qorxu_tecavuz_usaq_0122

Uşaqlıq qorxularını necə dəf etmək olar?

Baxış sayı: 1. 076

Bu işdə valideynlərin vəzifələri nədən ibarətdir?

“Oğlum hər şeydən qorxur. Gecə yatanda yanında yatmağımı, bir otaqdan digərinə keçərkən yanında olmağımı istəyir. Bəzən otağına keçəndə yorğanı başına çəkib yatdığını görürəm. Nəfəssiz qalsa belə, qorxusundan yorğanın altından çıxmır. Deyir ki, pəncərədən ona kimsə baxır. Bəzən isə çarpayısının altında qorxulu varlıqların olduğunu iddia edir. Başa salıram, yanında yatıram, heç bir xeyri yoxdur. O, hər şeydən qorxur”. Bunu iki uşaq anası Nailə Əliyeva deyir. qorxu_tecavuz_usaq_0122
Onun sözlərinə görə, oğlunu psixoloqun yanına aparsa da, heç bir nəticəsi olmayıb. Ana deyir ki, bu qorxular iki ildir oğlunda yaranıb və nə qədər çalışsa da, psixoloji yardım alsa da, heç bir təsiri yoxdur.

Uşaqlıq qorxuları və bu qorxulardan xilas olmanın təsirli yolları haqqında məlumat verən psixoloq Aynur Əlibəylinin sözlərinə görə, hər bir insan doğulduğu gündən müəyyən bir yaşa qədər qorunmağa ehtiyac duyur. Özünü qoruma bacarığının inkişaf etməsi üçün çox zaman keçməlidir. Ani səslər, səs-küy qarşısında körpənin özünü qoruma reaksiyası qorxu olur. “Əgər uşaq heç nədən qorxmursa, bu, anormal haldır. Ancaq təhlükəli olan budur ki, bəzi qorxular zamanla keçdiyi halda, bəzi qorxular qalıcı olur”.

A.Əlibəylinin dediyinə görə, uşaqlar ən çox ani səslərdən, ətrafdan, sudan, qaranlıqdan, ana və atanı itirməkdən, yoldaşları tərəfindən sayılmamaqdan, yeni bir qardaşın doğulacağından, tualetə və ya hamama girməkdən, izdihama düşməkdən, məktəbdən qorxurlar. Körpələrin ilk qorxuları 6-cı aydan sonra meydana çıxır. İlk qorxular alışılmışın xaricində olan obyektlər və insanlar olur. Körpə yad insanlara, yeni mühitə uyğunlaşa bilmir və bu hal iki yaşına qədər davam edir.

Psixoloq deyir ki, qorxular uşaq böyüdükcə dəyişir. “0-2 yaş arasında daha çox böyük obyektlərdən, yüksək səslərdən və ana-atadan ayrılmaqdan qorxan uşaqlarda 3-4 yaşında qaranlıq qorxusu da yaranır. Bu qorxular zamanla keçsə də, bəzi qorxular əksinə artır. Xüsusilə də ana-ataların bəzi qorxuları varsa, bu, uşağa da keçir”.

Uşaqların ən böyük qorxusu qaranlıq qorxusudur. Qaranlığa baxsa da heç nə görməyən uşaq eşitdiyi nağıllar, baxdığı cizgi filmləri və filmlərdə baş verən hadisələri xəyal dünyasında canlandırır. Və qaranlıqda həmin xəyalların gerçəkləşəcəyini düşünür.

Həmsöhbətimizə görə, uşaqlarda mücərrəd qorxular 6 yaşından sonra yaranır. “Çünki bu yaşdan etibarən uşaq zehni düşünə bilir. Bu qorxuların aradan qaldırılmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür. Uşağa yaxın olmaq, ona güvəndə olduğunu hiss etdirmək zamanla bu qorxuların aradan çıxmasına yardım edir. Valideyn uşağı qorxan zaman nə edəcəyini bilmirsə, bu qorxu qalıcı bir qorxuya çevrilə bilər”.

Bəzən uşaqlarımız qorxanda əsəbiləşib ona müxtəlif sözlər deyirik. A.Əlibəyli hesab edir ki, uşağa deyilən “mən sənin ana deyiləm”, “özünü belə aparsan, səni başqasına verəcəyəm” ifadələri onlarda qalıcı qorxu yarada bilər. “Bununla yanaşı uşağı bəzi heyvanlardan uzaq tutmaq üçün “it dişləyir, uzaq dur” və yaxud “qaranlıqda qorxulu şeylər var” fikirləri də uşaqda həmin şeylərə qarşı böyük qorxular yaradır” deyən psixoloq bildirir ki, qorxu uşağa anadan da keçə bilir. Məsələn, yolda ana it görüb balasını qorumaq üçün ona sıxılırsa, bu qorxu uşağa keçir. Və yaxud hər hansı bir filmə baxarkən ana qorxursa, uşaq da qorxmağa başlayacaq. “Əgər uşaqlarınız qorxursa, onları qorxuları ilə baş-başa buraxmayın. Bu, uşağı daha çox qorxuda bilər. Uşaq nədən qorxursa, uşaqla həmin obyekt haqqında danışmaq, qorxulu heç nəyin olmadığını başa salmaq lazımdır”.

Əlibəylinin bildirdiyinə görə, uşaq qorxur deyə, ana və ya ata onu yatağına almamalıdır. Onun fikrincə, bu, uşaqda qorxuların möhkəmlənməsinə səbəb ola bilər. “Uşaqlarınızın qorxularını ciddiyə alın. Bəzən böyüklər sanki uşaq olmamış kimi davranırlar. Uşaqlara qorxduqları üçün qışqırır, onları danlayırlar. Unutmayın ki, qorxu uşağın ruhi dünyasına zərər verə bilər”.

Altı yaşında uşaqlarda qorxma daha çox müşahidə edilir. Belə ki, onlar “çarpayının altında biri var” deyərək, otaqlarında yatmaq istəməyə bilərlər. Uşaqlar izlədikləri filmlərin daha çox təsirində qalarlar. “Bu yaşlardan sonra ümumiyyətlə qorxularda azalma müşahidə edilir. Uşaqlar təcrübələrinin və düşünmə qabiliyyətlərinin məhdud olması səbəbiylə gördüklərini düzgün qiymətləndirə bilmirlər. Gördükləri və eşitdiklərini şişirdərək, təhrif edərək qorxulu nəticələrə gələ bilirlər”.

Uşağınızdan qorxduğu şeyləri izah etməsini istəyin. Onların şəklini çəkməsini deyin. Uşaqlar qorxularını çəkdikdən sonra onu daha rahat başa sala, qorxduğu şey haqqında onu məlumatlandıra bilərsiniz. Uşağınızın qorxmasının təbii olduğunu və keçəcəyini ona izah edə bilərsiniz. Bunun üçün özünüzdən və ya başqalarından nümunə göstərmək olar. “”Bu qorxunu hiss edən yalnız sən deyilsən, bir çox uşaq sənin yaşında qorxar, zamanla keçər”, “Mən də sənin yaşındaykən qaranlıqdan qorxurdum, sonra bir az daha böyüdüm və qorxum keçdi” deyib onu başa salmağa çalışın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir