aile

“Uyğun olmayan cütlükləri sırf “ailə institutu qorunsun” deyə bir yerdə zorla saxlamaq doğru deyil”

Baxış sayı: 467

Azərbaycanda nikahların sayında azalma, boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şalıyev bildirir ki, tərəflər bir-birini tam tanımadan və  psixoloji olaraq bir-birinə nə qədər uyğun olduqların tam əmin olmadan evlənirlər. Bir müddət sonra isə, evləndiyi insanın düşündüyü insan olmadığının fərqinə varırlar.

Qasım Şalıyev

“Bir hüquqşünas və bir mediator olaraq, icra etdiyim işlərə əsasən onu deyə bilərəm əsas səbəb cütlüklərin uyğunsuzluğudur. Ümumilikdə, oxuduqlarımdan və müşahidələrimdən bunu deyə bilərəm ki, indiki dövrlə əvvəlki dövrü müqayisə etdiyimiz zaman görürük ki, indi informasiyaya çatmaq çox yüksək səviyyədədir. Əvvəllər insanlar daha çox televizora baxırdılarsa, məlumatı televizor və qəzetlərdən alırdılarsa, indi internet resursları daha yüksək səviyyədədir. İnsanların daha fərqli və yeni məlumat resurslarına çıxışı olduğu üçün özündən əvvəlki nəslin nümayəndələrinə nisbətən daha müstəqil qərar verə bilirlər”-deyə hüquqşünas bildirib. O, əlavə edib ki, əgər əvəllki dövrlə müqayisədə indi cütlüklər daha rahatdırlar, özləri qərar verir və asanlıqla boşanmanın yolunu tuturlar.

Hüquqşünasın fikrincə, uyğun olmayan cütlükləri sırf “ailə institutu qorunsun” deyə bir yerdə saxlamaq da düzgün deyil.

“Bu, həmin ailədə böyüyən uşaqlar üçün daha böyük travmaya səbəb ola bilər. Tək ananın və ya tək atanın tərbiyə edəcəyi övlad daha az travmalı olur, nəinki “toksik” ailə mühitində böyüyən uşaq. Belə ailələrdə uşaq daha çox travma alır və cəmiyyət üçün daha problemli ola bilər”-deyən hüquqşünasın fikrincə, məsələyə komplekssiz yanaşmaq lazımdır.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir