pensiya

Vətəndaş pensiya fonduna yığılan vəsaiti birdəfəlik ala bilərmi? – ARAŞDIRMA

Baxış sayı: 561

Son vaxtlar cəmiyyətdə vətəndaşların Dövlət Sosial Müdafiə Fonduna toplanmış vəsaitlərinin taleyi tez-tez müzakirə olunur. Çünki bu gün Azərbaycan MDB ölkələri üzrə pensiya yaşına görə öndə gedən ölkələrdən sayılır. Nəticə etibarilə hər il ölkəmizdə minlərlə insan pensiya almadan dünyasını dəyişir. Məsələn, Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərə görə, bir il ərzində ölkəmizdə 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir. Onların əməkhaqqından və ya digər gəlirlərindən tutulan vəsaitlər isə əksər hallarda vərəsələrinə verilmir, Fondun büdcəsində qalır. Halbuki çox ölkələrdə tam əksinədir. Vəfat etmiş vətəndaşın həm pensiyası vərəsələrinə verilir, həm də vətəndaş pensiya yaşını doldurmadan pensiyaya çıxmaq hüququna malik olur. Bu vətəndaşın aidiyyəti qurumlara yazılı müraciəti əsasında baş verir. Eyni zamanda, pensiya yaşına çatmış vətəndaş yığımları birdəfəlik ödəmə formasında da ala bilir.

Qeyd edək ki, postsovet məkanına aid olan ölkələrin əksəriyyətində orta ömür uzunluğu 70 yaşın ətrafında və üstündə, pensiya yaşı isə daha çox hallarda kişilər üçün 63, qadınlar üçün isə 60-dır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə Azərbaycanda orta ömür 71,4 yaşdır ki, bu göstəriciyə görə ölkəmiz dünyanın 183 ölkəsi arasında 114-cü yeri tutur. Pensiyada 65 və ondan yüksək yaş həddi əsasən orta ömür uzunluğu 80 yaşdan yuxarı, eləcə də demoqrafik qocalma göstəricisi çox olan ölkələrdə götürülür. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) göstəricisindən (80 yaş)  yüksək həddə malik İsveçdə orta ömür üzunluğu kişilərdə 82, qadınlarda 84 yaş olsa da, hər ikisinin pensiya yaşı 62 götürülüb. Yaşı 65 və ondan yuxarı olan əhali  Yaponiyada -27 faiz, İtaliyada-23 faiz, Almaniyada-25,5 faizdir. Ona görə də belə ölkələrdə pensiya yaşı da yüksəkdir. Yaşı 65 və ondan yuxarı olan pensiyaçı Azərbaycan əhalisinin 7 faizini təşkil edir. Rəsmi statistikaya görə, son 15 ildə Azərbaycanda orta ömür 2 il artaraq 73,4-dən 75,8 yaşa yüksəlib. Kişilərdə 70,8-dən 73,3 yaşa, qadınlarda 76,1 yaşdan 78 yaşa qədər artıb. Bir sözlə, Azərbaycanda pensiya sistemi elə qurulub ki, pensiya yaşlı nəslin bir hissəsi üçün əlçatan deyil.

Bəs, görəsən, mövcud qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin vərəsələri onun pensiyasını hansı halda ala bilər? Bununla bağlı konkret mexanizm mövcuddurmu? Pensiyaçının fonda toplanmış vəsaiti birdəfəlik ödəmə şəklində əldə etmək hüququ varmı?

Qanunda varislik məqamı təsbit olunur, amma…

Mövzunu şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq fərdi sığorta hesabına toplanmış vəsaitin yalnız yığım hissəsinin varislik hüququ var:

“2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləndə, varislik məqamını özündə ehtiva etdi. Çox təəssüf ki, qanunda fərdi hesabın yalnız yığım hissəsindəki vəsaitlərin varisliyi məsələsi əksini tapdı. Yəni olmayan bir hesab. Amma sığorta şirkətində toplanan vəsaitlərin ötürülməsi məsələsi həll olunmadır. Bu, doğru yanaşma deyil, bu məsələ tezliklə həll olunmalıdır. Bildiyiniz kimi, yığım iki hissədən ibarət olur. Birincisi, icbari yığım. O, faktiki olaraq müəyyən edilmiş faizlər çərçivəsində əməkhaqqı fonduna 25 faiz hesablanma ilə tutulur. İkincisi isə, vətəndaşın könüllü yığımıdır. Könüllü yığım olan hissəsində toplanmış vəsaitlərin irsən ötürülməsi nəzərdə tutulur. Lakin praktikada belə vəsait yoxdur. Əslində mükəmməl pensiya sistemi, vətəndaşların pensiya hüququ əldə etməyən, pensiya yaşına qədər yaşamayan vətəndaşların yığımlarının onların varislərinə ötürülməsinə, eyni zamanda pensiya əlçatanlığını təmin edir. Təəssüf ki, Azərbaycanda vəziyyət nisbətən fərqlidir. Əsas prioritet Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərclərinin optimallaşdırılmasıdır. DSMF Azərbaycanda dövlət büdcəsinə verilən dotasiya hesabına öz xərclər üzrə öhdəliklərini yerinə yetirə bilir. Hər il təxminən orta hesabla 1.5 – 1.6 milyard manat dövlət büdcəsindən pensiya fonduna pul ayrılır. 2020-ci ilə qədər bu göstərici 38 faiz ətrafında idi. Bu xərclər büdcə hesabına ödənilirdi. Təbii ki, bunun fundamental səbəbləri var idi. Bu o demək deyildi ki, toplanmış vəsaitlər dünyasını dəyişmiş pensiyaçıların varislərinə verilməsin. Problemin həll yolu əslində əmək bazarının leqallaşdırılmasıdır. Əmək bazarının qanuniləşdirilməsi pensiya sisteminə daxil olmaları əhəmiyyətli səviyyədə, təxminən 3.5 dəfə artıra bilər. Bu isə mövcud olan problemləri tam aradan qaldıra bilər. Amma bizdə bunun daha asan variantına əl atırlar, mümkün qədər pensiya təminatı sistemində əlçatanlığı aşağı salırlar. Məsələn, yaş həddinin 65-ə çatdırılması Azərbaycanda orta pensiya dövrünün 6 ilə qədər azalmasına gətirib çıxarır. Dünya təcrübəsindən misal gətirsək, fərq Yaponiyada 22 il, Almaniyada 20 ildir. Orta ömür Yaponiyada 89 ildir, pensiya yaşı isə 67-dir. Ölkəmizdə orta ömür 71 ildir, pensiya yaşı 65-dir. Bu orta ömür nisbətində pensiya yaşının artırılması pensiyaya çıxma hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı”.

 

Özəl pensiya fondlarının olması rəqabət yarada bilər

Ekspert həmçinin qeyd edir ki, valideynlərdən birinin itirilməsi halında da varislər üçün müəyyən hüquq yaranır: “Bu zaman kapital ötürülmür. Sadəcə olaraq pensiya alma hüququ ötürülür və bu 18 yaşına qədər uşaqları olan ailələrə, 23 yaşına qədər uşaqları olan və ali məktəbdə əyani təhsil alan ailələrə verilir. Vər hər bir fərdə uyğun nisbətləşdirilir.Yəni, ailədə 1 uşaq var, 2 uşaq var və s. Dünya təcrübəsində burda əslində iki mexanizm var. Həm dövlət, həm də özəl pensiya fondları. Dövlət pensiya fondlarında toplanmış vəsaitin müəyyən bir qisminin varislik hüququ yolu ilə ötürülməsi  daha çox tətbiq olunur. Məsələn, 70-80 faizinin yaxud 50 faizinin ötürülməsi tətbiq edilir. Özəl pensiya fondlarında isə bu məsələ müqavilə şərtləri ilə tənzimlənir və əksər hallarda da müqavilədə məhz 100 faiz həcmində varislik huququna ötürülməsi məsuliyyətini üzərinə götürür. Burada sadəcə bəzi məqamlar olur ki, bu zaman pensiyaçı daha yüksək faizlər tələb edir yaxud da daha qısa zaman müddətində pensiya hüququ istəyir. Tutaq ki, vətəndaş var ki, 45 yaşda, vətəndaş var 65 yaşda pensiyaya çıxmaq istəyir. Əgər vətəndaş daha yüksək faizlə vəsaitdən əlavə yığım istəyirsə, bu zaman bəzi hallarda varislik hüququna müəyyən güzəştlər etməli olur. Məsələn, bu zaman 100 faiz deyil, 80 faiz varisə ötürülmə hüququ yaranır. Düzdür, burada böyük risk alınır. Amma böyük ehtimalla insanlar adətən düşünür ki, onlar yaşayacaqlar, ona görə də riski nəzərə alır və daha çox faizə razılıq verirlər”.

 

Hökümət birdəfəlik ödəmə mexanizmində maraqlı deyil

R.Həsənov onu da vurğulayıb ki, hazırda pensiyaçının fonda toplanmış vəsaiti birdəfəlik ödəmə şəklində əldə etmək hüququ Azərbaycanda yoxdur. Onun sözlərinə görə, bu təcrübədən Azərbaycan da istifadə edə bilər: “Almaniyada, qonşu Türkiyədə belə təcrübə var. Çox yaxşı təcrübədir. Məsələn, əksər ölkələrdə insanlar yaşadıqları yerdə işləməyə üstünlük verirlər və adətən pensiyaya çıxandan sonra mənzil alırlar. Və əksər hallarda onların aldıqları birdəfəlik ödənişlər mənzilin xərcinin ya əhəmiyyətli hissəsini, ya da tamamını bağlayır. Yəni, o qədər ciddi ödənişdən söhbət gedir. Təbii ki, bizdə də birdəfəlik ödəniş mexanizmi tətbiq oluna bilər. Amma məsələ ondan ibarətdir ki, bu gün əmək pensiyasının mexanizmi daha çox Sosial Müdafiə Fondunun yığımları ilə onun ödənişləri arasında fərqin çox olmaması üzərində qurulub. Yəni, əksər hallarda Fond dövlət tərəfindən subsidiyalaşdırılır. Hökümət də çalışır ki, Fonda çox subsidiya verməsin və xərclərlə gəlirlərin optimallaşdırılması məsələsi gündəmdə olduğu üçün hökümət yığımın vətəndaşa qaytarılması prosesinin daha uzunmüddətli həyata keçirilməsində maraqlıdır. Ona görə də birdəfəlik ödəmə mexanizmi fərqli platformalarda bu günədək müzakirə olunsa da, son həllini tapmır. Bunun üçün həm də qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir”.

 

Yığımın birdəfəlik alınması sosial sığorta prinsiplərinə ziddir

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət Ibrahimqızı isə bildirir ki, hazırda birdəfəlik ödəmə mexanizmi beynəlxalq təcrübədə kimi istifadə edilmir:

“Birdəfəlik ödəmə mexanizmi əvvəllər bəzi inkişaf etmiş ölkələrdə bir qədər çox tətbiq olundu. Hazırda bu beynəlxalq təcrübə kimi və ya bir standart kimi istifadə  edilmir. Çünki, ölkələr iqtisadi gücünə görə müxtəlifdir və bu mənada sosial sığortaya əsaslanan pensiya sistemində belə bir mexanizm tətbiq edilmir. Şəxsin hesabında yığılmış pensiya kapitalının pensiya yaşına çatdıqda birdəfəlik alınması bir tərəfdən sosial sığorta prinsiplərinə ziddir, digır tərəfdən də idarəedilməsi  mümkün olmayan pensiya sistemini stimullaşdıra bilər. Bəzi ölkələrdə tətbiq edilən sözügedən mexanizm əsasən pensiya kapitalına deyil, peşə birliklərinə ödənilmiş sığorta vəsaitlərinin birdəfəlik alınmasına aid olur. Müsbət beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan pensiya qanunvericiliyi pensiya vəsaitlərinin gözlənilən pensiya yaşı müddətindən başlayaraq aylar üzrə hissə-hissə və  hər il indekləşdirilməklə ödənilməsini nəzərdə tutur”.

Millət vəkili onu da vurğulayır ki, vəfat etmiş şəxsin ödənilməmiş pensiyası Mülki Məcəlləyə uyğun olaraq, vərəsəliyin müəyyən edilməsi ilə birdəfəlik ödənilir. Eyni zamanda, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxslər (Qanunun 14-cü maddəsi ilə müəyyən edilir) vəfat etmiş şəxsin pensiyası və ya əmək haqqı əsasında pensiya tələb etmək hüquqları vardır”.

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir