Abşeron rayonunda azyaşlı oğlan uşağı yaşadığı evi tərk edərək küçədə gecələyib. 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi bildirilir. Uşağın ilkin ifadəsindən məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır.
Təəssüf ki, bəzən valideynlər övladlarına hədsiz təzyiqlər göstərərək öz istədiklərinə nail olacaqlarını düşünürlər. Xüsusilə də, azyaşlı uşağın şiddətə, zorakılığa məruz qalması onun yaddaşında qalaraq gələcəkdə müəyyən fəsadlara, travmalara səbəb ola bilər.
Məsələ ilə bağlı danışan gənc yazıçı Pərvin bildirir ki, son zamanlar bu cür hadisələrlə çox qarşılaşırıq.
Onun sözlərinə görə, səbəblər müxtəlifdir və onları müəyyənləşdirmək üçün ciddi araşdırmalar aparılmalıdır:
“Sosioloqlar, psixoloqlar birgə işləyib problemi üzə çıxarmalıdırlar. Yazıçı kimi yanaşanda düşünürəm ki, heç kəsi qınamaq olmaz, çünki hadisənin kökündə hansı problem durur bilmirik. Amma ana kimi qınayıram, əlbəttə. Çünki valideynlik serialların, hansısa xoşbəxt simalı adamlardan ibarət video-çarxların göstərdiyi əyləncəli duyğu deyil. Hər şeydən öncə məsuliyyətdir. Adətən deyirlər ki, valideynlərimizə borcluyuq, amma mən ana olandan sonra başa düşdüm ki, övlada olan borc, ona görə məsuliyyət daha mühümdür. Axı övlad bizdən xahiş etməyib ki, onu dünyaya gətirək… Dünyaya gətirmişiksə, bizə bağlıdır və bundan sonrakı bütün əməllərimiz, işlərimiz, həyatımız onun rahatlığına yönəli olmalıdır.
Bəzən bu cür düşüncələrlə də qarşılaşırıq ki, valideyn şəxsi həyatından imtina etməməlidir, doya-doya yaşamalıdır. Helə hesab edirəm ki, hansısa emosiyalardan, sevinclərdən imtina edib zombi kimi ancaq valideynliyi düşünüb övladının “fəhlə”sinə çevrilməməlisən. Ancaq bütün hallarda bir qızıl orta var. Bir də hər valideynə, xüsusən analara təbiətin verdiyi qoruma instinkti var ki, ona qulaq asmalısan. Heç kəs bədbəxt hadisədən sığortalı deyil, amma hər halda dünyaya gətirdiyin, sənə bağlı olan, canından qopmuş varlığı qorumaq borcundu”.
Pərvin xanım müxtəlif yaşlarda övladı izləməyi, xüsusi diqqətli olmağı da mühüm hesab edir:
“Hər yaşın öz çətinlikləri var. Həm də dünyanı sadəcə rənglər, yaxud səslərlə öyrənməyə başlayan bapbalaca canlı böyüdükcə, artıq qəliz vəziyyətlərə düşdükcə nəticələr çıxarmağa, hansısa reaksiyanı verməyə çalışır. Ona görə bu cür “küsüb getmələr” həm də yaşın “fəsadlarıdı”. Fikir verin, əksər uşaq böyüklərdən kobud münasibət, sərtlik görən kimi “ölərəm, onda bilərsiz”, “qaçacam evdən” deyirlər. İnsan böyüdükcə təmkinli olur, ona görə valideynlər bu məqamların hamısını nəzərə alıb həssas davranmalıdırlar.Bir də qəliz həyatın acığını uşaqdan çıxmağa dəyməz. Bu da ailələrdə yayılmış qəribə adətdi, ana qaynanaya verə bilmədiyi cavabın, ərinə göstərə bilmədiyi müqavimətin acığını uşaqdan çıxır. Ümumiyyətlə, hesab edirəm ki, övlad sahibi olandan sonra ona ziyan edə biləcək hər şeydən çəkinmək lazımdı. Zərərli vərdişlərdən tutmuş, xasiyyət qəlizliklərinə kimi, hər şeydən.
Xanım yazıçı uşaqlıq travmalarının heç zaman keçmədiyini, şəxsiyyətin formalaşmasına təsir göstərdiyini də diqqətə çatdırır:
“Dediyiniz hadisədə dəhşətli olan təkcə o uşağın küçədə gecələməsi deyil. Bu dəfəki faciə sovuşub, şükür ki, balaca sağ-salamatdı. Daha dəhşətli olan uşağın yaddaşıdı.
Şübhəsiz unutmayacaq o anlarını və bu onun üçün travma olaraq qalacaq. Ədəbiyyatın da, elmin də təsdiqlədiyi bir reallıq var ki, uşaqlıq travmaları heç zaman təsirsiz ötüşmür.
İnsan xislətində olan istənilən naqis cəhətin səbəbini uşaqlıqda tapırlar həmişə. Bəzən deyirlər uşaq vaxtından çətinlik görməlidi insan. Amma mən deyirəm ki, insan təbiət etibariylə xoşbəxt olmağa meyilli deyil, daha çox dərdləri, problemləri görəndi. Uşaqlar isə hamısı safdı, onlara bolluca xoşbəxtlik imkanı vermək və bunun üçün şərait yaratmaq lazımdı.
Bu isə biz valideynlərin birinci və ən vacib vəzifəsidir”.