daye

Valideynlər dayə tapmaqda niyə çətinlik çəkir? – ARAŞDIRMA

Baxış sayı: 1. 513
«Övladımı tanımadığım, bilmədiyim birisinə tapşırmağa ürək eləmirəm. Televiziyada nə qədər videolar göstərirlər ki, dayələr uşaqları döyür. Amma dayəyə ehtiyacım var. İşə gedəndə 2 yaşlı oğlumu məcbur olub 67 yaşlı qayınanamın yanında qoyuram. O da yaşlı olduğundan uşağa baxmağa, onu oynatmağa enerjisi çatmır».
 
Bunu bizimlə söhbətində uşağını tərbiyəçi yanında böyütmək istəyən, amma dayə tapa bilməyən Kamilə xanım bildirdi. Kamilə xanım uşaq balaca olduğundan hələ bağçaya qoymaq istəmədiyini, buna görə də dayəyə ehtiyacının olduğunu dedi: “İnanın, uşağın 9 aylığından dayə axtarıram, hələ də güvəndiyim birisini tapa bilmirəm. 1-2 nəfərlə də görüşmüşəm, danışıqlarından, hərəkətlərindən oğlumu onlara etibar etməyə ürək etməmişəm”.
 
Etiraf edək ki, Azərbaycanda Kamilə xanımın vəziyyətində olan ailələr az deyil. Azərbaycanın dayə bazarındakı vəziyyəti öyrənmək üçün kiçik bir araşdırma apardıq. Dayələrin hansı şərtlərlə hansı əməkhaqqına işlədiklərini, bu sahədə fəaliyyət göstərən şirkətlərin olub olmadığını, dayələrin necə hazırlandığını öyrəndik.
 
 
Uşaqla rus və «müsaəlmanca» danışan dayə
 
Əvvəlcə “Birja” qəzetini alıb orada dayə kimi işləmək üçün elan verən xanımlarla söhbətləşdik. Onu da qeyd edək ki, dayəlik xidməti təklif edən xanımların 90 faizi rus dilli azərbaycanlılar və milliyyətcə rus olanlar idi. Yaş hədlərinə gəlincə, 50-60 yaş arasında dəyişirdi. Dayə xidməti təklif edənlər arasında 50 yaşdan aşağı xanıma rast gəlmədik.
 
Müştəri kimi əlaqə saxladığəmız 8-ci mikrarayonda yaşayan Sona xanım həftənin 5 günü səhər saat 9-dan axşam 18.00-can ya öz, ya da müştərinin evində uşağa 350-400 manata baxdığını dedi. Bu sahədə 5 illik iş təcrübəsi olan 50 yaşlı müsahibimiz yalnız evdə uşağa baxmaqla kifayətlənməyəcəyini dedi. Gündəlik uşağı gəzintiyə aparacağını, ona nağıllar oxuyacağını, eyni zamanda müxtəlif konstruksiyalar qurmağa kömək edəcəyini bildirdi. Qeyd edək ki, Sona xanım azərbaycanca fikirlərini çox çətinliklə çatdırsa da, bildirdi ki, “uşaqla həm rusca, həm də müsəlmanca” danışa bilər.
 
Həmsöhbətimiz olan 60 yaşlı Lyuda xanım isə azərbaycanca ümumiyyətlə, danışa bilmədi. 5 yaşlı uşağın tərbiyəsi ilə isə yalnız öz evində məşğul olmaq istədiyini dedi. Bildirdi ki, hətta uşağa 1-ci sinfə hazırlıq da keçə bilər. Bunun üçün 200 manat əməkhaqqı kifayətdir: “Evdə həyat yoldaşım və 22 yaşlı nəvəmlə yaşayıram. Şəraitimiz çox yaxşıdır. Indiyədək 3 nəvəmi özüm böyütmüşəm”.
 
 
800 manata nələr daxildir?
 
Rusiya, Almaniya, İngiltərə və Türkiyədə 10 illik dayəlik stajı olduğunu deyən 55 yaşlı rusdilli Dilarə xanım sözügedən ölkələrdə südəmər uşaqlara baxdığını bildirdi. Amma böyük uşaqlara da baxa biləcəyini dedi. Həftənin 5 günü səhər 9-dan axşam 18.00-can 450 manat əmək haqqı müqabilində işlədiyini bildirdi. Amma 5 gün gecə-gündüz uşağına dayə lazım olanlar Dilarə xanıma 800 manat ödəməlidirlər. Əvəzində dayə xanım uşağa müştərinin deyil, yalnız öz evində baxa bilər.
 
6 yaşlı uşağa baxmaq üçün digər dayə Tamara xanım 350 manat istədi. Bunun müqabilində səhər 9-dan 19.00-can uşaqla məşğul olacaq, uşağı dərsə aparıb gətirəcək, yeməyini verəcək, ev tapşırıqlarını hazırlamaqda kömək edəcək.
 
Azərbaycan dilli İradə xanım 5 illik iş təcrübəsinin olduğunu və 2 yaşlı uşağa, həyətdə gəzdirmək, yeməyini vermək, kitab oxumaq, şəkil çəkdirmək şərtləriylə, həftənin 6 günü hər gün 9 saat olmaqla 300-350 manat müqabilində baxa biləcəyini dedi.
Ümumilikdə götürsək, söhbətləşdiyimiz digər dayələr də yuxarıdakı şərtlərlə 300-350 manata uşağa baxmağa razılaşdı. Uşağın böyük kiçikliyinin fərqi isə yoxdur. Əsas dayənin sərf etdiyi vaxtdır. Çox nadir hallarda 400 və yuxarı məbləğ istəyən dayələr oldu.
 
 
“Əmək müqaviləsi ilə işləyirik”
 
Araşdırmamız nəticəsində məlum oldu ki, Bakıda dayəlik və digər ev xidmətləri göstərən şirkət də fəaliyyət göstərir. “A-Star Servis” MMC ilə müştəri kimi əlaqə saxlayıb danışdıq. Sözügedən MMC-dən bildirdilər ki, şirkətdən dayə kimi işləməyə gedənlərin əmək kitabçaları yazılır: “Biz dayə istəyən ailələrlə müqavilə imzalayırıq və müştəri pulu dayəyə deyil, bizə verir və əvəzində müştəriyə çek veririk. Ödədiyi məbləğdən isə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr edirik ki, dayə yaşlanandan sonra təqaüd ala bilsin. Bizimlə işləməyin müştərilər üçün müsbət cəhəti odur ki, hər şey rəsmi şəkildə olur və bütün məsuliyyəti biz öz üzərimizə götürürük”.
 
MMC-dən onu da bildirdilər ki, dayə seçimi müştəridən asılıdır: “Müştəri necə dayə istədiyini, övladının hansı yaşda, hansı xarakterdə olduğunu deyir, biz də ona bizim bazamızda uyğun olan dayələri təklif edirik. Özü gəlib təklif etdiyimiz dayələrlə danışır, istədiyini seçir. Sonra həmin dayəyə 1 həftə sınaq mqdddəti verilir. Sınaq müddətində əgər müştəri dayənin işindən razı qalırsa, pulu ödəyir və işimizi davam etdiririk”.
 
 
“Xidmətin sayı artdıqca qiymət də artır”
 
Bazalarında olan dayələrin yaş həddinə gəlincə, MMC-dən bildirdilər ki, 25-60 yaşlı təcrübəsi və təhsili olan dayələrlə işləyirlər: “Bəzən isə təcrübə böyük olanda təhsilə önəm vermirik. Uşaq tərbiyəçilərini götürərkən onlardan sağlamlıq haqqında arayış alırıq. Müştərilərimizdən hər hansı şikayəti olanlar bizimlə əlaqə saxlayır, həmin problemin düzəldilməsi mümkündürsə, dayənin maaşından cərimə tutmaqla düzəldirik, əgər mümkün deyilsə, dayəni dəyişirik”.
 
Qiymətlərə gəlincə, MMC-dən bildirdilər ki, bu, xidmətdən asılı olaraq müxtəlifdir. Məsələn, 6 yaşlı uşağa 5 gün ərzində səhər 10-dan axşam 19.00-can baxmaq, yəni onu dərsdən gətirmək, paltarlarını dəyişmək, ütüləmək, yedizdirmək, dərsləri ilə məşğul olmaq və s. işlər üçün 350 manat tələb olunur. Xidmətlərin sayı və uşağa baxılma müddəti artdıqca qiymət də artır”.
 
 
Dayə olmaq istəyənlər üçün kurs
 
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə dayə olmaq üçün xüsusi kurslar, treyninqlər keçməli, təhsil almalısan. Azərbaycanda isə belə təhsil verən dövlət, yaxud özəl müəssisələr demək olar ki, yox dərəcəsindədir. Araşdırmamız zamanı bəlli oldu ki, Bakıda 1-2 dayəlik təhsili verən kurs var. “Professional Training and Consulting” şirkətinin “Rrofessional uşaq tərbiyəçisi hazırlayan kurslarının rəhbəri Mənsumə Şükürzadə Yekan bizimlə söhbətində bildirdi ki, 2 ilə yaxındır bu işlə məşğuldurlar: “Kursu açmamışdan əvvəl xeyli araşdırma apardıq və bu sahədə boşluğun olduğunu gördük. Təəssüf ki, Azərbaycanda bu sahədə işləyən insanlar o insanlardırlar ki, hər yerdən əllərini üzürlər, yaş baxımından özlərini başqa işlərdə görə bilmirlər və beləliklə də dayəliyə başlayırlar. Bizim də kurslarımıza qoşulanlar iş tapa bilməyənlərdir. Buna görə də yeni bir sənətə yiyələnib işləmək istəyirlər. 25-45 yaşlı xanımlar kursumuzda iştirak edə bilərlər. Bu xanımların ali təhsilli və hansısa dil bacarıqlarının olmasına önəm veririk. Dayənin özünün dünyagörüşü, təhsili olmalıdır ki, 21-ci əsr uşağını tərbiyə edə bilsin”.
 
M.Şükürzadənin sözlərinə görə, dayə olmaq istəyən xanımlara həftədə 3 dəfə, 1,5 saat olmaqla ümumilikdə 48 saat ərzində hüquq, pediatriya və psixologiyadan dərslər keçirilir: “Qrupda 6-8 nəfər iştirak edir. Kursda tərbiyəçi olmağın sirlərini öyrənmək istəyənlər isə bunun müqabilində anket doldurmaq üçün 20 manat, təhsil haqqı üçün isə 165 manat ödəyirlər. Tədris materialları ödənilən pulun içərisinə daxildir. Kursumuzu bitirənlərə sertifikat da verilir. Ailələrdən bizə müraciət olanda onlara uşaqlarının yaşı və xarakterinə uyğun dayə tövsiyə edirik. Düzdür, biz işə düzəltmə mərkəzi kimi fəaliyyət göstərmirik. Amma müraciət edən olanda yardım edirik”.
 
 
Xanımlar gənc tərbiyəçiləri istəmir
 
Müsahibimiz 50 yaşını keçən xanımların dayəliyə daha çox marağının olduğunu dedi: “Azərbaycanda da bir problem var ki, ailələr 50 yaşdan yuxarı xanımları qəbul etmirlər. Eyni zamanda ev sahibələri həyat yoldaşlarına qısqandıqlarından gənc xanım dayələr də qəbul edilmir. Ailələr əsasən 35-45 yaş aralığında dayələrə üstünlük verirlər”.
M.Şükürzadə ölkəmizdə dayə kimi çalışanların hüquqlarının qorunmadığını bildirdi: “Azərbaycanlı ailələr dayələrdən sui-istifadə edirlər. Onları tək dayə kimi deyil, ev qulluqçusu kimi də işlədirlər. Dayələrin də qanunla elə bir imkanları yoxdur ki, əmək müqaviləsi bağlasınlar. Ümumiyyətlə, ölkəmizdə bu sahədə bir boşluq var. Düşünürəm ki, bu sahədə dövlət nəzarətinə ehtiyac var. Biz kursumuzun müdavimlərinə məsləhət görürük ki, fiziki şəxs kimi hesab açdırıb işlədikləri ailələrlə müqavilə bağlasınlar ki, sabahısı gün problemlə qarşılaşmasınlar, həm də yaşlananda normal təqaüd ala bilsinlər”.
 
Müsahibimiz onu da bildirdi ki, bazarda inanılmış, təhsilli dayələrə ehtiyac böyükdür: “Azərbaycanda ailələrin 40 faizinin dayəyə ehtiyacı var. Amma onların yalnız 10 faizinin dayə tutmaq imkanı var. Biz bazarda araşdırma apardıq. Məlum oldu həmin 10 faizin də hamısı güvəndikləri, razı qala biləcəkələri dayə tapa bilmirlər. Ailələr bizə çox müraciət edirlər. Amma təəssüf ki, Azərbaycanda dayə olmaq üçün kurs keçməyə maraq çox zəifdir”.
 
 
Dayələrin hüquqları qorunmur?
 
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, dayəlik Azərbaycanda son 10-15 ildə yaranan ənənəvi olmayan yeni bir iş sahəsidir: “Bu da bağban, aşpaz, şəxsi sürücü kimi ev qulluğu işlərinə aiddir. Ölkəmizdə təxminən 30-40 min belə işçi var. Aidiyyatı orqanlar bunlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, mümkünsüzdür. Çünki qanunvericilik buna imkan vermir. Biz bununla bağlı təklif etmişik ki, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı gətirilsin. Sahibkarın fiziki şəxs kimi 1, yaxud 5 nəfəri muzdlu işə cəlb etməyə haqqı çatır. Bunun yolları, üsulları var. Bunun tətbiq olunduğu ölkələr var. Ev qulluğunda çalışan işçilərlə əmək münasibətinin tənzimlənməsi üçün əmək Məcəlləsində xüsusi bir fəsil olmalıdır. Vergi orqanları bununla razılaşmayacaq. Amma biz hətta təklif edirik ki, bu ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, ev işlərini qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın. Bundan başqa, fərqli sosial ödəmə təyin olunsun. Məsələn, mən bilirəm ki, əgər 5-10 manat ödəyirəmsə, cəmi 10 manat artıq verəcəm, amma biləcəm ki, evimdə çalışanla əmək müqaviləm var, oğurluq, yaxud hər hansı hadisə baş versə, onu məsuliyyətə cəlb edəcəm. Bu zaman ev sahibi 10 manatı ödəməyə meylli olacaq. Amma bu məbləğ 50 manat olanda ev sahibi bunu ödəyib ödəməmək haqqında fikirləşməyə başlayacaq. Buna görə də, sözügedən bazarda hər şey qaydasına düşəndən sonra vergiləri və sosial haqıalrı qaldırmaq olar”.
 
Sahib Məmmədov onu da bildirdi ki, Bakıda MMC kimi qeydiyyatdan keçib dayə hazırlayan barmaqla sayılacaq kurslarda qiymətləndirmə metodu, keyfiyyət göstəriciləri yoxdur: “Yəni bu cür kurslarda necə dərs keçilməsi sual altındadır. Çünki nə Təhsil Nazirliyinin metodikası yoxdur ki, ona əsasən hazırlıq keçilsin, nə də beynəlxalq metodikanı əsas götürürlər, nəticədə alayarımçıq bir şey alınır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir