Qumru Eyvazova 1

Vərəsənin susması nədir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 382

Keçmişdə vərəsənin susması mirasın imtinası kimi qəbul edilirdi. İmperator Yustinian dövründə varisin müəyyən müddət ərzində vərəsəlikdən açıq şəkildə imtina etməməsi onun qəbulu kimi qəbul edilirdi. Sovet İttifaqı dövrünün o vaxtki 1964-cü il tarixli Mülki Məcəlləsi ilk dəfə həm qanunla, həm də vəsiyyət üzrə vərəsənin vərəsəlikdən imtina etmək hüququnu müəyyən etdi, lakin bu hüquq mirasın açıldığı gündən 6 ay müddətinə məhdudlaşdırıldı.

 

Bəs Azərbaycan qanunvericiliyi bu barədə nə deyir?

Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur.Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.  Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir.

Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur.

Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir:

  • müdaxilənin hüquqi əsası olmalıdır;
  • müdaxilə ictimai maraqlara cavab verməlidir;
  • müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır.

 

Bu barədə Konstitusiya Məhkəməsinin hansı qərarları mövcuddur?

Bu baxımdanvərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməməsi barədə Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edilmişdir.

Plenum qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina  etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

Buna görə də Konstitusiya buna bu şəkildə yanaşaraq Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir.

Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu onu da etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir