“Bizim dövrdə belə deyildi”, “Biz böyük-kiçik yerini bilərdik”, “İndiki gənclər davranışlarını bilmirlər”, “Mən sənin yaşında olanda…” Bu kimi sözləri böyüklərimizdən tez-tez eşidirik.
Böyüklər gəncləri, yeniyetmələri tərbiyələndirmək əvəzinə çox zaman onları tənqid olunu seçir. Bütün valideynlər elə hesab edirlər ki, onların gənclik və yeniyetməlik dövrü daha fərqli olub. Amma mütəxəssislərin fikrincə, hər bir dövrün yeniyetməsi və gənci özünə bənzəyir, keçmişə deyil. Yəni valideynlər bunu qəbul etmək istəməsə də, yeniyetmələr hər zaman dövrə uyğun olub.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, keçmiş məsələyə subyektiv yanaşa bilmədiyindən bu günü heç bir zaman qəbul edə bilməz. Əslində illərdir ki, valideynlərin yeniyetmələrdən etdikləri şikayətlərin səbəbi də məhz bunlardır: “Yeniyetməlik dövrü 11-12 yaşdan başlayır və 14-15 yaşa qədər – orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlıları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz”.
Onun dediyinə görə, bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. “Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri eqonun qabarması, heç kəsi qəbul etməmə, özünü hamıdan ağıllı hesab etməkdir. Valideyn üçün də əsas problem məhz övladının aqressiv davranışlarıdır. Valideyn dünənə qədər uşaq saydığı bugünkü yeniyetmə ilə ünsiyyət qura bilməmək, idarə edə bilməməkdə çətinlik çəkir. Halbuki, 2-3 il öncə öz arzu və istəklərini asanlıqla həyata keçirə bilirdi. Bu zaman valideyn və övlad arasında mübahisələr yaranır. Valideyn-övlad münasibətləri müşkülə çevrilir”.
Psixoloq qeyd edir ki, valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki valideyn övladının böyüməsindən xəbərsiz olur. Valideyn hər zamankı tələbkarlıqla övladına yanaşır, amma əvəzində etiraz görür, çaşqınlığa düşür və nə edəcəyini bilmir. Bu vəziyyətdə o, aqressiv davranış nümayiş etdirmək əvəzinə övladının böyüdüyünü qəbul eləsə, vəziyyət onun üçün daha asan olar. “Uşağın səsi qalınlaşıb, dəyişibsə, tər vəziləri aktivləşibsə, bədəndə müxtəlif fizioloji dəyişikliklər hiss edirsinizsə, uşağınız ən adi səs qıcıqlandırmasına belə reaksiya verirsə, xarici görünüşü ilə maraqlanmağa başlayıbsa, geyimində, danışığında dəyişiklik hiss edirsinizsə, tənqdə qarşı kəskin reaksiya verirsə, övladınız yeniyetmədir”.
Mehmanqızının bildirdiyinə görə, yeniyetmələr tənqidə qarşı çox dözümsüz olurlar. Valideyn isə tənqidin yararlı, faydalı olduğunu düşünür. “Xüsusən qız uşaqları bu dövrdə daha təhlükəli olur. Oğlan uşaqları isə ailəsindən qoparaq kənar qruplara meyl göstərir ki, bu da onun neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir”.
Psixoloqlar bu dövrü “dönüş dövrü” və ya “böhran dövrü” adlandırırlar. Valideyn çalışmalıdır ki, bu dövrdə uşaqlarına qarşılıqlı inam, hörmət aşılasınlar.
Sosioloq Əhməd Mansurovun sözlərinə görə, valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o dövrlərdə həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi: “Bu gün isə demək olar ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşir. Bunu baş verən hadisələrdə də görmək mümkündür. Valideynin övadını, övladın valideyni öldürməsi halları gündən-günə artır. Belə hadisələrdə günahı təkcə uşaqda görmək düzgün yanaşma deyil. Çünki tərbiyə verən, hörməti öyrədən valideyndir. Onun həyat təcrübəsi uşaqdan çoxdur. Və valideyn bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə, ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir”.
Bir çox ailələrdə valideynlər övlada qarşı şiddət və zorakılıq tətbiq edir. Belə ailələrdə uşaqda mənəvi psixoloji problemlərin yaranma riski daha böyük olur. Bəzi ailələrdə uşaqları ana və ya ata ilə qorxudurlar. Bu da “yeniyetmə faciəsi” ilə nəticələnir. “Çünki belə ailələrdə uşaqda ana-ata sevgisini qorxu əvəz edir. Valideyn övladına sevgi, güvən, inam vermirsə, övlad tədricən ailədən və evdən uzaqlaşır. Bu da onun sonradan küçələrdə yaxşı olmayan qruplara qoşulmasına səbəb ola bilər”.
Həmsöhbətimizə görə, bəzi valideynlər övladına oyuncaq kimi yanaşır. “Əlindən heç nə gəlmir”, “sən adamsan ki?” və s. bu kimi davranışlarla övladlarını özlərinə rəqib kimi yetişdirirlər. Bu da valideyn-övlad arasında münasibətlərin bitməsi deməkdir. “Zaman keçdikcə, münasibətlər daha da incəlir, qırılır, qopur və bəzən övladın ataya, anaya, valideynin övlada əl qaldırıb qətlə yetirməsi ilə də nəticələnə bilir”.
Mütəxəssislər hesab edir ki, övladı ilə münasibətlərinin yaxşı olmasını arzulayan valideynlər arada olan hörməti, güvəni qorumaq üçün övladını heç bir zaman tənqid etməməlidir. Valideyn övladının dostu olmalıdır. Onun maraqları ilə yaxından tanış olmağa, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır. Valideyn öz problemlərini övladına anlatmağa başlasa, uşaq ondan çəkinməz və öz sirrini bölüşər.
Sosioloqun bildirdiyinə görə, ailədə övladını idarə etməyə, yönləndirməyə çalışan valideynlər daha çox övladları ilə problemlər yaşayır: “Uşaqların fikrinə önəm verin. Övlad sizin olsa da, o da müstəqil insandır. Məsləhət verərkən, sakit-sakit başa salın, onu qıcıqlandıran məsələlərə toxunmayın. Övladınızın geyim və görünüşünə fikrinizi bildirin, amma müdaxilə etməyin. Övladınıza düzgün tərbiyə sizin özünüz üçün önəmlidir. Bir atalar sözü var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Yəni uşaqla necə davransan, elə də qarşılıq görərsən”.
İradə CƏLİL