usaqlar

Valideyn himayəsindən məhrum uşaqların üzü efirdə göstərilməlidirmi?

Baxış sayı: 1. 975

Zaman-zaman efirdə, internet resurslarının yaydığı xəbərlərdə 18 yaşı tamam olmayan şəxslərin, uşaqların üzünü aydın şəkildə görürük. Bu yazıda ümumilikdə 18 yaşı tamam olmayan şəxslərin deyil, sırf valideyn himayəsindən məhrum uşaqların üzünün efirdə göstərilməsinin nə dərəcədə doğru olduğunu araşdırmağa çalışacağıq. Qeyd edək ki, Azərbaycanda belə bir nümunə var və onlar heç bir halda uşağın üzünü efirdə göstərmirlər. Söhbət “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasından gedir. Qurumun İctimai Vəkillik üzrə mütəxəssisi Cavid İmamoğlu bizimlə söhbətində bildirdi ki, uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan şəxslər, bu haqda məlumatı olanlar bilirlər ki, uşaqların hüquqlarının müdafiəsindən biri də onların məxfiliyinin qorunub saxlanmasıdır: “İstər BMT Uşaq Hüquqları Konvensiyası, istər Azərbaycanda uşaq hüquqları ilə bağlı mövcud qanunlar uşaq hüquqlarının müdafiəsini təmin edir. Uşaqlarla bağlı çəkiliş edəndə birinci növbədə, onların özündən və ya himayədarlarından razılıq alınmalıdır. Təəssüf ki, bir çox məqamlarda razılıq alınmadan belə, uşaqlarla bağlı materiallar sosial şəbəkələrdə, efirdə, xəbərlərdə yayımlanır, onlar haqda məlumatlar dərc olunur, üzləri görünür. Ən azından, tərbiyəçinin razılığı alınmalıdır. Ümumiyyətlə, uşaqları hər hansı bir məqamda göstərərkən onları yazıq durumda təqdim etmək olmaz. Məsələn, özləri, keçmişləri haqda məlumat vermək, adamlardan yardım istəmək olmaz. Bu kimi məqsədlərlə uşaqlardan istifadə etmək yolverilməzdir. Biz adətən belə halları televiziyada, sosial mediada müşahidə edirik”.

 

Media diqqətli olmalıdır

 

Sosioloq qeyd etdi ki, media nümayəndələri uşaqlarla bağlı məlumatlar hazırlayarkən diqqətli olmalıdırlar. Xüsusilə, həssas xəbərlər zamanı. Məlumat ailədaxili problemlər, ailədə mənfi davranış və s neqativ hallarla bağlıdırsa, uşaqların adlarının da məxfiliyi qorunmalıdır: “Uşaqları öz adları, soyadları ilə vermək olmaz. İnformasiyanı dəqiqliyi ilə yaymaq düz deyil. Bu da uşaqların hüquqları sırasına daxildir. Vizual məlumatları hazırlayarkən də diqqətli olmalıyıq. İlk növbədə, başa düşməliyik ki, uşaqların məxfilik hüququ var. Uşağın həyatının müəyyən hissələrini, kimliyini ortaya qoyan, onun haqqında bütün informasiyanı verən video-çarxlar, şəkillər və s. mətbuatda verilməməlidir. Əgər ortada razılıq yoxdursa, heç bir məlumat yayılmamalıdır”.

C.İmamoğlu bu kimi məqamların gələcəkdə uşaqlara hansı fəsadlar törədəcəyindən danışarkən dedi ki, onlar böyüdükcə özləri barədə informasiya ilə rastlaşarkən utanc hissi keçirə bilərlər. Özlərinə güvənləri aşağı düşə, təklik tələbatı yarana bilər: “Media material hazırlayarkən diqqətli olmalıdır ki, uşaq indi və ya gələcəkdə özünə baxarkən emosional gərginlik keçirməsin. Bunun daha ciddi fəsadları ola bilər. Emosional gərginlik keçirən, stressə düşən insandan hər şey gözləmək olar. Ona görə də uşaqların belə vəziyyətindən qətiyyən istifadə edilməməlidir. Onlara nə keçmişlərinə, nə düşdükləri duruma görə yuxarıdan aşağı baxılmasına, narahatlıq hissi keçirmələrinə səbəb olmamalıyıq. Razılaşdırılmış tədbirlər və pozitiv məlumatların efirdə verilməsi müəssisə rəhbərinin, uşaqların razılığı ilə mümkündür. Tutaq ki, hansısa biri yaxşı şeir demək qabiliyyətinə malikdir. Bacarıqlarının göstərilməsi razılaşdırılmış şəkildə həyata keçirilirsə, bu, ziyanlı, problemli deyil. Biri də var ki, hansısa bir şirkət, təşkilat uşaqların vəziyyətindən istifadə edib öz reklamlarını qurur, onları çarəsiz kimi göstərməyə çalışırsa, media reytinq üçün uşaqları yazıq durumda göstərib tamaşaçıları ağlatmağa çalışırsa, bu, yolverilməzdir”.

 

Müəssisədə yaşayanlar hüquqsuz deyillər

 

C.İmamoğludan bu cür uşaqların hüquqları pozulduqda məsuliyyəti kimin daşıdığını və bu məsələ ilə uşağın əvəzinə kimin məşğul olmalı olduğunu soruşduq. Həmsöhbətimiz qeyd etdi ki, valideyn himayəsindən məhrum uşaqların qəyyumları olur: “Dövlət müəssisəsindədirlərsə, qəyyumları dövlət hesab olunur. Eləsi var ki, qohumları tərəfindən qəyyumluğa götürülüb. Yəni uşaq kimin himayəsindədirsə, o adam bu işləri apara bilər. Uşaqların dinlənilmək, münasibət bildirmək, özləri haqda qərar vermək hüquqları var. Hansısa müəssisədə yaşaması heç də onun hüquqsuz olması anlamına gəlmir. Uşaq müdafiəsi ilə bağlı problemlər ortaya çıxarkən, hüquqları pozularkən, hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülməlidir. İnzibati xətalar və ya Cinayət məcəllələrinə əsasən”.

 

SOS uşaq kəndlərində uşaqların məxfilik hüququ qorunur

 

Sosioloq bildirdi ki, SOS uşaq kəndlərində uşaqların üzü mediada birmənalı şəkildə göstərilmir: “SOS uşaq kəndlərində uşaqların hamısının məxfilik hüququ qorunur. Bütün məsələlərdə, xüsusilə, çəkilişlərdə onlardan icazə alınır. İstər vizual, istərsə də mətn məlumatlarının verilməsində mütləq uşaqların razılığı olmalıdır. Razılıq yoxdursa, adları fərqli şəkildə verilir. Hansısa bir xəstəlik və yaxud ailə hekayəsindən söhbət gedirsə, orada uşaq haqqında əsas məlumat məxfi saxlanılır. Uşaqların məxfilik hüququ SOS tərəfindən birmənalı şəkildə qorunur. SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası öz fəaliyyətində daima uşaq hüquqlarının müdafiəsini prioritet məsələ edib və uşaqların kimliyinin qorunması məsələsində beynəlxalq və yerli qanunları dəstəkləyib. İstər Uşaq Hüquqlarının Müdafiəsi Haqqında beynəlxalq konvensiyalar, istərsə də yerli uşaq müdafiə sənədlərində göstərilən uşaqların hər cür zorakılıqdan qorunması prinsipinə uyğun işlərini həyata keçirir. İcazəsiz reklam materiallarının hazırlanması (şəkillər, filmlər və s.) və ya uşağın kimliyini göstərən kontekstdə həssas məlumatın dərc olunması uşağın məlumatlarının konfidensiallığının pozulması anlamına gəlir. Uşağı əks etdirən reklam materialları hazırlanarkən həm uşaq, həm rəsmi qəyyumun (ən azı tərbiyəçi şəxsin) icazəsini alınmalıdır”.

 

Qanunvericilik nə deyir?

 

Ölkədə belə bir nümunə olsa da, müəyyən vaxtlarda efirdə bu cür həssas təbəqəyə daxil uşaqların üzünü görürük. Uşaqlar üçün təşkil olunan tədbirlərdə, hətta neqativ məsələlərlə əlaqədar, efirdə uşağın üzünün göstərilməsi halları baş verib. QİÇS xəstəsi Elnarə Əhmədovanın üzünün açıq göstərilməsindən tutmuş, valideyn himayəsindən məhrum uşaqların musiqi yarışının keçirilməsinə qədər müxtəlif məqamları xatırlayıram. Bəs bu kimi hallar nə dərəcədə düzgündür? Hansı hallarda valideyn himayəsindən məhrum uşağın üzünü açıq göstərmək məqsədəuyğun, hansı hallarda arzuolunmazdır? Qanunvericilik bu məsələdə nə deyir? Sərhəd nədir, “qızıl orta”nı tapmaq mümkündürmü?

 

“Bakı Hüquq Mərkəzi” MMC-nin baş hüquq məsləhətçisi Tahir Əliyev dedi ki, uşaqların üzünü efirdə göstərmək olmaz kimi bir qanunvericilik norması yoxdur: “Söhbət təkcə çəkilişdən getmir. Uşağı ümumiyyətlə, istəmədiyi bir şeyə məcbur etmək onun iradəsinə qarşı çıxmaq deməkdir”.

Hüquqşünas valideyn himayəsindən məhrum uşaqların üzünün efirdə göstərilməsində pis heç nə görmür. Düşünür ki, belə uşaqları televiziyada görən şəxslər onlara yardım etmək, hətta övladlığa götürmək istəyə bilərlər: “Belə məqamlar uşağın rifahı üçün yaxşıdır. Üzünün efirdə aydın görünməsinin uşaq üçün hər hansı fəsadının olacağını düşünmürəm. Valideynlərinin olmamasına görə heç kim onlar haqda pis düşünə bilməz. Jurnalistlər özləri fikirləşməlidir ki, bu uşağı efirdə göstərək, ya yox?”.

 

QHT rəhbəri, hüquqşünas Sahib Məmmədov müəyyən məsələlərin qanunvericilikdə əksini tapmadığını və açıq qaldığını bildirdi. Qeyd etdi ki, neqativ məqamlarda, tutaq ki, uşaq pis işlə məşğul olubsa, cinayət törədibsə, zorakılığa məruz qalıbsa, onun üzünü göstərmək olmaz: “Üzləri müəyyən məqamlarda görünə bilər. Məsələn, dövlət tədbirləri, şənliklər təşkil olunur. Bu məqamda məqsəd onlara yardım etməkdir. Belə hallarda heç bir qadağa yoxdur. Çünki uşağın mənafeyinə zidd deyil. Neqativ hallarda, həmçinin çətin həyat keçirən, dilənçiliklə məşğul olan uşağın üzünü göstərmək doğru deyil. İnternat məktəbində oxuyan uşaqlar da üzünün göstərlməsini istəmirsə, vermək olmaz”.

S.Məmmədov bildirdi ki, üzlərinin göstərilməsilə uşaqlara problem olacaqsa, buna getmək olmaz: “Ümumilikdə, adamlar çəkiliş təşkil olunan tədbirə gəliblərsə, artıq üzlərinin çəkilməsinə razılıq vermiş hesab oluna bilərlər. Amma bu qanun konkret olaraq uşaqlara münasibətdə açıq qalır. Düşünürəm ki, ümumilikdə bu mövzunu qanunla tam tənzimləmək olmayacaq. Çünki bu zaman həddindən artıq detal nəzərə alınmalıdır. Bu cür uşaqlar arasında istedadı olanlar da az deyil. Əgər səhnəyə çıxa bilərlərsə, istedadları varsa, onları ictimailəşməkdən məhrum etmək olmaz. Amma hansısa şirkətin bu cür uşaqların vəziyyətindən sui-istifadə edib öz reklamını qurması yolverilməzdir. Efirdə və ya xəbərlərdə bu uşaqların hər hansı xoşməramlı tədbirdə göstərilməsi elə formada olmalıdır ki, uşaqlar aşağılanmasın. Uşağın üzü o istəmədən çəkilsə, çəkən və buna icazə verən məsuliyyət daşıya bilər. İnsanların razılığı olmadan onunla bağlı hər hansı bir çəkiliş aparılması ilə bağlı maddələrə bir bölmə də uşaqlarla bağlı əlavə oluna bilər. İddianı uşağın əvəzinə qəyyumları qaldıra bilər. TV-lərə qarşı iddia qaldırmaq mümkündür. Amma video sosial şəbəkədə yayılıbsa, bununla bağlı hələlik qanunvericilik aktı yoxdur. Amma videonu yayanı tapmaq mümkün olarsa, ona qarşı iddia qaldırıla bilər”.

 

“Üzlərinin görünməsi onlarda travma yarada bilər”

 

Sosioloq-jurnalist Lalə Mehralı qeyd etdi ki, valideyn himayəsindən məhrum uşaqlar üçün tədbirlər təşkil olunur. Bu zaman telekanallar, qəzet, sayt nümayəndələri də dəvət olunur: “Bəzi tanınmışlar, müğənnilər, şirkətlər məsələnin əsil əhəmiyyətini başa düşmürlər. Onlar üçün vacib olan oradan şəkil çəkdirib paylaşmaqdır. O uşaqların gələcək taleyi belə adamları maraqlandırmır. Düşünmürlər ki, şəklini paylaşdıqları uşaqlar atıldıqları, valideynləri tərəfindən istənmədikləri barədə pıçıltılar eşidəcəklər. İndi informasiya əsridir, efirdə yayımlanan, qəzetdə dərc edilən, saytda verilən hər bir xəbər internetdə qalır. Onların keçmişini istənilən vaxt internetdə tapmaq mümkündür. Bəzən TV-lər tamaşaçını təsirləndirmək, ağlatmaq, bu yolla reklam qazanmaq üçün o uşaqları ağlamağa məcbur edirlər. Bu görüntülər onlarda travma yarada bilər. Bundan əlavə, könüllü şəkildə internat evlərinə yardım aparan gənclər orada çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşırlar. Bilirəm ki, onların pis niyyəti yoxdur, sadəcə, gördükləri mənzərəni daha geniş auditoriyaya çatdırmaq istəyirlər, amma paylaşanda nəzərə almaq lazımdır ki, o uşaqların həyatı qabaqdadır. Tək valideyn himayəsindən məhrum olmuş uşaqlar yox, cinayət əməli törətmiş, buna məcbur edilmiş uşaqların da üzünü göstərmək olmaz. Telekanal, qəzet, sayt auditoriya yığmaq üçün uşağın gələcəyini məhv etməməlidirlər. Ağrıyan barmağı kəsmək ən asan yoldur, onu müalicə edib əlin bütövlüyünü qorumaq isə cəsarət və səbir tələb edir”.

 

Psixoloq Gülnarə Əliyeva qeyd etdi ki, mediada valideyn himayəsindən məhrum uşaqların üzünün göstərilməsi onlara psixoloji travma yaşada bilər. Psixoloqun fikrincə, onsuz da, bu uşaqların psixologiyası digərlərindən fərqlənir. Ona görə də onlara əlavə çətinlik yaşatmaq lazım deyil: “Valideyn himayəsindən məhrum uşaqlarda inamsızlıq hissi olur. Onlar ətrafa güvənmirlər. Çünki əksəriyyətin ilk olaraq, inandığı şəxslər onun ailə üzvləridir. Onlar isə buna sahib deyillər. Onlarda həmçinin natamamlıq kompleksi olur. Özlərini tamamlanmış fərd, şəxsiyyət kimi hiss etmirlər. Valideynlərini nə qədər günahlandırsalar da, özlərində də qüsur görürlər. Düşünürlər ki, məndə nə çatmırdı ki, məni atdılar, mən niyə dünyaya gəlmişəm və s. Qısası, onlarda özlərinə və ətrafa qarşı daxili aqressiya olur. Özlərini digər uşaqlardan aşağı hiss edirlər. Bu uşaqların ekranda üzlərinin görünməməsinin tərəfdarıyam. Ona görə ki, efirdən sonra cəmiyyət içinə çıxanda və ya müstəqil həyata atılanda ekranda göründükləri üçün onları tanıyanlar ola bilər və bu uşaqlara yazığı gəlirmiş kimi baxa bilərlər. O uşaqlar bundan hədsiz narahatlıq hissi keçirirlər. Kiminsə onlara acımasını sevmirlər. Daxili depressiya belə, keçirə bilirlər. Məlumdur ki, kimsəsiz uşaqlar 18 yaşdan sonra həmin evlərdən çıxır və müstəqil həyata atılırlar. Ətrafda hamı yaxşı adam deyil. İnsan alveri, orqan mafiyası ilə məşğul olan pis adamlar da var. Üzləri göründüyünə görə onları tanıya bilərlər, müxtəlif yollarla aldada bilərlər. Təbii ki, kimsəsiz uşaqdan istifadə etmək ailəsi olan birini aldatmaqdan daha asandır. Ona görə də belə uşaqları efirdə göstərərkən 2 dəfə düşünmək lazımdır”.

 

“Jurnalistlər məsuliyyətə cəlb oluna bilər”

 

Uşaq hüquqları üzrə ekspert, uşaq hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov mediada uşaqların adlarının çəkilməsinin, üzlərinin göstərilməsinin məxfiliyə zidd olduğunu bildirdi. Dedi ki, bu, onların  maraqlarına ziddir. Belə məqamlar həmin uşaqların psixoloji, emosional sarsıntısına səbəb ola bilər. Bu isə onların gələcəyinə mənfi təsir göstərir: “Təəssüf ki, bəzi jurnalistlər həssas məqamları nəzərə almırlar. İnzibati Xətalar, həmçinin şərəf və ləyaqətin alçaldılması ilə bağlı məsuliyyətə cəlb oluna bilərlər. Təkcə jurnalist yox, materialı yayan redaktor da məsuliyyət daşımalıdır. Çəkilişə şərait yaradan müəssisə rəhbərinin məsuliyyət daşımalı olduğunu düşünmürəm. Çünki o, çəkilişə şərait yaradıb. Amma deməyib ki, üzlərini açıq yay. Müəssisə rəhbərləri jurnalistləri ora buraxmaqla qanuna zidd hərəkət etmirlər. Çünki bütün müəssisələr ictimaiyyətə açıqdır. Materialı uşaq maraqlarına zidd şəkildə yayan jurnalistdir”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qeyd etdi ki, valideyn himayəsindən məhrum olmuş uşaqların simasının efirdə göstərilməsi ilə bağlı hər hansı bir qadağa yoxdur. Əksinə, uşağın mənafeyi baxımından, onlar haqda video-roliklərin göstərilməsi, məlumatların verilməsi gələcək talelərinə müsbət təsir edə bilər, kimsə onu övladlığa götürmək istəyər: “Hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar, eyni zamanda, hüquq pozuntusuna məruz qalmış uşaqlar, habelə cinayətin şahidi olan uşaqlarla bağlı KİV-də məlumatlar yayılmasında məhdudiyyətlər var. Buna yalnız qanuni nümayəndələrinin – valideynlərinin, yoxdursa, qəyyumların razılığı ilə yol verilə bilər. Dünya praktikasında da valideyn himayəsindən məhrum olmuş uşaqların KİV-də göstərilməsində qadağa yoxdur”.

T.İbrahimova qeyd etdi ki, bu mövzuda hüquqlarının pozulması ilə bağlı heç bir uşaq və ya qəyyumu onlara müraciət etməyib: “Əksinə, komitə özü müxtəlif verilişlərdə bu hallarla rastlaşıb və həmin televiziya kanallarının rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırılıb. Onu da qeyd edim ki, bu mövzuda komitə tərəfindən qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Layihənin adı belədir – “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında”. Gözləyirik ki, qanun qəbul ediləcək və orada bu məsələrlə bağlı müəyyən tənzimləmələr olacaq”.

 

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı da bizimlə söhbətində dedi ki, istər Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sənədlərdə, istərsə də milli qanunvericilikdə dövlət orqanlarının, bütün fiziki və hüquqi şəxslərin öz fəaliyyətində uşaqların mənafelərini üstün tutması, onların hüquqlarının təmin olunmasına şərait yaratması kimi vəzifəsi təsbit olunub: “Kütləvi informasiya vasitələri haqqında” qanunda təsbit olunub ki, kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Əvvəlcə, qanunun bu müddəası yalnız cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulurdusa, 29 aprel 2016-cı il tarixdə həmin normaya əlavə və dəyişikliklər edilib. Milli Televiziya və Radio Şurası tərəfindən “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiqlənib. Bu Qaydalar “Televiziya və radio yayımı haqqında” qanunun 33.1-ci maddəsinə uyğun olaraq hazırlanıb və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramların yayımı qaydalarını tənzimləyir. Bu sahədə həm dövlət nəzarəti, həm də ictimai nəzarət var. Belə ki, Milli Televiziya və Radio Şurası televiziya və radio yayımlarının fəaliyyətini tənzimləyən, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qoruyan, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirən bir qurum kimi bu sahədə müvafiq işlər aparır. Azərbaycan Mətbuat Şurası isə bu sahədə yazılı mətbuatla bağlı üzərinə düşən funksiyaları yerinə yetirir. Qəzet, jurnal və informasiya agentliklərində şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna zərər gətirildiyini, jurnalistlər tərəfindən peşə etikasının prinsiplərinin pozulduğunu iddia edən vətəndaşlar, hüquqi və fiziki şəxslər şikayət ərizəsi ilə Mətbuat Şurasına müraciət edə bilərlər”.

Həmsöhbətimiz qeyd etdi ki, Ombudsman milli insan hüquqları təsisatı olaraq, müntəzəm şəkildə uşaqların hüquqlarının KİV-də pozulması hallarının monitorinqini aparır, bu hallarla rastlaşdıqda müvafiq qurumlara müraciət edir və bir çox hallarda pozulmuş hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür: “İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə əsasən, teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin, o cümlədən, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Uşaqların hüquqlarının pozulması halları baş verdikdə uşağın qanuni nümayəndələri məhkəməyə və ya digər aidiyyəti qurumlara, o cümlədən ombudsmana müraciət edə bilərlər. Eyni zamanda, uşaqlar özləri də valideynləri və ya digər qanuni nümayəndələri, habelə digər şəxslər tərəfindən hüquqları pozulduğu hallarda aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququna malikdirlər. Yeri gəlmişkən, hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı verən “916” nömrəli “qaynar xətt” təşkil edilib. 24 saat fəaliyyət göstərən həmin “qaynar xətt”ə daxil olan məlumatlar əsasında araşdırmalar aparılaraq müvafiq tədbirlər görülür, ehtiyac olduqda zəruri hüquqi məsləhətlər verilir”.

A.Səfixanlı bildirdi ki, uşaqların şəxsiyyətinin, onlarla bağlı baş verən hər hansı bir xoşagəlməz hadisənin ictimaiyyətə açıqlanması uşağın psixoloji sarsıntı keçirməsi, onun özünə qapanması, evdən qaçması və hətta intiharı ilə nəticələnə bilər. Məlumatların ictimaiyyətə açıqlanmasından sonra uşağın hərəkətlərinin və ya onunla bağlı baş verən hadisənin məktəb yoldaşları, dostları və ya çevrəsində olan uşaqlar, o cümlədən müəllimləri, qohumları tərəfindən müzakirə olunması onun daim basqı altında olmasına və xoşagəlməz hallara cəhd etməsinə səbəb ola bilər. Bu kimi hallar isə onun gələcək həyatına öz mənfi təsirini göstərər: “Bu baxımdan, belə məsələlərə həssas yanaşmaq və son dərəcə ehtiyatlı olmaq lazımdır. Bunun üçün qanunvericiliyin tələblərini öyrənmək və əməl etmək kifayətdir”.

 

Efirdə yaşanan belə hallarla bağlı media eksperti Ələsgər Əhmədoğlu ilə də danışdıq və jurnalistlərin qaydalara nə dərəcədə əməl etdiklərini soruşduq. Ekspert qeyd etdi ki, uşaqların üzünün göstərilməsi birbaşa qadağan deyil. Əgər uşaqların mənafeyi tələb edərsə, üzləri göstərilə bilər. Amma bu, uşaqların rəsmi təmsilçilərinin xəbəri olmadan edilməməlidir: “Valideyn himayəsindən məhrum olduğuna görə üzünün gizlədilməsi mütləq deyil. Uşaq dövlət nəzarətindədirsə, uşaq evinin rəhbərliyi çəkilişə icazə verirsə, o zaman problem yoxdur. Çünki onun mənafeyinə zərər verəcək heç bir məqam yoxdur. Amma KİV qanunu pozarsa, məsuliyyət nəzərdə tutulur. Həm mülki məcəllə, həm də inzibati xətalar məcəlləsində məsuliyyət var. Düşünürəm ki, jurnalistlər özləri vəziyyətə uyğun qərar verə bilməlidirlər. Məsələlərə individual yanaşmaq lazımdır. Hər şeydən öncə, jurnalist etikasına əməl olunmalıdır. Uşaqların mənafeyi nəzərə alınmalıdır. Jurnalist reytinq xətrinə yanlışlığa yol verməməlidir”.

 

 

Şəfa Tapdıq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir