Qeyd edək ki, bu tərz bayramların qeyd edilməsində iştirak edənlərlə yanaşı, buna qarşı əks mövqedə dayanan və xüsusilə də uşaqların psixologiyasına mənfi təsirlərindən narahat olan valideynlərin sayı da az deyil. Bəs, görəsən, narahat olmağa əsas varmı?
Klinik psixoloq Anara Quliyeva sözügedən tədbirə diqqətin daha çox olmasını sərt karantin rejimindən sonrakı dönəmlə əlaqələndirir: “Müşahidələrimə görə, keçən illərlə müqayisədə bu il valideynlər “Halloween” bayramına daha çox maraq göstərirdilər. Bunun da səbəbi var. Səbəb də odur ki, pandemiya dövründə tədbirlər olmadı, uşaqlar evdə, qapalı yerlərdə qaldılar. Valideynlər övladlarını əyləndirə, sevindirə biləndə özlərini daha xoşbəxt hiss edirlər. Buna görə də uşaqlarını əyləncəli tədbirlərə aparmağı sevirlər. Son dönəmdə də mövcud vəziyyətlə bağlı valideynlər bundan məhrum olmuşdular və indi fürsəti dəyərləndirməyə çalışırlar”.
“Yəqin fikir verdiniz, Bakı Zooloji Parkının açılışının səhərisi parka axın olmuşdu. Əvvəl zooparklar açıq idi, amma bu qədər diqqət yox idi. Daxildə yığılıb qalan istəyin, məsuliyyətin nəticəsi kimi bu cür halları müşahidə edirik. Təbii ki, burada havanın xoş keçməsi kimi faktorların da rolu var. Buna görə də “Halloween” bayramına bu il daha çox maraq müşahidə etdik”, – deyə mütəxəssis fikrini davam etdirib.
Psixoloq deyir ki, valideynlər övladlarını şənliklərə apararkən yaş ortalamasına diqqət yetirməlidirlər: ““Halloween” kökü olan bir bayramdır. Bizim bu bayramı qeyd edib-etməməyimiz barədə bir şey deməyim doğru olmaz. Bu, insanların şəxsi seçimidir. Amma, əlbəttə ki, valideynlər yaş ortalamasına diqqət yetirməlidirlər. 5 yaşına kimi uşaqlar real və qeyri-realı bir-birindən ayıra bilmirlər. 6 yaşa keçəndən sonra bu, tədricən öz yerini alır”.
“Qeyd edim, nəinki “Halloween”, eləcə də digər bayramlarda, məsələn, Yeni İl bayramında azyaşlı uşaqlar şaxtababanın real olduğuna inanırlar. Yaş artdıqca dərk edirlər ki, hədiyyələri valideynlər verir, şaxtababa gətirmir. Buna görə də valideynlər 6 yaşından kiçik uşaqlarını aparacaqları məkanlara diqqətli yanaşmalıdırlar. Uşaqlar ölümü simvolizə edən, qorxulu, gözlərinə xoş gəlməyən (hətta 5 yaşına kimi uşaqlar bəzən kloundan da qorxurlar), qeyri-adi, hürküdücü səs tonu çıxardan, gündəlik gördüklərinə adət etmədikləri geyimlərdən fərqli libaslar geyinən personajlardan çox qorxurlar. Çünki bunu real qəbul edirlər. Buna görə də uşaqları əylənə biləcəkləri yerə aparanda nəzərə almalıdırlar ki, bu, maskarad kimi – üzlərinin bəzədilməsi, rəngli, xoş kostyumlar geyinəcəkləri, qorxulu bir şey olmayan formada olsun”, – deyə həmsöhbətimiz vurğulayıb.
Quliyevanın sözlərinə görə, valideynlərin diqqətsizliyi uşaqlarda ölümlə bağlı travmaya səbəb ola bilər: “6 yaşında olan, xüsusilə də 6-12 yaş arası uşaqlar ölümdən ciddi şəkildə qorxurlar. Ölüm faktoru onlar üçün çox ciddi travmaya səbəb ola bilər. Əlbəttə ki, bu yaşda uşaqlar “Halloween” kimi bayramlarda iştirak edəndə, orada ölmüş, başı kəsilmiş personajlar gördüklərində ölümlə assosiasiya edəcəklər və bu zaman itirmək, tək qalmaq, sağlamlıqları ilə bağlı qorxu yaşayacaqlar. Buna görə 12 yaşdan aşağı uşaqların bu cür şənliklərdə iştirakına diqqətli yanaşmaq lazımdır. Buna görə valideynlərə tövsiyəmiz belə olar ki, ölümü simvolizə edən şənliklərdən çəkinsinlər”.
“Böyüklərin bu cür şənliklərə niyə maraq göstərməsinə qaldıqda, bu, bir çox insanda qorxularına qalib gəlmək istəyindən qaynaqlanır. Belə ki, insanlar qorxularına qalib gəlmələri üçün o qorxunun içində olmalıdırlar”, – deyə psixoloq fikrini yekunlaşdırdı.
Aləmdə Nəsib