“Gencaile.az” saytı bu gündən etibarən yeni rubrikaya – “VƏKİL BÜROSU”na start verir. Bu rubrikada oxucularımız onları narahat edən, cavabını axtardıqları suallara hüquqi cavab tapacaqlar. Rubrika çərçivəsində oxucularımıza Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazovanın sözügedən mövzularda məqalələri təqdim olunacaq.
Yeni rubrikamızdakı ilk yazı Azərbaycan Respublikasında iş icazəsinin necə alınması ilə bağlıdır.
Əmək miqrasiyasını tənzimləyən əsas sənəd Miqrasiya Məcəlləsidir.
Miqrasiya Məcəlləsinin (bundan sonra MM) tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının (bundan sonra AR) ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsi ilə yanaşı; iş icazəsi olmalıdır. İş icazəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən rəsmi sənəddir. Əcnəbilərə iş icazəsi ölkəmizin milli maraqlarının və iqtisadi təhlükəsizliyinin keşiyində duran Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra DMX) tərəfindən verilir. Belə ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işəgötürən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici dövlətlərin filial və nümayəndəlikləri vasitəsilə AR-da Dövlət Miqrasiya Xidmətindən iş icazəsi alır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə muzdla işə götürülməsinin əsas şərtləri peşə hazırlığı və ya iş yerinin tələblərinə cavab verən ixtisasa malik olması və Azərbaycan Respublikası vətəndaşları tərəfindən iddia olunmayan vakant iş yerlərinin olmasıdır.
MM yalnız müəyyən şəxslər üçün, məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçiləri, diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyənlər və s.şəxslərə icazənin alınması üçün sadələşdirilmiş qaydaları nəzərdə tutur.
İş icazəsi 1 (bir) il müddətinə, habelə əmək müqaviləsinin bir ildən az müddətə bağlanması nəzərdə tutulduqda verilir. Qeyd edək ki, iş icazəsi ilə bağlı müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsi bir ildən çox olmamaq şərti ilə hər dəfə yenilənə bilər. Müddəti uzatmaq üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən tərəfindən MM-nin tələblərinin pozulmasına görə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs iş icazəsi olmadan işə qəbul edilərkən vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək miqdarda, hüquqi şəxslər isə 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə edilirlər.