“Atam həmişə uzun saç qızların daha ağıllı olduğunu deyib deyə heç vaxt saçımı qısa kəsməmişəm” deyə söhbətə başladı saçı qulağının dibində bitən qadın… Salam belə vermədən… Əlbəttə, mən adətkaram belə şeylərə, amma qadının psixoloji durumu sabit görünmürdü. Bu isə özlüyündə məni narahat edirdi. Daha diqqətli dinləməliyəm onu, uyğunsuzluğu tapa bilməsək, nəticə də olmayacaq…
– Adım Gülbənizdi bu arada. Gülə bənzəyən qızım-anlamında qoyub atam. Hər gün çimib xoş qoxular istifadə etməyimin səbəbi də budur, dr. Dişimi fırçaladıqdan sonra həmən gülümsəyəndə “İNCİ (dişli) ÇİÇƏYİ”, utananda “ LALƏ”, yazda “YASƏMƏN”, başı ağrıyanda “NƏRGİZ” olurdum… Mən atam məni sevsin deyə özümdən başqa HƏR KƏS! oldum… Vəkil olmaqdansa, müəllim oldum, arıq olmaqdansa, kök oldum, qadın olmaqdansa, qızcığaz oldum 38 yaşıma qədər… Elə bir xəyalım yoxdur ki, arxasınca getmiş olum… Elə bir xatirəm yoxdur ki, içində öz arularımı yaşamış olum… Özümü bu yolda paraladım, qırıq-qırıq oldum, hər hissəm atamın nümunə çəkdiyi bir qızın davranışı oldu… Hər biri ayrı “puzzle” parçası necə vəhdət yarada bilər axı?! Mən atamın qızı oldum, amma xoşbəxt ola bilmədim, dr… Və mən bunun fərqinə varanda artıq 40-ın astanasında idim… Atam dünyasın dəyişəndə məndən razıydımı heç onu da bilmirəm… 38 illik çabam nəticə vermişdimi?! Bunları bir dəfə də olsun danışmadıq, heç o da təşəkkür etmədi mənə… Sorğu-sualsız, ilk uyğun gördüyü şəxslə evlənəndə də… Oğluma atasının, qızıma anasının adını verəndə də… Heç vaxt hiss etdirmədi duyğusunu. Hara-nəyə saxlayırdı bilmirəm! Mən ondan “AFƏRİN” ala bilmək üçün sevmədiyim fənləri də oxudum, əlaçı oldum… NÜMUNƏVİ anlayışını girdiyim bütün məkanlarda mən formalaşdırırdım. Amma ürəyimdə hiss etdiyim duyğu… Çox natamam hiss edirəm… Yarımçığam sanki… Heç bir mövzuda, heç bir duyğum tam bir adama məxsusmuş kimi hiss etmirəm. İçimdə elə bir çaxnaşma var ki, yata da bilmirəm, dura da, nəfəs ala da bilmirəm… Sıxılıram, darıxıram, boğuluram. Bu zincirlər mənim bir parçam olub, qurtula da blmirəm. YOX, bilirəm, atamın davranışları məni qorumaq üçün, məni sevdiyi üçün idi, onu əsla yarğılamıram. Atama da belə öyrədilmişdi. Amma kaş atam heç olmasa bir dəfə dayanıb baxa biləydi mənə… Mənə və mənə biçdiyi həyata. Və o həyatın içində qızının özünü tapa bilməməsinə, bundan dolayı bədbəxtliyinə… Mən anam olmayım deyə çabaladı bütün həyatı boyu… (45 dəqiqədir danışan qadın ilk dəfədir anası haqqında nəsə dedi) Nəisə… Şikayətlənməyə gəlməmişəm bura. Dedilər, get, danış, içini boşalt. Danışdıqca nifrət hissim yarana bilər qorxusuyla gəmişdim bura… Hardan başlayıb nə danışacağımı da bilmirdim. Çünki danışacağım şeylər hadisə yox, duyğudur. Mənimisə duyğunu sözlə ifadə eləyəcək qədər bazam yoxdur, baxmayaraq ki, filoloqam… Əslində içimdə elə şeylər var ki, amma mən onu kimə, necə deyəcəyimi heç vaxt bilməmişəm. İstəyirəm yaşlı, bilgə biri olsun, gedib yanında oturub o qədər mənasızca danışım ki… Axıb qutarsın içimdə yığılan bu mübahisə, bu çaxnaşma… Amma nə mən elə bir şey edə bilmərəm, nə elə bir adam yoxdur. Edə bilmərəm deyirəm ha… Mən duyğusal çılpaqlaşmaqdan qorxuram… Hamı günahlarımı (hiss etdiklərimi) bilənən sonra yaşaya bilmərəm sanki… Maskalanıb gəzmək isə yorub məni. Başımı götürüb məni, ailəmi heç kəsin tanımadığı bir yerə getmək və orda yenidən həyata başlamaq istəyirəm. Yeni bir adla…
(Bunu deyib dərindən köks ötürdü Gülbəniz… Aldığı nəfəslə birgə əlləri boşaldı, bədəni oturacağın formasını aldı, stressdən bayılmışdı, zənnimcə. Qapını açıb qızlardan su istədim. 60 yaşlı, qısa, sarı saçlı, qırmızı dodaqlı, qısa geyimli, hündürdaban ayaqqabısı ilə rahat gəzə bilməyən qadın qəribə səs tonu ilə “Gülüyə nəsə oldu?!” deyə soruşdu. “Hər şey yaxşıdı” dedim, amma gözlərimdə “Siz kimsiniz?” baxışı… Qadın him-cim anlayan biri idi, tez yaxasın bağlayıb “Gülünün anasıyam” dedi… Biz ayaqüstü danışana qədər qız da suyu içib özünə gəlmişdi. Gülbəniz qapıda məni və anasını görüb tez yerindən qalxdı. Sanki bayaqdan bayğın yatan bu deyilmiş kimi. Tez anasına göz ağardıb mənə dönərək:
-Üzr istəyirəm, dr. Biz gedək. Amma mən gələcəm. Sizinlə uşaqlarım barədə də məsləhətləşmək istəyirəm- deyib otağı tərk elədi…
*
“ÜZR İSTƏYİRƏM”-Nə üçün?! Niyə?!
“Atanın qorxusuna bənzədiyin üçün?!”
Biz övladlarımıza bizdən məsul olmadıqlarını izah edə bilməmişikmi?! Anlayıram.. Başa düşürəm əlbəttə! Mən də bu toplumun bir parçasıyam. Amma bir ağacı budamaqla qızının yolunu dəyişməyə çalışan ata 70 ildə istəyinə nail ola bilməyibsə… Deməli, gedilən yol yanlış, deməli, yaşanan ömür mənasızdır… Çünki anlamalıyıq ki, Qorxularımız üzərində böyütdüyümüz övladlarımız qorxduqlarımıza daha çoxa bənzəyəcək..!
Psixoloq Əfsanə Rüstəmova