“Gencaile.az” saytının budəfəki qonağı Azərbaycan milli komandasının və bir sıra iddialı ölkə klublarının şərəfini qorumuş sabiq forvard Vadim Vasilyevdir. Hazırda Kazbek Tuayevin direktoru olduğu Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbidə çalışan 46 yaşlı mütəxəssis təxminən dörd il davam edən “müsahibə orucu”nu “Ailədən danış” rubrikası üçün pozdu.
– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?
– Düzü, ilk vaxtlar valideynlərimin bundan xəbəri yox idi. Orta məktəbdə oxuyanda futbolla məşğul olmağa başlamışdım. Ailəm bunu biləndə heç bir problem olmadı. Əksinə, onlar mənə dəstək olurdu. Futbolla məşğul olduğumdan pis vərdişlərdən uzaq idim ki, bu da onların ürəyincə idi. Yüksək dəstədə çıxış edəndə daha da sevinirdilər. Eləcə də milli komandaya dəvət alanda bu hal valideynlərimi çox sevindirmişdi.
– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Əgər həvəsimin hansı sahəyə olmasını soruşursunuzsa, gömrük xidmətində işləyə, polis ola, hərbçi kimi fəaliyyət göstərə və ya pilot ola bilərdim. Təyyarələri çox sevirəm deyə bu işə xüsusi marağım var. Onu da deyim ki, 16 yaşımdan işləməyə başlamışdım. Maşın ustası da, qaynaqçı da işləmişəm. Hətta hərbi xidmətdən qayıtdıqdan sonra dərziliklə də məşğul olmuşam. Amma heç bir iş mənə futbol qədər rəngarəng, cəlbədici gəlməyib.
– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
– Yox, etmədi. Onu da qeyd edim ki, bizim tanışlığımız da elə futboldan başlamışdı. O vaxt bir dostumun həyat yoldaşı ilə məşqə baxmağa gəlmişdi və orda tanış olmuşduq. Düzdü, futbolla bağlı heç də məlumatlı deyildi, amma yenə də bir-birimizi bizə futbol tanıtdı.
– Futbol elə bir peşədir ki, adətən evdən uzaq olurdunuz. Belə hallarda ən çox hansı çətinliklərlə üzləşirdiniz?
– Açığı, elə də ciddi çətinlik çəkməmişəm. Düzdü, həyat yoldaşım və övladım üçün darıxırdım, ancaq buna da öyrəşmək olur. Bir-birimizdən əsasən təlim-məşq toplanışları olan vaxtlarda ayrı qalırdıq ki, bu da bütün mövsüm boyu olmur. Ukraynada legioner həyatı yaşayanda isə birlikdə yaşayırdıq deyə ailəmdən uzaqda deyildim.
– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirdinizmi?
– Futbolçu karyeramın ən yaxşı dövründə istər stadionda, istərsə də şəhərdə gəzəndə mənə yaxınlaşan, şəkil çəkdirmək istəyən və s. olurdu. Həmin məqamlarda həyat yoldaşımın məni qısqandığını bilirdim. Düzdür, bunu hiss etdirməməyə çalışırdı, ancaq yenə də bunu anlamaq mümkün olurdu.
– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?
– Bu baxımdan ancaq müsbət məqamları qeyd etmək olar. Düzdü, mən nisbətən gec evlənmişəm. Təbii ki, öncə özümü evlənmək üçün hazır hiss etməliydim. Ailəmi dolandıracaq qədər pul qazanırdım. Ev aldım və digər zəruri ehtiyaclarımı ödədikdən sonra ailə qurdum. İndi bir övladım və yaxşı ailəm var. Bundan yaxşı nə ola bilər?!
– Oğlunuzdan söz açmışkən, elə bir arzunuz varmı ki, sizin davamçınız olan övladınızın futbolçu kimi onu reallaşdırmasını istəyirsiniz?
– Təbii, futbolçu kimi onunla bağlı müəyyən arzularım var. Məsələn, səviyyəli klubların birində legioner həyatı yaşamasını və Azərbaycan milli komandasına fayda verməsini arzu edirəm.
– Futbolçu kimi hansı qərarınızdan peşman olmusunuz?
– “Bakı” klubu ilə çempionluq yaşayadığım mövsümün sonunda mənə yeni müqavilə təklif olunmadı. Həmin ərəfədə “İnter” və İmişlinin “MKT-Araz” komandaları məni heyətində görmək istəyirdi. Həmin mövsüm İmişli klubu UEFA kubokuna vəsiqə qazanmışdı. Onların təklifi daha real və sərfəli olsa da, mən “İnter”ə keçmək istəyirdim. Sonradan paytaxt klubu müqavilə bağlamaqdan imtina etdi və mən pis vəziyyətdə qaldım. Həmin vaxt “MKT-Araz”a transfer olunmaq imkanım olsa da, bundan istifadə etmədiyim üçün peşman olmuşam.
– Əlinizə imkan düşsə, həyatınızda nəyi dəyişmək istərdiniz?
– Belə bir şansım olsaydı, yəqin ki, illəri dəyişər, indi anadan olmaq istəyərdim. Əgər gənclik illərimdə futbolda indi olan şərait olsaydı, karyeram daha uğurlu ola bilərdi.
– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz
– Belə hadisələr çoxdur. Sizə “Neftçi”də və milli komandada birgə çıxış etdiyim Ədahim Niftəliyevlə bağlı maraqlı əhavalat danışa bilərəm. Milli komandanın oyunöncəsi son hazırlıqlarının birində baş məşqçi Kazbek Tuayev bizə son tapşırıqlarını verirdi. Bildiyiniz kimi, Tuayev rusca danışır. Əksər oyunçular rus dilini bildiyi üçün bu hal problem olmurdu. Amma təbii ki, rusca bilməyənlər də var idi ki, onlardan da biri Ədahim idi. Kazbek Tuayev bizi oyuna kökləyəndə ən əsas onu vurğulayırdı ki, rəqibi ciddi qəbul etmək, ona qarşı qaydalar çərçivəsində sərt oynamaq lazımdı. Bir neçə dəfə təkrar elədi ki, dəmir kimi sərt, möhkəm oynamalısınız. Həmin vaxt üzünü Ədahimə tərəf tutaraq “Ədahim, nə dediyimi başa düşürsən?” deyə səsini yüksəltdi. Niftəliyev isə rusca ümumiyyətlə başa düşmürdü deyə baş məşqçinin üzünə baxırdı. Bu anda arxada oturan Arif Əsədov Ədahimə dedi ki, Kazbek müəllim mülayim demək istəyir. Bu məqamda Niftəliyevin “hə, rəqibə qarşı müalyim oynamalıyıq” deməsi baş məşqçinin qəzəbinə, bizim isə gülüşümüzə səbəb olmuşdu.
Bir dəfə də Kazbek Tuayev Ədahimdən soruşdu ki, sənin adının mənası nədir? Həmin vaxt yaxınlıqdan ötən kimsə dedi ki, Ədahim cənnət deməkdir. Tuayev də dedi ki, cənnət yox, cəhənnəm olar. (gülür-T.M.)
Daha bir maraqlı əhvalat danışım. İsveçlə səfər matçı üçün gəlmişik. Stokholmda millidəki komanda yoldaşlarımla gəzirik – İqor Getman, İlham Yadullayev, Cahangir Həsənanzadə, Ədəhim Niftəliyev və mən. Birdən mənə bir qərib yaxınlaşaraq soruşur ki, foto çəkmək mümkündürmü? Mənim də gur, uzun saçlarım var, zahirən diqqət çəkirəm. Təbii ki, müsbət cavab verdim. Uşaqlar artıq mənə zarafat edirlər: “Ulduzu İsevçdə də tanıyırlar. Artıq bütün Avropa səni tanıyır”… Bu adama tərəf addım atıram və görürəm ki, onlar beş nəfərdi. Yaxınlaşıb onları qucaqladım və dedim ki, utancaq olmayın, kollektiv şəkil çəkdirə də bilərik. Bu anda fotonu soruşan şəxs mənə müraciət etdi: “Siz səhv başa düşdünüz. Sizinlə şəkil çəkdirmək istəmədik, şəklimizi çəkməyinizi istədik.
Söhbətləşdi: Tural Məmmədov