usaq

Uşaqlı səfər üçün 10 qayda

Baxış sayı: 1. 247

Səfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda yorucu olur. Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir. Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur. Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir. Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik:

 

– Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.

– Səfər çantalarını yığarkən hər ailənin üzvünün adına ayrıca bir çanta (çemodan) yığmaq oteldə lazım olan əşyaları daha rahat tapmağa imkan verəcəkdir. Səfər olunacaq hər günün sayına uyğun olaraq bir alt və üst paltar dəsti seçmək məqsədəuyğundur.

– Hansı nəqliyyat vasitəsilə səfər etməyinizdən asılı olmayaraq özünüzlə yola tez xarab olmayan müxtəlif cür çərəzlər götürməyi planlaşdırın. Bu uşağınızın çox sevdiyi təmizlənmiş günəbaxan tumları, qovrulmuş fındıq, təmizlənmiş badam, evdə hazırlanan kurabiyələr, suxarilər, yuyulmasına ehtiyac olmayan meyvələr (banan, naringi, portağal, nar) ola bilər.

– Səfərə özünüzlə əlavə boş çanta və çemodan götürmək sizə getdiyiniz yerdən bazarlıq edib hara yığacağınız kimi problem yaratmayacaq üstəlik əlavə çemodan almağa vaxt və vəsaitinizi qənaət edəcəkdir.

– Maşınla səyahət zamanı mütləq şəkildə uşaq üçün olan xüsusi avtomobil oturacağından istifadə edin. Bu oturacaqlar uşaqların təhlükəsizlik təminatından başqa uzun məsafələrə səfər etməkdə də öz faydasını heç azaltmır. Araşdırmalara əsasən uşaq avtomobil oturacaqları yol qəzası zamanı 50-80% ölüm və müxtəlif növ xəsarətləri azaltmağa səbəb ola bilir. Oturacaqda təhlükəsizlik kəmərləri ilə bağlanan uşaqlar yolda valideynlərini yormadan rahat yata bilərlər. Bundan əlavə onların müxtəlif növ oyuncaqlarla da oynamaq imkanları olacaqdır.

– Təyyarə ilə səyahət zamana qənaət etməklə uzun məsafələr qət etməyə imkan verir. Lakin bu vasitə uşaqlar üçün daha cansıxıcı ola bilər.

– Təyyarəyə minməmişdən öncə uşaqları yedizdirmək. Toxluq uşaqların təyyarədə yuxuya gedərək yolun əksər hissəsini yatma ehtimalını artırır. Üstəlik aclıqdan uşaqların hövsələdən çıxmasına imkan vermir və təyyarə salonunda çətinliklə yedirtməyə ehtiyac olmur.

– Təyyarəyə minməmişdən öncə uşaqları ayaqyoluna aparmaq, körpələrin isə bezlərini dəyişmək çox məqsədə uyğundur. Bu valideynlərə təyyarənin dar tualetlərinə uşaqla birlikdə yerləşmək kimi narahatlıqdan azad edəcəkdir (ən azında bir dəfə daha az getməyə səbəb olacaqdır).

– Təyyarə qalxarkən və ya enərkən uşaqlara içməyə maye vermək, körpələri isə əmizdirmək onların tutulmuş qulaqlarını udqunaraq açılmasına yardım edəcəkdir.

– Ürəyi bulanan uşaqlara limonlu su və ya nanəli konfet vermək onların ürəkbulanmalarını azalda bilər.

– Körpələrlə səyahəti daha rahat etmək üçün slinqdən istifadə edin. Bu valideynlərin əllərini azad etməklə uşağa rahat mövqedə yatmağa imkan verəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir