın isə bəzən nəinki bu suala cavab verməyə, heç bəlkə bu sualı ağlına belə gətirməyə zamanı olmur. Bəs evdə “aclıq böhranı” baş verməsin deyə neyləmək olar?

1. Sadə, asan yeməklər hazırlayın və yeməyi uşaq oyaq ikən bişirin. Onu yanınızda yelləncəyə, kürsüyə və ya avtokürsüyə yerləşdirin. Əlinə oyuncaqlar, qab-qacaq verin, özü üçün əylənsin. Yeməyi bişirə-bişirə onunla oynaya və beləliklə iki quşu birdən vurmuş olarsınız: həm yeməyiniz hazır olar, həm də uşaq yatacağı zaman istirahətə sərf etməyə vaxt udarsınız.

2. Hansı ərzaqların və qidaların soyuducuda neçə müddət saxlanılması barədə məlumat toplayın və yeməyi 2-3 günlük bişirin. Beləcə, hər gün yemək bişirmək məcburiyyətində olmazsınız.

3. Həftədə bir dəfə soyuducunu bir həftəlik ərzaqlarla doldurun ki, dəqiqəbaşı mağazaya qaçmalı olmayasınız.

4. Ət aldıqda, əvvəlcədən onu porsiyalara ayırın və ya mağazadan hazır çəkilmiş və doğranmış ət, doğranmış toyuq əti alın.

5. Bəzi yeməkləri yarımfabrikat halında dondurucuda saxlayın: məsələn, bibər dolması, kələm dolması, yarpaq dolması, ətli blinçiklər, düşbərə, gürzə, küftə, kotlet və sairə. Bundan əlavə meyvə və tərəvəzləri də dondura bilərsiniz. Doğranmış soğanı yağda qızardıb buz qablarına doldurun və dondurucuya yerləşdirin. Beləcə hər dəfə yemək bişirdikdə bu kublardan istifadə etməklə vaxt udmuş olarsınız.

6. Yaşadığınız ərazi və büdcəniz imkan verirsə, qidaları və ümumiyyətlə mümkün olan bütün məhsulları internet-mağazalardan alın. Bəzi mağazalar pulsuz evə çatdırılma xidməti də göstərir. Beləcə, vaxtınıza və enerjinizə xeyli qənaət etmiş olarsınız.

7. Şam yeməyinə yüngül qəlyanaltılar, salatlar hazırlayın. Bu həm rahat yatmağınıza, həm də çox yorulmamağınıza imkan verər. Yemək bişirməyə həvəsiniz olmayanda, soyuducuya göz gəzdirin. Çox güman ki, orada yeməyə yüngül bir qida tapacaqsınız. Amma yüngül qida dedikdə, qətiyyən fast food-u nəzərdə tutulmur. Unutmayın ki, fast-food nə sizin üçün, nə də ailəniz üçün faydalı qida deyil. Yüngül qida, hisə verilmiş balıq, kəpəkli undan hazırlanmış bir parça çörək, lavaş, pendir və sairə ola bilər.

8. Evinizdə hamının birgə yemək yeməsini ayin halına çevirin. Çünki, bu halda bir neçə dəfə süfrə açmaq məcburyyətində qalmazsınız.

9. Qidalardan rasional şəkildə istifadə edin. Məsələn, bişirəcəyiniz quru yeməklərdə qaynadılmış mal, qoyun və ya toyuq əti istifadə edəcəksinizsə, onların bulyonunu atmayın. Bulyona bir az yağ, ədviyyatlar və tərəvəz əlavə edib sulu yemək də əldə etmiş olarsınız. Və ya noxud islatmısınızsa, noxudun bir hissəsini küftəyə, dovğaya, bozbaşa qata, digər hissəsindən isə ləzzətli bir salat, məsələn Hummus hazırlaya bilərsiniz.

10. Yaşadığınız məkan əl verirsə, öz həyətinizdə bəzi göyərti və tərəvəzlər əkin. Əgər bina mənzilində yaşayırsınızsa, kefinizi pozmayın. Mənzilinizin eyvanında balaca bostan düzəldə bilərsiniz. Həm istənilən an əlinizin altında təbii, təzə tərəvəzlər olar, həm də öz əllərinizlə əkib-becərdiyiniz nemətlərə baxıb həzz alarsınız.

Bəlkə də siz vaxtınıza və enerjinizə qənaət etmək üçün yemək mövzusunda yeni kəşflər etməyə macal tapmamış övladlarınız böyüyəcək. Odur ki, bu günlərin də, tezbazar hazırladığınız yeməklərin də həzzini çıxarın.

 

Xumar Ərşadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir