Valideyn məsuliyyətsizliyinin səbəbləri

Baxış sayı: 1. 601

Son zamanlar valideyn məsuliyyətsizliyi ucbatından azyaşlı uşaqların müxtəlif qəzalara qurban getməsi, faciəli şəkildə dünyasını dəyişməsi halları artır. Nə qədər acınacaqlı olsa da, bu hal zamanla adiləşməyə başlayıb.

Son 3 gündə valideyn məsuliyyətsizliyi 1 uşağın ölümü, 2-nin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Belə ki, Binəqədi rayonunun Goradil bağlarında yaşayan azyaşlı Zahid Məsimov avqustun 29-da həyətlərindəki su hovuzuna düşüb. Azyaşlı boğularaq ölüb. Digər bir hadisə isə Şirvan rayonunda baş verib. Rayonun Hacıqəhrəmanlı qəsəbə sakini, 2013-cü il təvəllüdlü Sədrəddin İbrahimov evdə istifadə olunan sirkə turşusu içib. Azyaşlı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Salyan rayonunda isə 11 yaşlı uşağı it qapıb. Hadisə dünən səhər saatlarında Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Şükür Süleymanovu it qapıb. O, baş nahiyəsindən olan xəsarətlə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Sosioloqlar hesab edir ki, son zamanlar qadınlarda evə-ailəyə, övlada qarşı sanki məsuliyyətsizlik hissi artıb. Bundan isə daha çox azyaşlılar zərər görür. Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, qadınlarda məsuliyyətsizlik hissinin artmasının bir neçə səbəbi var. Bunlardan həyat yoldaşlarının diqqətsizliyi, yaşın az olması öndə gəlir. “Az yaşında ailə həyatı quran qadınlar, özləri uşaq olduqları halda uşaq böyütmək məcburiyyətində qalırlar. Və onlar üçün uşağın böyük dəyəri olmur. Sadəcə, uşağa baxmağı vəzifə kimi qəbul edirlər. Həyat yoldaşının evə baxmaması, qadınla maraqlanmaması da qadının laqeydliyini və məsuliyyətsizliyini artırır. Diqqət görməyən qadın üçün hər şey adiləşir”.

Bundan başqa, ətrafda olan xoşbəxt ailələrə baxış, şou-biznes əhlinin dəbdəbəli həyatı, seriallar və s. bu kimi amillər qadınlara çox təsir edir. Və gənc qadın uşağa diqqət yetirmək əvəzinə zamanını ya özünə, ya televiziyaya, ya da yaxın rəfiqələrə həsr edir.

Qadın o zaman məsuliyyətsizliyini dərk edir ki, artıq əlindəkini itirmiş olur. Məsuliyyətsizlik və laqeydlik hiss edən qadınlar sonradan peşmançılıq hiss etsələr də, itirdikləri övladını geri qaytarmaq mümkün olmur. Valideyn övlad dünyaya gətirərkən bunun məsuliyyətini dərk etməlidir.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, uşaqların ölüm hallarının bəziləri valideyn məsuliyyətsizliyindən çox diqqətsizlik və məşğulluqdan irəli gəlir. “Bəzən uşaqlar çox nadinc olur, bəzən isə valideynin diqqətindən kənar qalır. Və yaxud valideyn kifayət qədər uşaq psixologiyasını və ya uşaqla davranış qaydalarını bilmir. Gündəlik həyatımızda o qədər gərgin oluruq ki, hansısa qayğılar bizim diqqətimizdən yayına bilir”.

Həmsöhbətimiz qeyd edir ki, ailədə uşaqlara qarşı laqeydliyin əsas səbəblərindən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələr ailədə bir çox konfliktlərə də səbəb ola bilər. “Buna şahid olmuşam. Valideynlərin işi bir-birini izləmək, dava etmək olanda uşaq tam nəzarətsiz qalır. Artıq onlar üçün uşaq yox, öz maraqları, öz hakimiyyətləri uğrunda davalar əsas olur”.

Zeynalovanın fikrincə, valideyn məsuliyyətsizliyinin əsas həlli yolu pulsuz uşaq bağçalarının artırılması və həftəlik bağçaların açılmasıdır. Bu isə hələ ki, həll olunmamış problem olaraq qalır.

Valideyn çalışırsa, məşğuldursa, zamanı işdə keçirsə, işləməyinin əsas səbəbi də övladıdır. “Övladını düşünməyən valideynlər işə o qədər də can yandırmırlar. Məncə, valideyn məsuliyyətsizliyinin onun məşğul olması ilə heç bir əlaqəsi yoxdur. Hər bir valideyn övlad sahibi olan zaman onun məsuliyyətini dərk etməlidir. Dərk etməlidir ki, onu tez itirməsin”.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir