Çimmək təmizliyin ən böyük göstəricisidir. Lakin bir də belə düşünün: təsəvvür edin ki, su, sabun, bir sözlə, heç bir təmizlik vasitəsi yoxdur. Bu cür yaşaya bilərsinizmi? Bəlkə də yaşaya bilənlər olar. Lakin bu halda nə baş verər, çimmədikdə bədəndə hansı dəyişikliklər olur?
Xarici təcrübəçilər bu mövzuda kiçik bir araşdırma aparıb. “Gencaile.az” həmin araşdırmanı təqdim edir.
Sağlam bakteriyalara dəstək olun
İnsan dərisi üzərində minə qədər fərqli bakteriya və 80-ə qədər göbələk növü yaşayır. Bu mikroorqanizmlərin əhəmiyyətli bir qismi sağlamlığımız üçün faydalı. Ziyanlı bakteriyaları qovur və ya dəri sekresiyalarını parçalayaraq, təbii nəmləndiricilərin ortaya çıxmasını təmin edir.
Lakin zaman-zaman dərimiz pis bakteriyalarla öz-özünə mübarizə apara bilmir. Burada isə köməyə çimmək gəlir. Daimi olaraq çimməyi dayandıran insanlar ağızlarına, gözlərinə, burunlarına toxunaraq özlərini xəstəlik törədən mikroorqanizmlərə məruz qoymuş olarlar.
İnfeksiyaya diqqət edin
Yəni kifayət qədər çimmədiyimiz zaman dərimizin səthindəki xoşniyyətli mikroorqanizmlərlə pis mikroorqanizmlərin tarazlığı alt-üst olur. Bu da dəri infeksiyalarına gətirib çıxarır.
Dəri problemləriniz varsa
Əgər göbələk, çivzə kimi dəri problemləriniz varsa, vəziyyət daha da təhlükəlidir. Çünki bütün çirklər, tər, ölü hüceyrələr və yağ dərinizin üzərində yığılır, dəri problemləri xronikiləşməyə başlayır.
Dəri qabıqlayır
Çimmədiyiniz halda vaxt keçdikcə dəri sindromu deyilən vəziyyət ortaya çıxmağa başlayır. Keratin, tər və çirk dərinin üst səthində yığılaraq qalın, qəhvəyi vallar meydana gətirir.
Ətrafınızdakıları da düşünün
Ən pis hal odur ki, çimmədiyiniz zaman bədəninizdən pis qoxular ətrafa yayılır. Burada kiçik bir məqama toxunaq: işlətdiyimiz “tər qoxusu” ifadəsi əslində bir maddədir. Tərin qoxusunun qaynağı isə “bromhidroz” deyilən kimyəvi hadisədir. Sadəcə cildimizdəki bakteriyalar tərdəki zülal və yağ turşularını yeyir, ortaya pis iy verən kimyəvilər çıxarır.
Həddini də aşmayın
Bəs tez-tez çimdikdə nə baş verir? Bax bu zaman bədənimizdən sağlamlığa faydalı bakteriyaları də atmış oluruq. Dərimiz quruyur, nəmini itirir və kiçik çatlar meydana gəlir. Bu da infeksiyaya yol aça bilər. Dermatoloqlara qalsa, üzümüz, arxa və qasıq bölgəmiz xüsusilə təmiz olması vacib olan sahələrdir. Sağlamlıq sektorunda işləyən, hər gün məşq edənlərə, mütləq gündə bir dəfə çimmək tövsiyə edilir. Oturaq və ya hərəkətsiz həyat tərziniz varsa, iki gündə bir çimmək də kifayətdir. Ancaq ətrafınızdakıların reaksiyalarına diqqət edin. İnsanların yanınızda üzlərini turşutmalarına səbəb olmayın!