Anara Quliyeva

Valideynlər, diqqət: ağ vərəqə ləkə sala bilərsiniz!

Baxış sayı: 841

Uşaq oyuncaqları bol, çeşid zəngin, qiymət hər cibə uyğun. Bəs diqqət etməli olduğumuz məqamlar nələrdir? Uşaq psixologiyasında oyuncaqların yeri və valideynlərin diqqət etməli olduqları məqamlarla bağlı klinik psixoloq Anara Quliyeva ilə həmsöhbət olduq.

 

– Anara xanım, oyuncaqların uşaq psixologiyasına təsiri nədir?

– Əvvəla, qeyd edim ki, uşaq psixologiyasında onlarla ünsiyyət qurmaq, onları anlamaq, müalicə etmək, ümumiyyətlə, onların problemlərini aradan qaldırmaq üçün birinci növbədə oyun və oyuncaqlardan istifadə edilir. Çünki oyun uşağın dilidir. Uşaqlar öz problemlərini bizə heç vaxt birbaşa ifadə etmirlər. Onlar öz problemlərini oyun, oyuncaqlar vasitəsilə ifadə edirlər. Buna görə də onları başa düşmək, problemlərini həll etmək üçün oyunlardan və oyuncaqlardan istifadə edirik. Uşaqların həyatında oyun hava-su qədər önəmlidir. Belə bir fikir var: “Quşlar uçur, balıqlar üzür, uşaqlar oyun oynayırlar”. Yəni oyun onların həyatında çox önəmli yerə sahibdir. Buna görə valideynlər, müəllimlər uşaqları başa düşmək, onların hansısa narahatlıqlarını aradan qaldırmaq üçün oyunlardan istifadə etməlidirlər.

 

– Valideynlər uşaqlarına oyuncaq alarkən nələrə diqqət etməlidirlər?

– Təbii ki, yaş xüsusiyyətləri çox önəmlidir. Uşaqlar bir yaşına qədər emosional kontakt qururlar. Valideyn onu əzizləyərək, öpərək, gülümsəyərək və s. nəvaziş göstərməlidir ki, emosional inkişaf normal getsin. Bəzən olur ki, bir yaşa qədər uşaqlara iri, yumşaq oyuncaqlar alırlar. Amma bunların heç bir mənası yoxdur. Çünki bir yaşına qədər uşaqlar səsə və rəngə qarşı həssas olurlar. Buna görə səs çıxaran, fərqli rəngləri olan oyuncaqlar alsalar, bu, uşaqlar üçün kifayətdir.

Bir yaşdan üç yaşına kimi monipulyativ fəaliyyət dönəmidir. Uşaq daha çox xoşlayır ki, nəyisə kəşf etsin, əşyaların nəyə xidmət etdiyini öyrənsin. Buna görə də şəxsi təcrübəmdə bir yaşdan üç yaşa qədər uşaqların valideynlərinə həmişə məsləhət görürəm ki, uşağa oyuncaq almaqdansa, daha çox əllərinin altında olan ləvazimatları oyuncaq kimi istifadə etsinlər.

Valideynlərdən çox eşitmiş olarsınız, deyirlər, baha qiymətə uşağa oyuncaq aldım, bir gün oynatdı, sonra sındırdı. Valideynlər bu halda elə dəyərləndirirlər ki, sanki uşaq həmin əşyanın maddi dəyərini anlayıb onunla oynamalıdır. Lakin uşaq üçün sizin oyuncağı üç manata, yoxsa beş manata almağınızın heç bir mənası yoxdur. Onsuz da uşaq üç yaşına qədər sökməli, dağıtmalı, araşdırmalıdır. Çünki bu yaş dönəmində sürətli analiz etmə dönəminə qədəm qoyur, hər şeyi dərk etməyə çalışır. Bəzən olur ki, valideynlərdən bu fikri də eşidirk: “Uşağın bahalı oyuncaqları var, amma gedir qab-qaşıqla oynayır”. Bəli, uşaq evin içində olan əşyaların nə işə yaradığını, nə üçün istifadə edildiyini anlamağa çalışır. O, daha çox düşünür ki, anam niyə stəkanda çay içir, nəyə görə qaşığı stəkana salır, çayı qarışdırır və s. Buna görə valideynlərə tövsiyə edirəm ki, uşaqları ilə evdəki əşyalardan istifadə edərək oynasınlar. Çünki 3 yaşa qədər ona oyuncaqdan çox, oyunun məğzi, valideyninin onunla nə oynaması önəmlidir.

Valideynlər, diqqət: ağ vərəqə ləkə sala bilərsiniz!

Üç yaşdan altı yaşa qədər isə məktəbəqədər dönəmdir. Bu dönəmdə uşaqlar daha çox süjetli, rollu oyunlar oynayırlar. Məsələn, həkim, aşpaz, müəllim, valideyn və s. obrazlarını canlandırmağa çalışırlar. Bu, onların ünsiyyət bacarığını, həyatı dərk etmə qabiliyyətlərini artırır, öz şəxsiyyətlərini tapmağa kömək edir. Daha çox oyuncaq almaq bu dönəmdə olmalıdır. Bu zaman da məsələn, müxtəlif peşə sahələrinə aid oyuncaqlar, boyamalar, rəngli karandaşlar və s. ala bilərlər. Bu yaş dönəmində, eyni zamanda məntiqi təfəkkürü, diqqəti, yaddaşı, yəni ümumi idrak prosesini inkişaf etdirən oyuncaqların alınması, oyunların oynanılması vacibdir. Buna görə valideynlər bu dönəmdə uşağın oxuma-yazma bacarığını inkişaf etdirməkdən çox, bu istiqamətdə inkişafa diqqət yetirməlidirlər.

Valideynlər diqqət yetirməlidirlər ki, uşaq aldıqları oyuncaqla məhsuldar oynaya bilir, yoxsa yox. Eyni zamanda bilirik ki, 3-6 yaş həm də akademik dönəm üçün də önəmlidir. Buna görə uşaqlar bu dönəmdə yeni-yeni şeylər öyrənməli, təbiəti tanımalı və bununla bağlı süjetli oyunlar da qura bilərlər.

 

– Son vaxtlar satışda uşaqlar üçün stress oyuncaqları diqqət çəkəcək qədər artmağa başlayıb. Sizcə, bunun səbəbləri nələrdir? Bunun zamanla fəsadlarını hiss edə bilərikmi?

– Bir valideyn uşağının inkişafına, psixologiyasına zərər vermək istəyirsə, bu oyuncaqları ala bilər. Birmənalı şəkildə deyirəm ki, həmin oyuncaqlar uşaq psixologiyasına, şüuraltına zərər verir. Birincisi, həmin oyuncaqların heç bir məqsədi yoxdur. İnsanlar stress atmaq üçün məqsədli, süjetli və nəticəni görə biləcəyi oyunlarla, fəaliyyətlərlə məşğul olmalıdırlar. Əvvəli və sonu bəlli olmayan hansısa məşğuliyyət insanların stressinə stress qatır. Elə uşaqlar üçün olan həmin oyuncaqlar da belədir. Onlar insanların, həmçinin də uşaqların streslərini içlərinə atmalarına səbəb olur. Biz travmalarımızdan arınmaq üçün gərək danışaq, duyğularımızı ifadə edək. Bu oyunlarda isə nə ünsiyyət var, nə süjet.

oyuncaq

– Yeri gəlmişkən, son günlərdə uşaqların əlində LGBT bayrağının rənglərini özündə ehtiva edən oyuncaqlar görürük. Bundan narahat olanlar da var, əhəmiyyət verməyənlər də. Siz necə düşünürsünüz, ümumiyyətlə, ideoloji təsir vasitəsi kimi görünən oyuncaqların satışından narahat olmağa əsas varmı?

– Əlbəttə ki, bunların hər biri uşaq psixologiyasına təsir edən faktorlardır. Nəzərə alaq ki, günümüzdəki bir çox problemlər insanların psixoloji zəifliyindən qaynaqlanır. Uşaqlarda cinsiyyət disforiyası, (cinsindən məmnun olmama) yəni xaricə təzahür edən cinsiyyətlə, onun üçün təyin olunan cinsiyyət arasında diqqətəçarpan uyğunsuzluqdur. Cinsi disforiya da daha çox düşüncə ilə bağlıdır. Yəni, hansısa hormonal dəyişiklikdən yaranmır, düşüncənin oturuşmasından sonra insan artıq öz bədəninə xas olan cinsi qəbul etmir, əks cinsi qəbul edir. Düşüncə isə ailənin, eyni zamanda da sosial mühitin təsirindən formalaşır. Buna görə də bu cür oyuncaqlarla, müxtəlif vasitələrlə şüuraltı edilən təsirləri uşaqlar normal olaraq qəbul edirlər. Tövsiyə edərdim ki, valideynlər uşaqlarına oyuncaq alarkən ehtiyatlı olsunlar. Ümumilikdə isə valideynlər təkcə oyuncaq seçimində yox, cizgi filmi seçimində və s. də diqqətli olmalıdırlar. Unutmayaq ki, uşaqlar ağ vərəqdirlər.

Bir daha vurğulayım ki, valideynlər oyunun uşaqların həyatında çox əhəmiyyətli yerə malik olduğunu diqqətdə saxlamalıdırlar. Nəzərə də almalıdırlar ki, 10 yaşa qədər uşağın aktiv oyun dövrüdür və onlar bu yaşa qədər nə öyrənəcəklərsə, oyunla öyrəndiklərində daha yaxşı yadlarında qalır. Valideynlər uşaq məktəbə gedən kimi oyuncaqlarını almasınlar, onları dərslərlə çox yükləməsinlər. Hər şeyi oyunla öyrətməyə diqqət etsinlər. Bu, uşaqlarda yaradıcılıq qabiliyyətinin artmasına kömək olacaq. (Ayna.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir