Koranavirus vaksini

Vaxtı keçmiş vaksinlərin aqibəti necə olur?

Baxış sayı: 521

Son günlər ölkədə koronavirusa yoluxma sayı azalıb. Bununla belə, ekspertlər bu halın müvəqqəti olduğunu, yenidən artımın olacağını istisna etmirlər. Son günlər vaksinasiya ilə bağlı səslənən fikirlər də ajiotaj yaradıb. Belə ki, “Leyla Medical Center”ə vaksinasiya üçün gedən vətəndaşlara peyvəndin istifadə müddətinin bitdiyi deyilib. Bu barədə sosial şəbəkələrdə şikayət xarakterli məlumatlar paylaşılıb.

Qeyd edilir ki, digər klinikada tibb bacısına üçüncü doza vaxtı keçmiş “Pfizer” vaksini vurulub. Bəs vaxtı keçmiş vaksini vurdurmaq təhlükəli deyilmi? “Leyla Medical Center”dən bildirilib ki, “Pfizer” vaksininin istifadə müddəti noyabrın 9-da bitib, amma vaksinin vaxtını ÜST daha üç ay uzadıb. TƏBİB-dən də bildiriblər ki, ÜST, Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVİD-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.

Amma TƏBİB-in bu açıqlaması insanların narahatlığını azaltmayıb, əksinə, bununla bağlı bir çox suallar ortaya çıxıb. Hətta vaksinasiya aparılmasına rəğmən ölkəmizdə yoluxma sayının azalmamasını vaxtı keçmiş vaksinlərlə əlaqələndirənlər də var. “Vaksinasiyadan sonra yoluxma niyə azalmadı”, – deyə çoxlu suallar verilməkdərdir…

Yeri gəlmişkən, bir çox ölkələr istifadə müddəti keçmiş vaksinlərin tullanmasına çoxdan başlayıblar. Bir müddət əvvəl ABŞ-da xeyli vaksinin məhv edildiyi barədə xəbər verilmişdi. Yaxın günlərdə isə Ukrayna Səhiyyə Nazirliyi koronavirusa qarşı “AstraZeneca” vaksininin vaxtı keçmiş yarım milyon dozasını məhv edib, nazirliyin mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər oktyabrın sonunda COVİD-19-a qarşı 500 min doza dərman atıblar. Nazirlik əlavə edib ki, peyvəndin müddəti oktyabrın 31-də başa çatıb.

Bəs görəsən, Azərbaycanda vaxtı keçmiş vaksinlərin aqibəti necə olur?

Vüqar Cavadzadə: Kafe və restoranlarda qaydalara riayət edilmir (Gündəm)  ARB24 - YouTube

Həkimlər bildirirlər ki, əgər istehsalçı konkret tarix qoyursa, həmin vaksindən istifadə etmək tövsiyə olunmur, bunun tətbiqi də məqsədəuyğun deyil. İnfeksionist Vüqar Cavadzadə mövzu ilə bağlı bunları dedi: “İstehsal tarixi vaksinin hazırlanmasından asılı olaraq, tərkibindəki komponentlərin miqdarı, onların parçalanma müddəti var (5-6 ay), bunlar nəzərə alınaraq müddət qoyulur. Tutaq ki, 6 ay, 1 il vaxt qoyulur, saxlanma şəraitinə riayət olunması tələbi qoyulur. Amma əgər istehsalçı buna 6 ay müddət qoyubsa, istifadəsi tövsiyə olunmur”.

Həkim “vaksinlərin israf olunmaması üçün nə edilməlidir ” sualına isə belə cavab verdi: “Əhalinin yaş qrupları üzrə statistikası var. Necə ki, pensiya yaşına çatan vətəndaşların statistikası var, eləcə də vaksin olunanlarla bağlı belə bir say bəllidir. Ona uyğun da sifariş verilir, ölkədə nə qədər tələbat varsa, o qədər peyvənd gətirilir. Üstəgəl, ikinci doza da nəzərə alınmalıdır”.

Bir müddət əvvəl orta məktəblərdə və ali təhsil müəssisələrində vəziyyətin qənaətbəxş olmadığı bildirilirdi. Son günlər vəziyyət necədir? Universitetlərdə 3-cü doza vaksin olunanların sayı nə qədərdir?

Azərbaycan İlahiyyat İnstitutunun mətbuat katibi Aişən Aslanova  bildirir ki, hazırda institutda epidemioloji vəziyyət nəzarət altındadır: “Əldə etdiyim məlumata görə, hazırda institutun ilahiyyat fakültəsində heç bir qrup bağlanmayıb, koronavirusa yoluxma qeydə alınmayıb. Vaksinasiya olunanlara gəldikdə isə əməkdaşlarımızdan hazırda vaksin olunanlar var. Müəllim-tələbə heyətinin vaksin olunmasına gəlincə, beş ay keçmiş əməkdaşlarımız növbə ilə buster doza vaksinləri də vurdurublar”.

BDU-ya yeni sözçü təyin edildi | Report.az

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva da mövzu ilə bağlı  məlumat verdi: “BDU-da hazırda COVİD -19 virusuna görə distant tədrisə keçən qrupların sayı 10-dur. Bununla belə, əməkdaş və tələbələrin bütövlükdə vaksin olunması 98 faiz təşkil edir. Əlbəttə, yaşı çatmayanlar istisna olmaqla. Buster doza vurduranlar da var”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir