“Plevrit xəstəliyi plеvrаnın iltihаbı adlanır. Əsаsən bir sırа хəstəliklərin – əksər hаllаrdа vərəmin, rеvmаtizmin, yоluхucu хəstəliklərin, yаrаlаnmа və zədələnmələrin аğırlаşmаsı kimi özünü biruzə vеrir. Şərti оlаrаq quru və еkssudаtiv qrupа bölünür. Quru plevrit zаmаnı plеvrа qаbаrır, qаlınlаşır və оnun səthi iltihаb nəticəsində kələ-kötür şəkil аlır. Еkssudаtiv plevrit zаmаnı plеvrа bоşluğundа аçıq-şəffаf, qаnlı və yахud irinli mаyе tоplаnır”.
Bunu Plevrit xəstəliyi ilə bağlı verdiyi məlumatda Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt Nərminə Abbasova bildirir.
Nərminə Abbasova qeyd edir ki, əksər hаllаrdа plеvrаnın səthində fibrin təbəqə əmələ gəlir. Onun sözlərinə görə, əsаsən birtərəfli, bir sırа hаllаrdа isə ikitərəfli оlа bilər. Həkim-terapevt plevritin əmələgəlmə səbəbləri və mexanizmindən danışıb:
“Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur. İnfeksiya mənşəli plevritlərin səbəbləri bakterial infeksiyalar; göbələk infeksiyaları; viruslu, parazitli, mikoplazmalı infeksiyalar; vərəm infeksiyası; sifilis, səpmə və qarın yatalağı, brusellyoz, tülyaremiya; döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalardır.
Gördüyünüz kimi, səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar”.
Həkimin sözlərinə görə, qeyri-infeksiya mənşəli plevritlərin səbəbləri isə plevranın bədxassəli şişləri, ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və sair; birləşdirici toxumanın diffuz zədələnmələri; ağciyər infarktı, miokard infarktı və digər səbəblərdir:
“Plevritin yaranma səbəbini dəqiqləşdirməkdə və diaqnozu qoymaqda çətinliyin olduğunu bir daha görürük. Ona görə də diaqnozun dəqiqləşməsi üçün əlavə müayinələrdən keçmək tələb olunur. Müxtəlif etiologiyalı plevritlərin əmələgəlmə mexanizminin özünəməxsus xüsusiyyətləri var. İnfeksiya mənşəli plevritlərin törədiciləri, müxtəlif yollarla daxil olaraq birbaşa plevra boşluğuna təsir edir. Mikroorqanizmlərin plevral boşluğa birbaşa düşməsi döş qəfəsinin bütövlüyü pozulanda baş verir”.
Plevrit xəstəliyinin müalicəsi və profilaktikasından da bəhs edən Nərminə xanım bildirdi ki, Plevritlər limfa və qan damarlarının keçiciliyi artdıqda da əmələ gələ bilər. Bu, sistemli vaskulitlər, kəskin pankreatit, limfa axarının pozulması, orqanizmin ümumi və yerli reaktivliyinin azalması zamanı baş verir:
“Cüzi ekssudat yığılması yenidən plevra tərəfindən sorula bilər. Bu halda plevranın üzərində fibrin qatı qalır. Bu yolla quru (fibrinli) plevrit əmələ gəlir. Əgər plevra boşluğunda mayenin ifraz sürəti onun sorulma sürətindən artıq olursa, o zaman ekssudativ plevrit əmələ gəlir.
Plevritlərin kəskin mərhələsi plevra vərəqlərinin iltihablı ödemi və hüceyrə infiltrasiyasıyla, plevral boşluqda ekssudat yığılması ilə xarakterizə olunur. Ekssudatın mayeli hissəsi sorulanda plevranın üzərində nahamarlıqlar əmələ gəlir”.
Həkim-terapevt bildirdi ki, plevritlərin əlamətlərindən biri quru plevrit, digəri isə ekssudativ plevrit və fibrinli plevritdir. Onun sözlərinə görə, adətən ikincili proses yaxud digər xəstəliklərin fəsadı və ya sindromu olduğu üçün plevritin simptomları üstün olur və əsas patologiyanı örtür:
“Quru plevrit zamanı döş qəfəsində sancılı ağrılar olur və bu ağrılar öskürək, nəfəs alma və hərəkət zamanı güclənir. Pasient məcburi olaraq ağrıyan tərəfdə uzanır ki, həmin tərəfdə döş qəfəsinin hərəkətləri məhdudlaşsın. Tənəffüs səthi olur, xəstələr yavaşca nəfəs alırlar ki, ağrı olmasın, döş qəfəsinin xəstə tərəfində tənəffüs hərəkətləri zəif olur. Quru plevritin məxsusi simptomu – auskultasiya zamanı eşidilən plevranın sürtülmə küyü, fibrinli plevra çöküntüləri olan tərəfdə zəifləmiş tənəffüsdür. Bədən hərarəti bəzən subfebril rəqəmlərə qədər yüksəlir. Plevritin gedişatı titrəmə, gecə tərləməsi, zəifliklə müşayiət oluna bilər.
Diafraqmal quru plevritlərin spesifik klinikası olur: qabırğaaltı ağrılar, döş qəfəsi və qarın boşluğunda ağrılar, meteorizm, hıçqırıq, qarın presi əzələlərinin gərginliyi.
Fibrinli plevritin inkişafı əsas xəstəlikdən asılıdır. Bir sıra pasientlərdə quru plevritin təzahürləri 2-3 həftə sonra keçir, lakin residivlər ola bilər. Vərəm olduqda plevritin müddəti uzanır.
Ekssudativ plevritə gəlincə, plevral ekssudasiyanın başlanğıcı xəstə tərəfdə küt ağrılarla, reflektor olaraq əmələ gələn quru öskürəklə, döş qəfəsinin müvafiq yarısının tənəffüsdə zəif iştirak etməsi və plevranın sürtülmə küyləri ilə müşayiət olunur. Ekssudat yığıldıqca ağrı böyürdə ağırlıq hissi ilə artan təngnəfəsliklə, orta sianozla, qabırğa arasının hamarlaşması ilə dəyişir. Ekssudativ plevrit üçün ümumi simptomatika xarakterdir: zəiflik, bədənin febril hərarəti, iştahasızlıq, tərləmə.
Paramediastinal plevrit zamanı disfagiya, səsin batması, üz və boyunun şişməsi müşahidə olunur. Xərçəngin bronxogen növündən əmələ gəlmiş plevrit zamanı bəzən qan hayqırma olur. Sistemli qırmızı qurd eşənəyi zamanı əmələ gələn plevritlər əksər hallarda perikardit, böyrək və oynaqların zədələnməsi ilə birgə olur. Metastatik plevritlər ekssudatın tədricən yığılması ilə xarakterizə olunur və az simptomlarla keçir. Ekssudat çox olduqda divararası orqanlar əks tərəfə yönəlir, xarici tənəffüs və ürək-damar sisteminin fəaliyyəti pozulur. Ttənəffüs dərinliyi mühüm azalır, tənəffüs sürətlənir, kompensator taxikardiya inkişaf edir, AT aşağı düşür”.
Nərminə xanım plevritin fəsadlarından da söz edib. Bildirib ki, plevritin nə ilə nəticələnməsi əksərən onun etiologiyasından asılıdır. Həkimin sözlərinə görə, plevrit uzun müddət davam etdikdə gələcəkdə plevra boşluğunda bitişmələr, pay arası və plevra boşluqlarının bitişməsi, kütləvi fibrin düyünlərinin əmələ gəlməsi, plevra vərəqlərinin qalınlaşması, plevroskleroz və tənəffüs çatışmazlığının inkişafı, diafraqma günbəzində hərəkətlərin məhdudlaşması əmələ gələ bilər:
“Xəstənin müayinəsi zamanı ekssudativ plevritin kliniki əlamətləri ilə yanaşı döş qəfəsinin assimetriyası, müvafiq yarısında qabırğaarasının qabağa çıxması, zədələnmiş tərəfin tənəffüs zamanı ləngiməsi aşkar olunur. Ekssudat olan hissə üzərində perkutor səs kütləşir, bronxofoniya və səs titrəməsi zəifləyir, tənəffüs zəif olur və ya heç eşidilmir. Mayenin yuxarı həddi perkutor olaraq, ağciyərlərin rentgenoqrafiyasında və ya plevra boşluğunun USM-də müəyyən olunur. Plevral punksiya edildikdə plevritin səbəbindən asılı olan xarakter və həcmdə maye alınır. Plevral ekssudatın sitoloji və bakterioloji müayinəsi plevritin etiologiyasını aşkar etməyə imkan verir. Plevral mayenin sıxlığı 1018-1020 yüksək, hüceyrə elementləri müxtəlif, Rivolt reaksiyası müsbət olur. Qanda EÇS-in yüksəlməsi, neytrofilli leykositoz, seromukoidlər, sial turşuları, fibrin miqdarının artması müəyyən olunur. Plevritin səbəbini dəqiqləşdirmək üçün plevranın biopsiyasıyla torakoskopiya aparılır”.
Həkim-terapevt deyir ki, Plevrit zamanı müalicə tədbirləri etioloji amilin aradan qaldırılmasına və simptomatikanın yüngülləşməsinə yönəldilir. Həkimin sözlərinə görə, pnevmoniyadan törənən plevritlər zamanı antibiotikoterapiya təyin olunur. Revmatik plevritlər qeyri-steroid iltihab əleyhinə preparatlarla, glükosteroidlərlə müalicə edilir:
“Vərəm plevritləri zamanı müalicə Ftiziatr tərəfindən aparılır və vərəm əleyhinə dərmanlar təyin olunur. Simptomatik məqsədlə analgetiklər, sidikqovucular, ürək-damar preparatları, mayenin sorulmasından sonra – fizioterapiya və müalicəvi gimnastika təyin oluna bilər.
Ekssudativ plevrit zamanı maye çox olduqda, onu plevral punksiya (torakosentez) etməklə və ya drenaj qoymaqla xaric edirlər. Eyni zamanda ürək-damar sistemi tərəfindən fəsadlar olmasın deyə ən çox 1-1,5 l maye xaric etmək olar. İrinli plevritlər zamanı plevral boşluğun antiseptik məhlullarla yuyulması aparılır. Göstərişlərə əsasən plevradaxili antibiotiklər, fermentlər, hidrokortizon və sair yeridilir”.
Həkim bildirdi ki, quru plevritin müalicəsi zamanı terapiyadan başqa pasientlərə istirahət rejimi təyin edilir. Onun sözlərinə görə, ağır fiziki iş və gərginlik əks göstərişdir. Amma tam passiv də olmaq məsləhət görülmür. Mülayim fiziki aktivlik isə müsbət nəticə verir. Nərminə xanım onu da vurğuladı ki, bəzi hallarda ağrı sindromunun yüngülləşməsi üçün xardal yaxmaları, bankalar, isidici kompreslər və döş qəfəsinin sıx bintlənməsi təyin olunur:
“Öskürəyi aradan qaldırmaq məqsədi ilə quru öskürəyi yüngülləşdirmək üçün vasitələrdən istifadə olunur. Eyni zamanda orqanizmin özünübərpa prosesini gücləndirən dərman preparatları işlədilir. Xroniki irinli plevritin müalicəsi üçün cərrahi müdaxilə – ağciyərin dekortikasiyasıyla plevrektomiya aparılır. Əgər plevra və ya ağciyərin zədələnməsi yaxud bədxassəli şişi cərrahi müalicəyə tabe deyilsə, polliativ plevrektomiya edilir”.