usaq

Valideynlər diqqətlə oxusun!

Baxış sayı: 1. 960

Uzun illər mən bu hekayəni unutmağa çalışırdım. Bəlkə də heç xatırlamaq və paylaşmaq da lazım deyil bu hadisəni. Amma mən belə düşünmürəm. Əgər kimsə özü üçün nələrisə götürəcəksə, hər şeyə rəğmən mən bunu sizlərlə paylaşacam. Hekayə Zeynəbin hekayəsidir.

Zeynəb 9-cu sinif şagirdi idi. Həyat dolu, şən, gülərüz, bir qız idi. Bizi ətrafına yığmağı bacarırdı, onunla günlərimiz maraqlı keçirdi. Birlikdə gəzirdik, maraqlı nələrsə kəşf eləyirdik, özümüz üçün heç kimə ziyanı olmayan xəyallar qururduq. Arzular dənizinə səyahət etməkdən çəkinmirdik. O günü dünən olmuş kimi xatırlayıram. Zeynəb qarşımda dayanmış və mənə qonşularındakı bir oğlandan xoşu gəldiyini söyləyirdi. Bizim ilk reaksiyamız gülmək oldu. O isə utandığından qıpqırmızı olmuşdu.

Bizim bu söhbətdən bir həftə keçmişdi. Zeynəb gəlib dedi ki, bəs həmin oğlan mənə sevgi elan edib. Gözümün önündən getmir. Zeynəb sevincdən dəli olmuş kimi idi, ilk dəfəydi belə bir şey başına gəlirdi, biz xeyli danışdıq güldük. Biz elə bilirdik xoşbəxt günlər başladı. Biz elə bilirdik Zeynəbin dünyası rəngləndi. Biz belə bir gülüşlərlə başlayan hekayənin sonunun necə olacağını təxmin edə bilməzdik.

Bu hadisədən artıq bir ay keçmişdi, Zeynəbgilin qonşuluğundan bir qız mənə zəng vurub narahat səslə bərk-bərk tapşırdı ki, Zeynəbgilə gedim. Səsi çox təlaşlı idi. Mən tez evdən çıxıb onlara getdim. Qapını Zeynəbin anası açdı, Zeynəbin evdə olmadığını əmisigilə getdiyini desə də inanmadım. Uşaq deyildim ki….

O dəqiqə nəsə bir qarışıqlıq olduğunu hiss elədim. Amma heç nə demədən də evə qayıtdım. Bir həftə Zeynəbdən heç bir xəbər ala bilmədim, telefonuna zəng çatmırdı, anası isə bizim görüşməyimizə mane olurdu. Nəhayət, 10 gündən sonra Zeynəb məktəbə gəlməyə başladı. Mən onu görəndə təlaşlandım, rəngi solmuşdu və həmişəki Zeynəbdən fərqli olaraq çox baxımsız idi. Yanına yaxınlaşdığımdan bir neçə saniyə sonra o, artıq məni qucaqlayıb ağlayırdı.

Zeynəbin qardaşı onun qonşularındakı oğlanla olan münasibətini öyrənib və Zeynəbi döyüb.

“Axı o nə biləydi ki, bacısı belə xoşbəxtdi”.

Ailəsi telefonunu əlindən alıb, həyətə çıxmağı, dostlarla nəinki ünsiyyət qurmaq, salamlaşmağı belə qadağan edib. Ailəsi Zeynəbə sevməyi qadağan edib.

Ailə üzvləri evdə Zeynəblə danışmır, hətta anası da ondan üz çevirmişdi. Sanki Zeynəb böyük bir səhv eləmişdi.

Bu, bizim Zeynəblə son görüşümüz oldu. Zeynəb bu olanlara dözə bilmir. Həyatının ən çılğın vaxtlarını yaşayan o yeniyetmə intihar edir.

İndi bu hadisənin üstündən illər keçib. Hazırda mən psixologiya ixtisasının 3-cü kurs tələbəsiyəm. Bu da Zeynəblə qurduğumuz xəyallardan biri idi.

Rəfiqəmin başına gələn bu hadisə məni bununla bağlı araşdırmalar aparmağa sövq etdi. Zeynəbin yaşadığı vəziyyət gündə yüzlərlə yeniyetmənin başına gəlir. Zeynəbin timsalında bütün bu yaşda yeniyetmələri suisiddən uzaq tutmaq üçün onların özləri və valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır. Mütəxəssislər uşaq və yeniyetmələr arasında intihar hallarının səbəblərini müxtəlif amillərlə izah edir. Son dövrlərdə yeniyetmələr arasında intihar hallarının artması cəmiyyətdə sosial gərginliklə əlaqədardır. Bundan da ən çox yeniyetmələr əziyyət çəkir. Uşaqları intihara aparan yol onlara qarşı diqqətsizliyin və məsuliyyətsizliyin nəticəsidir.

Yetkinlik çağının  bir sıra xüsusiyyətləri var. Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. “Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”. Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Düzdür, belə intiharların 80 faizi sadəcə görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır. Hər bir fərd var olmaq və özünü ifadə etmək istəyir. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın həyatında edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heçə sayılmasıdır. Etdiyi səhvlərə görə, ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına və mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qızların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ünsiyyət qura bilmədiyi üçün yanlış yola düşdükləri müşahidə edilir. Bu yaş dövründə sevgilisi olmaq fərqlilik və üstünlük kimi qəbul olunur. Bir gənc qızdan bunun səbəbini soruşduqda bunu “Məni ailəm heç bir zaman anlamayıb, məni anlayan tək insan odur” kimi ifadə edə bilər. Belə olan halda valideynlər gənc qızı mühakimə etmədən, şəxsiyyətinə hörmət edərək danışmalıdır.

Zeynəbin də ailəsi tərəfindən anlaşılmaması, hisslərinin ailəsi tərəfindən heçə sayılması ona mənfi təsir göstərmişdi. Bu da Zeynəbin özünü yalnız hiss etməsinə, vəziyyətdən çıxış yolu tapa bilməməsinə və nəticədə onun intiharına səbəb oldu. Yeniyetməlik dövründə uşaqlarınıza dəstək olun, onlarla düzgün ünsiyyət qurmağa, anlamağa çalışın. Sizin hər hansı bir sözünüz, hərəkətiniz onların psixologiyasını zədələyə və sizdən üz çevirməsinə səbəb ola bilər. Bu isə nə sizə, nə də ona lazımdır.   (dushunce.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir