Azərbaycanda son vaxtlar zorlanma faktlarının artdığı bildirilir. Zorlamaya qadınlarla yanaşı, azyaşlı qız və oğlanlar da məruz qalırlar. Hətta Azərbaycanının bəzi rayonlarında uşaqlar valideynləri tərəfindən təcavüzə məruz qalır. Mətbuatda da tez-tez yer alan belə hadisələr təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində qeydə alınır.
İlk öncə diqqət edək ki, Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha də sərtləşdirilməsini təklif edirlər. Cəmiyyətdə bu cür insanlara qarşı birmənalı olaraq, nifrət hisslərini daha da sərtləşdirmək və insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.
Zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir.
Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır.
İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır.
Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür.
Almaniyada zorlama hadisələri daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən məlumata görə, ölkədə 2006-cı ildə – 35, 2009-cu ildə – 35, 2012-ci ildə isə 19 hadisə, 2014-cü ildə isə 32 zorlama və zorlamaya cəhd hadisəsi qeydə alınıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən bu növ cinayət törədənlərin sayında son on ildə azalma müşahidə olunur. Belə ki, on il əvvəl zorlama və zorlamaya cəhd edənlərin sayı 37 nəfərə idisə, 2014-ci ildə belə cinayətlər törədənlərin sayı 32 nəfər olub.
Psixoloq Elmir Əkbər ilginc və dəhşət doğuran faktlar açıqlayıb. Azvision.az-a açıqlamasında psixoloq bildirib ki, ölkəmizdə öz övladına təcavüz edən valideynlərin sayı dəqiq açıqlanmır. Onun sözlərinə görə, bu rəqəmlər açıqlansa, insanlar dəhşətə gələr.
“Uşaqlarına təcavüz edən kişilərin həyat yoldaşları dəfələrlə bizə bu barədə müraciət ediblər. Onlar şikayət edirlər ki, belə bir vəziyyət var, amma bilmirik kimə, necə dəyək, utanırıq. Kriminal psixilogiya şöbəsində işləyəndə müəyyən statistika aparırdıq. Hazırda da bu kimi halların statistikası tutulur. Qeyd edim ki, bu məlumatlar məxfi saxlanılır, cəmiyyətə açıqlanmır. Çünki bu məlumatlar cəmiyyətə açıqlansa, insanlar zorlanma hadisəsinin nə qədər yüksək olmasından dəhşətə gələrlər”.
E.Əkbər hesab edir ki, əsasən kənd və rayon yerlərində bu kimi hadisələr daha çox baş verir: “Çoxları düşünür ki, öz uşaqlarına təcavüz edənlər şəhər yerlərində çoxdur. Amma tam əksinədir. İnana bilməzsiniz ki, bu kimi hallar kənd yerlərində nə qədərdir. Kəndlərdə, rayonlarda bu həddindən çox yayılıb. Şəhərdən fərqli olaraq kəndlərdə bu şok effekti verir”.
Pixologiyada hələ ki, bu kimi cinsi pozuntuların müalicəsinin tapılmadığını deyən E.Əkbərin sözlərinə görə, sterilizasiya (axtalamaq) kimi variantlar da psixoloqlar tərəfindən rədd edilib: “Uzun illərdir dünya pedofilləri müalicə üsullarını atxarır. Əvvəl onları sterilizasiya (axtalamaq) təklif olunsa da etirazlara səbəb oldu. Psixoloqlar bildirdi ki, cinsi arientasiyası pozulmuş insanlara bu kimi cəza tətbiq olunsa onlar daha da aqressivləşər və insanları öldürə bilərlər. Odur ki, bu metodu da saxladılar”-deyə Elmir Əkbər bildirib.