kamera

Valideynlər öz övladlarını məktəbdə də izləyə biləcəklər – Rəqəmsal sistemin özəllikləri

Baxış sayı: 544

Təhsildə rəqəmsal sistemin yaradılması təkcə məktəblərin qiymətləndirməsinə xidmət etməyəcək. Rəqəmsal sistem valideynlərə övladlarının təhsili ilə bağlı məlumatları operativ əldə etmək imkanı da yaradacaq. Valideynlər övladlarının davranışları barədə də bu sistemdən məlumat ala biləcəklər.

Bunu “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov ölkəmizdə ilk dəfə məktəblərin qiymətləndirməsi üçün yaradılacaq rəqəmsal sistemin mahiyyətini şərh edərkən bildirdi ki, övladını məktəbə göndərən valideyn onun dərsdə fəallığını, davranışını, dəvamiyyətini bu sistem vasitəsilə izləyə biləcək.

ilqar orucov

Qeyd edək ki, Azərbaycanda valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova bu günlərdə mətbuata açıqlamasında bildirib ki, valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərdəndir. O bildirib ki, bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

İlqar Orucov isə deyir ki, müəllimin işini qiymətləndirməyi təkcə valideynə həvalə etmək olmaz. Müəllimin qiymətləndirilməsində aidiyyatı qurumlar da iştirak etməlidirr. Ekspertin qənaətinə görə, bu qiymətləndirmə müəllimlərin biliyini səciyyələndirəcək sertifikasiya imtahanı da ola bilər.

“Rəqəmsal sistemin yaradılması təkcə məktəblərin qiymətləndirməsinə xidmət etməyəcək. Rəqəmsal sistem valideynlərə övladlarının təhsili ilə bağlı məlumatları operativ əldə etmək imkan yaradacaq. Valideynlər övladlarının davranışları barədə də bu sistemdən məlumat ala biləcəklər. Elektron gündəlik vasitəsilə onlar övladlarının gün ərzində təhsildə uğurlarını izləyə biləcəklər” – İlqar Orucov bildirir.

Ekspert deyir ki, valideynə məktəblə bağlı fikrini sərbəst ifadə etməyə imkanın yaradılması müsbət amildir. Bu bir qiymətləndirmə növü kimi xarakterizə oluna bilər. Sözügedən yeniliyin ilk dəfə ölkə məktəblərində tətbiq edilməsi tədrisin keyfiyyətinin yaxşılaşmasına xidmət edəcək.

Onun fikrincə, bu, məktəblərə nəzarəti də gücləndirəcək:

“Bu tədris prosesi, şagirdlərin davranışı, eləcə də onların akademik biliyi ilə bağlı məlumatların valideynlərə ötürülməsinə xidmət edəcək. Övladını məktəbə göndərən valideyn onun dərsdə fəallığını, davranışını, davamiyyətini izləyə biləcək. Valideynə bunu məsafədən izləmək imkanının yaradılması gələcəkdə şagirdlər arasında baş verəcək arzuolunmaz halların da qarşısını alacaq. Ona görə də, bu yeniliyi təkcə valideynin məktəbi qiymətləndirməsi kimi xarakterizə etmək olmaz. Çünki, yenilik nəticədə tədrisə və davranışa, bütövlükdə təhsil müəssisələrində nəzarətin gücləndirilməsinə xidmət edəcək bir rəqəmsal sistem olacaq”.

kamran esedov

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirir ki, hazırda şagirdlərin davamiyyəti və qiymətləndirilməsi kağız üzərində aparılır. Artıq təhsil sahəsinin rəqəmsallaşdırılması istiqamətində xeyli işlər görülüb: “Azərbaycanda həm şagirdlərin, həm də valideynlərin komputer və planşetləri var. Ona görə də, valideynlərin öz övladlarının təhsildə müvəffəqqiyyətləri və müvəffəqqiyyətsizliyi barədə məlumatı internet üzərində ala bilərlər. Valideynlər bu sistem vasitəsilə öz övladlarının davamiyyətindən də xəbər tuta biləcəklər. Hazırda təhsillə bağlı portallar vasitəsilə bu məlumatların valideynlərə ötürülməsi mümkündür”.

Həmsöhbətimiz deyir ki, təhsil sisteminin rəqəmsallaşması çox müsbət amildir. Belə ki, kağız daşıyıcılardan rəqəmsallaşmaya keçid şagird və valideynlərdə rəqəmsal bacarıqların, valideynlərin elektron resurslardan istifadə vərdişlərinin artırılmasına imkan yaradacaq. Ekspertin qənaətinə görə, bu proses sürətləndirilməlidir.

 

Züıfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir