Deyirlər ən böyük sevgilər dostluqla başlayır. Bu dostluq uşaq vaxtından qurulubsa, daha möhkəm olur. Onların da hekayəsi uşaqlıqdan başlayıb. Amma nə bilsinlər ki, gələcəkdə ailə quracaqlar və birlikdə tanımadıqları ölkədə xoşbəxt olacaqlar. Budəfəki “Ailə” rubrikamızın qonaqları hazırda Vyetnamda yaşayan Əli və Səidə Əlizadələrdir. Əlinin Asiya ölkələri ilə tanışlığı əvvəldən olub. Çində ingilis dili müəllimi işləyib. Hazırda isə bu fəaliyyətini Vyetnamda davam etdirir. Cütlüyümüzün sosial şəbəkələrdə bloqları da mövcuddur. Hansı ki, bununla onlar izləyicilərini Asiya ölkələri ilə tanış edirlər.
“Uşaq vaxtı onunla ailə quracağımı heç vaxt düşünməmişdim”
Əli deyir ki, qohum olsalar da, evlilikləri sevgidən yaranıb: “2014-cü ildən səkkiz il sevgililik dönəmimiz olub. Özümüzü evliliyə hazır hiss etdikdə qərar verdik ki, ailə quraq. Ailələrimizə dedik, onlar da razı oldular. Münasibətimiz olduğunu heç kəs bilmirdi”.
Səidənin sözlərinə görə isə, səkkiz illik sevgililik dönəmindən öncə uşaqlıq dostu olublar: “Əli ilə uşaq vaxtından çox yaxın dost idik. Uşaq vaxtı Əli ilə ailə quracağımı heç vaxt düşünməmişdim. Amma Əlini həqiqətən çox istəyirdim. O, nəsə lazım olanda mənə, mən isə ona deyirdim. Əli ilə çox xatirələrim var. Bəlkə də bacımla o qədər xatirəm yoxdur. Münasibətlərimiz dostluqdan evliliyə doğru irəlilədi. Evlilik dönəmi çox maraqlıdır. Çünki hər anın sevdiyin insanla keçir”.
“Sevgimi ilk mən etiraf etdim”
Əli həmişə gələcək həyat yoldaşının uşaqlıq dostu kimi olmağını istəyib: “Kənddə qonşuluqda bir qız var idi. Mənim ondan xoşum gəlirdi. Səidə də həmin qızın dostu idi. O vaxt onunla aramızı düzəltməyə çalışırdı. Sevdiyim şəxsin həmişə Səidə kimi olmasını istəmişdim. Həmişə elə tipdə insan axtarırdım. Mənim üçün ideal model idi. Sonra dedim ki, başqasını axtarmağa ehtiyac yoxdur, qoy o insan Səidə olsun. Sevgimi ilk mən etiraf etdim”.
“Bir-birimizi itirməkdən qorxurduq”
“Səkkiz illik münasibətdə hansı çətinlikləriniz olub” sualına gəldikdə Əli bildirdi ki, ayrı mədəniyyətlərdə münasibətdə problemlər olması mümkündür: “Münasibətimiz başlayanda Səidə Türkiyəyə oxumağa getdi. Dörd ildən sonra qayıdanda mən Çinə getdim. Bu səbəbdən münasibətimiz uzaq məsafəli idi. Yaşadığımız ölkələrdəki saat fərqinə görə çox danışa bilmirdik. Həmçinin mədəniyyətlər də fərqlidir. Hərəmiz getdiyimiz ölkəyə uyğunlaşmağa çalışırdıq. Bəzən qısqanclıqlar da baş verirdi”.
Səidə: “İlk başda ayrı qalmağı Əli problem edirdi. Çünki Türkiyəyə ilk mən getdim. İnsan bir yerə gedəndə dəyişir. Mənim dəyişməyimi Əli qəbul edə bilmirdi. Bu səbəbdən problem yaşayırdıq. Əlidə məni itirmək qorxusu var idi. Elə bilirdi ki, mən oraya gedib dəyişəcəyəm. Sonra Əli Çinə gedəndən mən onu qısqanmağa başladım. Çünki Əlinin ətrafında qız dostları var idi. Amma indi burada yaşayanda onu anlayıram. Görürəm ki, burada dostluqlar tamamilə fərqlidir. Mən hər zaman bitirən tərəf olmuşam, Əli isə hər zaman bərpa edirdi”.
“Mənim ən yaxın məsləhətçimdir”
Səidənin fikrincə, onların uzunmüddətli münasibətlərinin səbəbi Əlinin problemləri böyütməməsidir: “Əlidə ən çox bəyəndiyim xüsusiyyət odur ki, hər zaman idarə edən tərəfdir. Sözlərimiz çəp gələndə anlayışla, sakit şəkildə problemi böyütmür. Onun bu özəlliyini çox sevirəm. Həmçinin, mənim ən yaxın məsləhətçimdir. Biz küsülü qalmırıq. Bu, maksimum 10 dəqiqə çəkər. Problem nədirsə, oturub danışırıq, həll etməyə çalışırıq”.
Əli isə Səidənin mərhəmətini sevir: “Səidə çox qayğıkeşdir. Xəstələndikdə başımdan ayrılmaz, daim qulluğumda dayanar. Mən o qədər qayğıkeş deyiləm. Çox mərhəmətli insandır. Mənim üçün bu iki xüsusiyyət əsasdır. Bir çox hallarda bir-birimizə deyirik ki, çox safsan hər şeyə tez inanırsan”.
“Fərqli fikirlərimizə hörmət edirik”
Ortaq xüsusiyyətləri olsa da, cütlüyün fərqli fikirləri də olur. Əli deyir ki, fərqli cəhətlərini bir-birilərini anlayaraq ötüşdürürlər: “Məsələn, mən bu günlə yaşayan insanam, uzaq gələcəyi düşünmürəm. Mənim fikrimcə, hər şeyin zamanı var. Amma Səidədə əksinədir”.
Səidə də hesab edir ki, fərqli fikirlərə hörmət etmək lazımdır: “Xoşbəxt ailənin təməli də qarşılıqlı hörmət, bir-birini anlamaq, başa düşməkdir. Hörmət olmadıqda sevgi də işə yaramır”.
“Burada hamı pozitivdir”
Əli əvvəldən Asiya ölkələrinə bələd olsa da, Səidə üçün buraya gəlmək o qədər də asan olmayıb: “Nə Çinə, nə də Vyetnama gəlmək istəmirdim. Amma Əli həmişə deyirdi ki, ya Çinə, ya da hər hansı bir Asiya ölkəsinə gedəcəyik. Ailəmə çox bağlıyam, hələ də onlar üçün darıxıram. Amma həm Əlinin istəyinə görə, həm də həyatımızı qurmalı olduğumuz üçün fədakarlıq etməli idim. Evləndikdən iki ay sonra 10 gün içərisində qərar verib buraya gəldik. Azərbaycandakı iki ayımız, çox da yaxşı keçmədi. Çünki Əli xoşbəxt deyildi. O, xoşbəxt olmadığı üçün mən də xoşbəxt deyildim. Amma bura gələndən sonra həyatımız tamamilə fərqli oldu. Evliliyi ölkə xaricində keçirməyimiz bizə daha rahat gəldi”.
Əli deyir ki, üç il Çində yaşayandan sonra Azərbaycana uyğunlaşmaq ona çox çətin gəlirdi: “Pandemiya dönəmini də Çində keçirdim. Gələndən sonra gördüm ki, Azərbaycanda çox şey dəyişib. Asiya ölkələrini çox sevirəm, ikinci vətənim kimidir. Ömrümün sonuna kimi Çində yaşayaram. İnsanlarda gördüyüm gülərüzlük, səmimiyyət əvəzsizdir. Buradakı insanlar çox varlı olmasalar da hər kəs gülür, hamı pozitivdir. İnsanlar gülə-gülə cavab verir, daim kömək etməyə çalışırlar”.
“Qorxduğum başıma gəldi”
Səidə sevgisi üçün fədakarlıq edib başqa ölkəyə gəlib, lakin ilk təəssüratları o qədər də ürəkaçan olmayıb: “Məndə belə bir düşüncə var idi ki, onlar ilan-qurbağa yeyirlər. Bir də qorxurdum ki, Çin və Vyetnam kommunist ölkəsi olduğundan hicabım onlar üçün problem olar. Amma gələndən sonra gördüm ki, elə deyil. Lakin ilk gəldikdə mənim üçün çox çətin idi. Birinci balaca şəhərə getdik, əhalisi az idi deyə, ora mənim üçün çox sıxıcı oldu. İndi də ilk gəldiyimiz şəhərə getsəm, orada yaşamaq istəmərəm”.
Səidəyə Vyetnamı sonradan sevdirən Hanoy şəhəri və oranın əhalisi olub: “Hanoya gələndən sonra ətrafımızda azərbaycanlılar, başqa xaricilər oldu, daha çox sosiallaşdım. Düşünürəm ilk Hanoy şəhərinə gəlsəydim, heç bir çətinlik çəkməzdim. Vyetnamı, özəlliklə bu şəhəri çox sevdim. İnsanları səmimi, dostcanlıdırlar. Xariciləri çox sevirlər. Hətta mənə yaxınlaşıb şəkil, video çəkdirmək istədiklərini bildirirdilər. İndi də küçəyə çıxanda hər kəs baxır və gülümsəyir. Bu da mənə yaxşı təsir edir”.
Səidənin alışa bilmədiyi məsələlərdən biri də yeməklər olub. Qorxduğu başına gəlib: “İlk gəldiyimdə yeməklərdən alışmadığım qoxu gəlirdi, o səbəbdən çöldə yemək yeyə bilmirdim. Yeməklərində donuz əti olduğu üçün çox əziyyət çəkdim. Bütün yeməklərdə balıq sousu istifadə edirlər. Mən isə heç vaxt dəniz məhsulları sevməmişəm. Fo (Pho) deyilən milli yeməkləri var. Hansı ki, ilk vaxtlar gələndə yeyə bilmirdim. Lakin hazırda ən sevdiyim yeməklərdəndir”.
Motosikletlər ölkəsi
Əli də uzun müddət Asiya ölkələrində yaşamasına baxmayaraq, oradakı yeməklərin bəzilərini yeyə bilmir: “Donuz əti hər yerdə istifadə olunur. O səbəbdən küçə yeməklərindən çox da yeyə bilmirik. Küçədə it və pişik əti satdıqlarını görə bilərsiniz”.
Vyetnam deyəndə ağlımıza aşağı büdcəli, iqtisadi cəhətdən inkişaf etməmiş ölkə gəlir. Əli isə deyir ki, heç də belə deyil: “Evləri ofisə oxşayır, bəzi yerlərdə evdə ayaqqabı ilə gəzirlər. Vyetnam “kofeşop”ları ilə məşhurdur. Burada texnoloji cəhətdən elə şeylər var ki, Azərbaycanda yoxdur. Məsələn, hər yerdə QR kodla ödəniş edə bilirsiniz. Təkcə paytaxt Hanoy şəhərində yox, hər hansı bir ucqar kəndə də getsəniz, hətta yolun kənarında tərəvəz alanda da bu, mümkündür. Vyetnamda motosikletdən həddən artıq çox istifadə olunur. Maşın çox azdır. Yeddi milyonluq Hanoyda səkkiz milyon motosiklet var. Fabrik və zavodlar çoxdur. Bu səbəbdən də çox çirkli şəhərdir. Havanın çirkliliyi 200+ olur. Bəzən göz gözü görmür. İnsanlar çox vaxt küçədə maska ilə gəzirlər”.
Əli vyetnamlıların milli bayramlarından da danışdı: “Vyetnamlıların Tet adlı bayramı var. Bu, onlarda yeni il hesab olunur. Bir həftə tətil elan edilir və iki gün heç bir yer açıq olmur. İki gündən sonra bəzi marketlər və müəyyən yerlər fəaliyyət göstərsə də, əksəriyyət istirahətdə olur. O səbəbdən bayramdan öncə insanlar tədarüklərini görürlər”.
Kəşf edilməmiş Mayami…
Səidə ilə virtual şəkildə Vyetnamı səyahət etdik: “Taylandın Phuket adasına getmişik. Bu yay da Vyetnamın Dounan (Da Nang) şəhərinə getdik. Ora çox gözəldir. Hətta Əliyə dedim köçək, burada yaşayaq. Şəhər mədənidir, havası çox təmizdir. Kəşf edilməmiş Mayami də deyə bilərik. Dəniz, qumluq bitdikdə asfalt yol başlayır və şəhər mənzərəsi ilə qarşılaşırsınız. Planımızda var ki, gələcəkdə orada yaşayaq. Burada Fukuok (Phu Quoc) adası çox məşhurdur. Əvvəlki paytaxt Hoşimini (Ho Chi Minh) də gəzmişik. Himbi (Ninh Binh), Sa Pa, Halon (Ha Long) şəhərlərində də olmuşuq. Dağlıq Sa Pa şəhərinin də havası gözəldir. Dünyanın ən təmiz şəhərlərindəndir. Halon isə okeanın içərisində dağlardan ibarət adalar qrupudur. Dünyanın yeddi möcüzəsindən biridir. Demək olar, Vyetnamın hər yerini gəzmişik, çox az yeri qalıb. İstəyərdik növbəti səfərlərimiz başqa ölkələrə olsun”.
Səidə deyir ki, səyahətdən başqa ortaq fəaliyyətləri oyunlar oynamaqdır: “Daha çox dominonu sevirik. Birlikdə mənəvi kitablar oxuyuruq. Həmçinin mən şəhərdə gəzəndə fərqli dadlar kəşf edəndə, gedib birlikdə də yoxlayırıq”.
“Vyetnamda 70 nəfərə yaxın azərbaycanlı var”
Cütlüyümüz vətəndən kənarda olsa da ənənələrimizi unutmur. Səidənin sözlərinə görə, bütün bayramlarımızı qeyd edirlər: “Novruz bayramını adətən səfirliyimizlə keçiririk. Qurban bayramında da bayram süfrəsində toplaşırıq. 28 May Müstəqillik Gününü qeyd edirik. İldə 3-4 dəfə rəsmi şəkildə görüşürük. Vyetnamda 70 nəfərə yaxın azərbaycanlı var. Onlardan da 20-si Hanoy şəhərində yaşayır. 10-u ilə çox yaxın münasibətimiz mövcuddur”.
Səidə qeyd edir ki, vyetnamlılar Azərbaycanı dəmək olar ki, tanımırlar: “Heç Türkiyəni də tanımırlar. Bir az Rusiyanı tanıyırlar. Azərbaycanın Türkiyənin və İranın yaxınlığında yerləşdiyini izah edərək az-çox tanıtmağa çalışırıq. Azərbaycanı tanıyanlar da yaşlı nəsildir. Səfirliyimiz turizm universitetlərində tədbirlər təşkil edir. Hər il Azərbaycan mətbəxi ilə bağlı ən azı 2-3 tədbir olur. Bir çoxuna bizi də dəvət edirlər”.
Zərif Salmanlı