Gultekin Sehhet 1

Uşaqlıq travmalarının yetkinlik dövründə izləri - "SƏHHƏT"

Baxış sayı: 330

Uşaqlıq dövrü insanın emosional və psixoloji inkişafı üçün ən kritik mərhələdir. Bu dövrdə qarşılaşılan travmalar, fiziki və emosional olaraq yaşanan zorakılıqlar, neqativ təcrübələr və ya əhəmiyyətli bağların pozulması yalnız o anın təsiri ilə məhdudlaşmır. Bu cür təcrübələr, zamanla, yetkinlik dövründə də müəyyən izlər buraxır, və bəzən bu izlər insanların həyatına mənfi şəkildə təsir edir.

 

Uşaqlıq travmalarının yetkinlik dövrünə  təsiri

Travmatik təcrübələr, uşağın beynində və psixikasında uzun müddət qalır. Beyin, xüsusilə uşaqlıq dövründə, “elastik ” vəziyyətdədir — yəni, həyatda qarşılaşılan hər yeni təcrübə beyin strukturlarını formalaşdırır. Bu səbəbdən, uşaqlıqda yaşanan travmalar, beyin və sinir sisteminin işləmə üsulunu dəyişdirə bilər. Uşaqlıq travmalarının yetkinlikdəki təsirləri müxtəlif formalarda özünü göstərir. Bunlar arasında ən çox yayılmış olanlar:

 

Emosional rabitə və münasibətlər

Uşaqlıq dövründəki travmalar, şəxsin yetkinlik dövründə münasibətlərə yanaşma tərzini əhəmiyyətli şəkildə dəyişdirə bilər. Məsələn, bir uşağın valideynlərindən biri tərəfindən emosional və ya fiziki zorakılığa məruz qalması, bu şəxsin gələcəkdə münasibətlərdə etibar problemi yaşamasına səbəb ola bilər. Çünki uşağın beynində “etibar” və “sevilmək” konseptləri zədələnmiş olur. Həmçinin, bu insanlar özlərini davamlı olaraq tək hiss edir və ya insanlara yaxınlaşmaqdan qorxaraq, əlaqələrdən uzaq durur  və soyuq davrana bilirlər.

 

Özünə qayğı və dəyər problemləri

Uşaqlıq dövründə sevgi və qayğıdan məhrum qalmaq, özünə hörmət və dəyər hissini pozan nəticələrə səbəb ola bilər. Hətta çox vaxt bu insanlar yetkinlik dövründə özlərini “yetərsiz””natamam” hiss edirlər və bu da karyera, dostluqlar, həmçinin şəxsi həyatlarında da özünün negativ hallarını göstərir. Onlar özlərini daima təsdiq etməyə çalışar, amma hər zaman yetərincə yaxşı olmadıqlarını düşünərlər.

 

Fiziki və emosional sağlamlıq

Uşaqlıq travmalarının bədən üzərində də təsirləri mövcuddur. Əslində, psixoloji travmalar bədəndə fiziki əlamətlərə çevrilə bilər. Məsələn, stresin uzun müddət davam etməsi, qısa müddətdə mədə-bağırsaq problemləri, yuxusuzluq, baş ağrıları və digər fiziki narahatlıqlara yol aça bilər. Sensor inteqrasiya pozuntuları da bədənlə əlaqəli hissiyyat və reaksiyaların düzgün işləməməsinə səbəb ola bilər. Uşaqlıqda yaşanan şiddət və ya emosional təzyiq, beynin “təhlükə” və “komfort” zonalarını qarışdıraraq, yetkinlikdə bədənlə  olan əlaqəni poza bilər.

 

Qorxu və təşviş

Uşaqlıqda travmalar yaşayan şəxslər, yetkinlik dövründə tez-tez anksiyete (narahatlıq) və qorxu hissləri ilə üzləşirlər. Bu, həyatın hər sahəsində özünü göstərə bilər: iş yerində, şəxsi münasibətlərdə, ya da sadəcə gündəlik həyatdakı qərar qəbul etmə prosesində. Əgər uşaqlıqda bir şəxs davamlı olaraq tənqid olunubsa, və ya həmişə uğursuzluğa məruz qalıbsa, böyüdükdə də özünü sabit və təhlükəsiz hiss etməyəcəkdir.

 

Sensor inteqrasiya və uşaqlıq travmaları

Sensor inteqrasiya, insanın ətraf mühitdən gələn məlumatları beynində düzgün şəkildə işləyib reaksiya vermə prosesidir. Bu proses uşaqlıq dövründə düzgün inkişaf etmədikdə, insanın davranış və emosional vəziyyətində ciddi pozuntulara yol açır. Sensor inteqrasiya pozuntuları, travma sonrası reaksiya olaraq ortaya çıxır və bunlar aşağıdakı formada özünü göstərə bilər:

Həddindən artıq həssaslıq və ya səhlənkarlıq: Uşaqlıqda fiziki və emosional travmalar yaşayan bir şəxs, bəzən bədənin siqnalına qarşı həddindən artıq həssas ola bilər, ya da əksinə, öz bədəninə qarşı duyğusuzlaşır. Həssaslıq, yüksək səslərdən, işıqdan və ya toxunuşdan qorxuya səbəb ola bilər, bu da şəxsin gündəlik həyatında narahatlığa yol açır.

Hərəkət və koordinasiya pozuntuları: Sensor inteqrasiya pozuntuları bəzən uşaqlıq travmalarının bədənə vurduğu təsirlərdən qaynaqlanır. Travmaya məruz qalan uşaqlar bəzən koordinasiya və motor bacarıqlarda geriləmələr yaşaya bilərlər. Yetkinlik dövründə bu, əllərdə titrəklik, gəzərkən qeyri-sabitlik və ya idman fəaliyyətlərinə marağın az olması kimi özünü göstərə bilər.

 

Uşaqlıq travmalarının müalicəsi

Uşaqlıq travmalarının yetkinlikdəki izləri ilə mübarizə etmək, çox vaxt uzun bir prosesdir. Ancaq bu mümkün və əhəmiyyətlidir. Sensor inteqrasiya terapiyası və psixoterapiya, uşaqlıq travmalarının öhdəsindən gəlmək və insanın psixoloji sağlamlığını bərpa etmək üçün çox vacib alətlər təqdim edir. Bu terapiyalar, şəxsin travmanın təsirini tanımasına, bədənini daha yaxşı hiss etməsinə və duyğusal vəziyyətləri idarə etməsinə kömək edə bilər.

 

1) Psixoterapiya (Danışıq terapiyası):

Bu terapiya, şəxsin keçmiş travmalarını anlamağa və bu travmalara qarşı reaksiya vermə üsullarını dəyişdirməyə kömək edir. Psixoterapiya vasitəsilə travmanın yaratdığı emosional zədələrə toxunularaq, şəxs özünü daha yaxşı tanıyır və yeni sağaltma yolları kəşf edir.

 

2) Sensor inteqrasiya terapiyası:

Sensor inteqrasiya terapiyası, bədənin və beynin düzgün işləməsini təmin edən və uşaqda baş vermiş sensor pozuntuları düzəldən bir yanaşmadır. Bu terapiya, uşaqlıqda yaşanmış travmaların bədən üzərindəki izlərini aradan qaldırmağa yönəldilmişdir.

 

3) Nəfəs və hərəkət terapiyaları:

Bədənə qarşı münasibəti dəyişdirmək və bədənin stressə qarşı təbii reaksiyalarını başa düşmək üçün nəfəs və hərəkət terapiyaları da faydalı ola bilər. Bu metodlar, bədənin rahatlanmasını təmin edir və travmanın psixoloji təsirlərini azaltmağa kömək edir.

 

Uşaqlıq travmalarının yetkinlikdəki izləri, çox zaman gizli qalır və insanın həyatına müxtəlif şəkildə təsir edir. Bu izlərin sağaldılması, vaxt, səbr və düzgün terapiya tələb edir. Əhəmiyyətli olan, bu izləri tanımaq və onlarla necə başa çıxacağımızı öyrənməkdir. Yalnız o zaman həyatımızda travmalardan azad, sağlam və balanslı bir yola çıxa bilərik.

 

Gültəkin Səhhət

Psixoloq

Sensor inteqrasiya üzrə təlimçi

 

(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir