verem xesteliyi

Vərəm haqqında 10 fakt və 5 mif

Baxış sayı: 2. 135

Vərəm dünyada ən təhlükəli və geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Vərəm təhlükəli olsa da, onun müalicəsi mümkündür!

1-ci fakt. Vərəm yoluxucudur və hava-damcı yolu ilə yayılır. Aktiv formada vərəmli xəstə müalicə olunmazsa, ildə orta hesabla 10-15 insanı yoluxdura bilər.

2-ci fakt. İki milyarddan çox insan və ya dünya əhalisinin 1/3-i bu xəstəliyə səbəb olan mikrobla – vərəm basili ilə yoluxub. Ehtimallara görə, bu insanların hər 10 nəfərindən biri vərəmin aktiv forması ilə xəstələnəcək. İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş insanlar üçün vərəmlə xəstələnmə riski daha böyükdür.

3-cü fakt. Dünya üzrə 2009-cu ildə vərəmdən ümumi hesabla 1,7 milyon insan vəfat edib, yəni bu səbəbdən bir gündə 4700-ə yaxın ölüm hadisəsi baş verib. Vərəmdən ölüm hallarının əksəriyyəti inkişafda olan ölkələrin payına düşür ki, bunun da yarıdan çoxu Asiyada baş verir.

4-cü fakt. Vərəm immun sistemi zəif olan İİV-ə yoluxmuş insanların əsas ölüm səbəbidir.

5-ci fakt. 2009-cu ildə 9,4 milyon vərəmlə yeni xəstələnmə halı baş verib ki, bunlardan 80%-i 22 ölkədə qeydə alınıb.

6-cı fakt. Vərəm – qlobal pandemiyadır (geniş yayılmış epidemiya). Vərəmlə xəstələnmənin yüksək göstəricisi olan 15 ölkədən 13-ü Afrikanın payına düşür. Yeni xəstələnmə hallarının 1/3-i Hindistan və Çində baş verir.

7-ci fakt. Çoxsaylı dərman vasitələrinə davamlı vərəmin (ÇDDV) müalicəsində bu xəstəliyə qarşı bir neçə əsas dərman vasitəsi artıq öz təsirini göstərmir, lakin vərəmin bu forması da müalicə olunandır. ÜST-nin apardığı qiymətləndirməyə görə, 2008-ci ildə ÇDDV ilə 440 000 yeni xəstələnmə halı baş verib ki, bunun da 50%-dən çoxu üç ölkədə – Hindistan, Çin və Rusiyada qeydə alınıb. ÜST-nin məlumatlarına əsasən, ÇDDV dünyanın əksər ölkələrində müşahidə olunur.

8-ci fakt. Genişləndirilmiş dərman çeşidlərinə davamlı vərəm (GDDV) zamanı həm əsas, həm də ehtiyat dərman vasitələrinə davamlılıq yaranır. Vərəmin bu formasının müalicəsi son dərəcə çətindir. ÜST-nin məlumatlarına əsasən, GDDV ilə xəstələnmə halları artıq 58-dən çox ölkədə təsdiq olunub.

9-cu fakt. 2015-ci ilədək vərəmlə mübarizədə iki məqsədə nail olmaq nəzərdə tutulmuşdu:

• Minilliyin İnkişaf Məqsədlərindən biri kimi vərəmin yayılmasının dayandırılması və 1990-cı illə müqayisədə vərəmlə qlobal xəstələnmənin azalması təməlinin qoyulması

• “Vərəmi dayandırmaq” Tərəfdaşlığının məqsədi kimi vərəmdən ölənlərin sayının 1990-cı illə müqayisədə ikiqat azaldılması

10-cu fakt. 1995-ci ildən başlayaraq, DOTS proqramı (Bilavasitə Nəzarət altında Qısamüddətli Müalicə) çərçivəsində 41 milyon vərəmli xəstənin uğurlu müalicəsi təmin olunub və 6 milyon insanın həyatı xilas edilib. 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Minilliyin Qlobal planının tam maliyyələşdirilməsi və həyata keçirilməsi şəraitində 2015-ci ilədək dünyada daha 5 milyon insanın həyatının xilas edilməsi mümkün ola bilərdi.

verem

Mif– həqiqətdən uzaq olan, amma xalq arasında gerçəklik kimi qəbul edilən təsəvvürdür.

Mif 1

Vərəmlə yalnız qeyri-sosial həyat tərzi sürənlər, spirtli içki aludəçiləri, narkotik istifadəçiləri və ya yoxsulluq içində yaşayan insanlar xəstələnirlər. Bu, belə deyil!

Vərəm çöpləri ilə hər kəs üzləşə bilər. Lakin vərəm mikobakteriyaları ilə yoluxmuş insanların xəstələnməsi mütləq deyil. Xəstəliyin inkişaf etməsi üçün immunitetin zəifləməsi, müntəzəm və düzgün olmayan qidalanma, tez-tez soyuqdəymə hallarının olması gərəkdir.

Mif 2

Vərəm xəstəsilə birgə ictimai nəqliyyatda (şəhərdaxili) getmək kifayət edir ki, bu xəstəliyə yoluxub xəstələnəsən. Bu, belə deyil!

Yoluxma üç şəraitdə mümkündür: vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, havada mikobakteriyaların yüksək konsentrasiyası zamanı və immunitet zəiflədikdə. İctimai nəqliyyatda qapılar daim açılıb-bağlandığından burada hava durğunluğu olmur. Bu da mikobakteriyaların “həyatı” üçün əlverişsizdir. Sərnişinlərin nəqliyyatda keçirdikləri vaxt qısamüddətli olduğundan vərəmlə yoluxma real deyil.

Mif 3

Vərəmin müalicəsi aparılsa da, ondan tam sağalmaq mümkün deyil. Bu, belə deyil!

Müasir təbabətin köməyilə 70-80% hallarda vərəmin tam müalicəsinə nail olmaq mümkündür. Müalicənin uğurlu başa çatması isə çox vaxt pasiyentin özündən asılıdır. Xəstəliyin ilk əlamətləri aşkarlanan zaman pasiyent tibbi yardıma müraciət edərsə, müalicəsini davam etdirərsə, həkimin bütün məsləhətlərinə əməl edərsə, tam sağalma şansı böyük olar.

Mif 4

Vərəmdən müalicə illərlə davam edir və çox baha başa gəlir. Bu, belə deyil!

Vərəmin müalicə müddəti təxminən 6-8 aydır. Pasiyentlər xəstəxanada yalnız onlarda mikobakteriyaların ifrazı dayandırılana kimi qalmalıdırlar. Bundan sonra xəstənin müalicəsi ambulator və ya ev şəraitində davam etdirilə bilər. Müalicə kursunu sona çatdırmaq MÜTLƏQDIR!

Mif 5

Vərəmə qarşı effektiv peyvənd yoxdur, bu səbəbdən uşaqlara vurulan vərəm əleyhinə peyvənd (KJB) mənasızdır. Bu, belə deyil!

KJB peyvəndi vərəmə yoluxma riskini azaldır və ən əsası vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır. Bu peyvəndin aparılmasına qarşı çıxan valideynlər bununla övladlarını ciddi təhlükəyə atırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir